21 sentyabr 2018 23:46
3553

Murtuz Ələsgərov - yüzillik Parlamentimizin unudulmaz spikeri

Parlament tariximizdə özünəməxsus yeri olan dəyərli şəxsiyyət Murtuz Ələsgərovun dünyaya gəlişinin 90 illiyi müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100-cü ildönümünün qeyd olunduğu bu möhtəşəm tarixi günlər ərəfəsinə təsadüf edir. Əslində bütün təsadüflər mütləq zərurətin tərkib hissələridir və müəyyən günlər sadəcə bu hissələrin birləşdirici rolu kimi yaddaşlarda yuva salır.

Murtuz Ələsgərov çoxşaxəli, səmərəli fəaliyyəti və dövlət adamına xas olan möhkəm xarakter cizgiləri ilə Azərbaycanın dövlətçilik tarixində böyük xidmətləri olan ictimai-siyasi xadim və tanınmış alim idi.

Bəzi insanların haqqında yazmaq üçün şəxsən tanımağa ehtiyac olmur, Vətənə olan sonsuz sevgiləri və misilsiz xidmətləri onları xalqın hər yaş təbəqəsindən, hər statusdan olan nümayəndəsinə görünməz mənəvi bağlarla yaxınlaşdırır. Murtuz Ələsgərov də belə unudulmaz şəxsiyyətlərdən biri idi.

Murtuz Ələsgərov 1928-ci ilin 20 sentyabr tarixində Gəncədə dünyaya göz açıb. Bəlkə də atasını erkən itirdiyinə görə Murtuz Ələsgərovda əsl kişi xarakterinin əsasını təşkil edən vətənpərvərlik, güclü iradə, qaya sərtliyi, xalqına tükənməz sevgi hissləri hələ erkən gənclikdən formalaşaraq onun həyat qayəsinə çevrilmişdir.

Mərhum yubilyar ilk təhsilinə 1934-cü ildə Gəncədəki 28 saylı məktəbdə başlamışdır. Yeniyetməliyi İkinci Dünya müharibəsinin keşməkeşli illərinə təsadüf edən Murtuz Ələsgərov 1944-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə başa vuraraq, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunur. 1950-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən gənc məzun daha sonra SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirir və həmin dövrdə beynəlxalq hüquq sahəsində ilk elmlər namizədi kimi adı Azərbaycan tarixinə həkk olunur.

1954-cü ildən əmək fəaliyyətinə başlayan Murtuz Ələsgərov ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs demişdir. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru olmuşdur.

Murtuz Ələsgərovla bağlı düşüncələrini qələmə alan AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov 1960-1970-ci illərdə Murtuz Ələsgərovun həm respublikamızda, həm də onun hüdudlarından kənarda görkəmli hüquqşünas alim, fəal ictimai-siyasi xadim kimi tanındığını vurğulamışdır: “Ölkəmizin ictimai-siyasi həyatında, elm aləmində onun böyük nüfuzu və özünəməxsus dəst-xətti vardı. Yaşlı və orta nəsil hələ 1950-1960-cı illərdə Murtuz Ələsgərovun Azərbaycan televiziyasının beynəlxalq məsələlər üzrə şərhçisi kimi fəaliyyətini, “Qitələr və hadisələr”, “Planetimizin mənzərəsi” proqramlarının yaradıcısı və aparıcısı kimi tanıyır, onun dünya hadisələrinə dair maraqlı, elmi təhlillə zəngin verilişlərini yaxşı xatırlayır. Mən özüm də Murtuz müəllimi ilk dəfə televiziya verilişlərindən tanımışam. Onun beynəlxalq icmalları bizi dünyada baş verən hadisələrlə yaxından tanış etməklə bərabər, həm də onun yüksək alim hazırlığı və şərhçi səriştəsi haqqında dolğun təsəvvür yaradırdı.

1957-1965-ci illərdə, o, universitetin Beynəlxalq Hüquq kafedrasına rəhbərlik etməklə yanaşı, bu sahə üzrə tələbələrə mühazirələr oxumuş, elmi tədqiqat işlərini davam etdirmişdir.

Murtuz Ələsgərov 1968-ci ildə Azərbaycan Dövlət Universitetində “Asiya və Afrika gənc müstəqil dövlətləri ilə SSRİ-nin beynəlxalq hüquqi münasibətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. Bir çox ilklərə imza atan Murtuz müəllim bu məqamda da tarixə düşürdü. O, ölkəmizdə bu şərəfli ada layiq görülən ilk azərbaycanlı alim olmuşdur. 1969-cu ildə ona Beynəlxalq hüquq ixtisası üzrə professor elmi adı verilmişdir.

Murtuz müəllim 1970-ci ildən Azərbaycan Respublikası prokurorluğunun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin elmi məsləhət şuralarının üzvü olmuşdur.

1960-cı ildən Beynəlxalq Hüquq Assosiasiyasının üzvü olan Murtuz Ələsgərov, 1961-ci ildə Fransada-Beynəlxalq konfransda “Azərbaycanda hüquq elminin nailiyyətləri”, 1976-cı ildə ABŞ-da ətraf mühitin hüquq mühafizəsinə dair Beynəlxalq konfransda “Azərbaycan Respublikasında ətraf mühitin qorunması qanunları”, 1978-ci ildə Böyük Britaniyada “İnsan hüquqları və azadlıqlarının beynəlxalq hüquqda tanınması”na dair elmi simpoziumda, 1984-cü ildə Yaponiyada vətəndaşlıq problemlərinə dair Beynəlxalq elmi konfransda “Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiya hüquqları” mövzularında etdiyi dərin məzmunlu məruzələri ilə Beynəlxalq hüquq sahəsində dünyada tanınmış alimlərdən biri olduğunu sübut etmişdi”.

Murtuz Ələsgərov həm də ustad pedaqoq idi. Onun uzun onillikləri əhatə edən müəllimlik təcrübəsi dövründə neçə- neçə hüquqşünas nəsli yetişərək təkcə Azərbaycanın hüquqi sferasında deyil, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyətə başlamış və uğurlar qazanmışdır.

Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktının və bir sıra digər qanun layihələrinin müəlliflərindən olan görkəmli alim həm də müxtəlif illərdə coxsaylı elmi məqalələri, əvəzsiz monoqrafiyaları, dərslikləri ilə Azərbaycan elminə də misilsiz töhfələr bəxş etmişdir.

Böyük vətənpərvər Murtuz Ələsgərov yenicə müstəqiliyini bərpa edən Azərbaycanın ağır günlərində öz qətiyyətli mövqeyini ortaya qoymaqdan çəkinməyən məşhur “91”lərdən və ulu öndər Heydər Əliyevin yaxın silahdaşlarından idi. Bununla bağlı tanınmış yazıçı Hüseynbala Mirələmov və Viktor Andriyanovun həmmüəllifi olduqları “Heydər Əliyev” kitabında Murtuz Ələsgərov haqqında qeyd edilən fikirlər onun fəaliyyəti və şəxsiyyəti haqqında formalaşan portreti zənginləşdirən nüanslardandır: “...Oktyabrın 25-də muxtar respublikanın Ali Məclisinin fövqəladə sessiyası işinə başladı. Deputatlar Xalq Cəbhəsinin silahlı qüvvələrinin üç gün ərzində tərk-silah olunması barədə qərar qəbul etdilər. Elə həmin gün “Naxçıvan” qəzetində Murtuz Ələsgərovun kəskin bir məqaləsi dərc olundu. O, Azərbaycan daxili işlər nazirini tənqid etmişdi. Hüquqşünas alim qeyd edirdi ki, Naxçıvandakı hadisələr əsl terrorizmdir. Əks tərəfin cavabı özünü çox gözlətmədi. Bu hadisə Bakıda iş gününün sonuna yaxın baş verdi. Ələsgərov ADU-nun hüquq fakültəsindəki işlərini yekunlaşdırıb köhnə “Moskviç”inə yaxınlaşdı. O, sonralar bu hadisələri xatırlayarkən qeyd edirdi ki, iki nəfər naməlum oğlan kafedranın qarşısında vurnuxaraq onun nə vaxt işdən çıxacağı ilə maraqlanırmış.

- Mən onları görməmişdim. Evimə gəlib maşını saxladım, mağazadan çörək alıb yuxarı qalxmaq istəyirdim ki, üstümə düşdülər. Əvvəlcə elə bildim ki, yeniyetmələrdir, xuliqanlıq edirlər, ya da zarafatlaşırlar. Amma sonra gördüm ki, hücum edənlərin əlində bıçaq var. Onlardan biri mənim üzümdən bir neçə zərbə endirdi, digəri isə linglə ayağıma vurdu və mən yerə yıxıldım. Yaralarımdan qan axırdı. Qonşulardan biri milis çağırdı, biri ailəmə xəbər verdi. Həkim çağırıb məni xəstəxanaya apardılar. Murtuz müəllim xəstəxanada altı ay yatmalı oldu.

Hücum barədə eşidən kimi Heydər Əliyev Naxçıvandan zəng vurdu:

-Murtuz müəllim, təəssüf edirəm ki, mənə görə təzyiqə məruz qaldınız.

-Heydər Əliyevi müdafiə edərkən xəsarət almaq şərəfdir, -deyə Murtuz Ələsgərov cavab verdi...”

1996-cı il oktyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilən Murtuz Ələsgərov öz işgüzarlığı və prinsipiallığı ilə ümummilli lider Heydər Əliyevin etimadının doğrulmaq istiqamətində bütün səylərini səfərbər edərək çalışmışdır. Murtuz Ələsgərovun bu mötəbər kürsüdə 1996-2005-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur. Murtuz Ələsgərov Milli Məclisin həm deputatı , həm də sədri olarkən Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində bərqərar olması və 1918-ci ildə əsası qoyulan Azərbaycan Parlamenti ənənələrinin daha da möhkəmlənməsi istiqamətində misilsiz fəaliyyət göstərmişdir. 2012-ci ildə dünyasını dəyişən görkəmli şəxsiyyətlə bizi yalnız onun fiziki yoxluğu ayırır. Murtuz Ələsgərovun əziz xatirəsi onu sevən Azərbaycan xalqının qəlbində, adı və imzası isə müəllifi olduğu dərsliklərdə, monoqrafiyalarda, qanun layihələrində, ən başlıcası isə bu günlərdə 100 illiyini qeyd edən Parlamentimiz var olduqca Milli Məclis tarixinin şanlı səhifələrində daim silinməz izlərlə yaşamağa davam edəcəkdir...

Sevinc Abdullayeva, “İki sahil”