22 sentyabr 2018 01:45
2440

İlham Əliyev: Azərbaycan öz milli maraqlarını tam təmin edir

Dövlətimizin başçısı Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda bir daha bildirmişdir ki, bu gün ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılması mümkün deyil

Cümhuriyyət tariximizin öyrənilməsi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əsas çağırışlarından olub. Bu tarixin sistemli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında», «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında» və «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında» sərəncamları mühüm rol oynayıb. Həmin sənədlər Cümhuriyyət dövrü tarixinə həsr olunmuş ciddi elmi-tədqiqat işləri aparılmasına, əsərlərin yazılmasına stimul olmuşdur. Son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə davam etdirən dövlətimizin başçısı İlham Əliyevin milli dövlətçilik tariximizə diqqət və qayğısı atdığı davamlı addımları ilə öz təsdiqini tapır. Ümumilikdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı, həmçinin 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan olunması barədə sərəncamlar xalqımızda, xüsusilə gənclərimizdə müstəqil dövlətçilik və vətənpərvərlik hisslərinin artırılmasında mühüm rol oynayır. Qeyd olunan sənədlər, eyni zamanda, 100 illik yolun təhlilində bir mənbədir.

Qısaca olsa da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına nəzər salaq. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edilmişdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmişdi. Belə ki, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilmiş, ölkənin sərhədləri müəyyənləşdirilmiş, bayrağı, himni və gerbi yaradılmış, ana dili dövlət dili elan edilmiş, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilmişdi.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırmışdı. Cümhuriyyət Parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan vermişdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə bir daha Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülən işlərdən, bu günümüz üçün yaradılan bazadan geniş bəhs edərək, Şərqdə ilk demokratik respubilka olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi dəyərləndirdi. Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini bildirən Prezident İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı.

Çıxışında bir daha müstəqilliyimizin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, ölkəmiz həmin dövrdə çətin sınaqlarla üz-üzə qalmışdır.

1991-1993-cü illər Azərbaycan tarixində xaos, anarxiya, iqtisadi böhran illəri kimi xarakterizə olunur. O illərdə yaşananlar Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə çətin məqamda xalq üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət qaydışı ölkədə önəmli addımların atılmasını, Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün əsas yaradan uğurlu inkişaf strategiyasının hazırlanmasını şərtləndirdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. İqtisadi imkanların genişləndirilməsi üçün zəruri olan bütün addımlar atıldı. Ən əsası 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində atəşkəs sazişinin imzalanması növbəti mərəhələlərdə uğurlu addımların atılmasına zəmin yaratdı. Məhz həmin ilin sentyabarında tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının, davamlı iqtisadi inkişafının əsası qoyuldu.

İqtisadi müstəqillik fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmləndi. Ümummilli lider Heydər Əliyev bütün səylərini Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasına yönəltdi. Xarici ölkələrə bütün səfərlərində Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı, erməni yalanları ifşa olundu.

Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan iclasda 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın bu günü üçün möhkəm təməlin yarandığını diqqətə çatdırdı. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihəninin reallaşdırılması mümkün deyil. Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Dünya İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətlilik hesabatına görə Azərbaycan dünya miqyasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdə qərarlaşıb. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin önəmini vurğulayan, ölkəmizin dünyadakı təhlükəsizliyə mühüm töhfə verdiyini, Azərbaycanın multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bundan sonra da ölkəmizin inkişafı ilə bağlı tədbirlər görüləcək.
 Ötən dövrdə Azərbaycanın uğurlarından bəhs edərkən, bu gün beynəlxalq arenada güclənən mövqeyi, böyük nüfuza malik olan ölkə olduğu xüsusi vurğulanır. Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı getdikcə artır. Ölkəmiz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki il sədrlik edib. Gələn il BMT-dən sonra ikinci böyük təşkilata – Qoşulmama Hərəkatına sədrlik edəcək. Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür, bəzi qurumlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Dünya birliyində ölkəmizin yeri və rolu böyükdür. Bir sözlə, bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın yeri çox möhkəmdir. Təbii ki, bu uğurlarımızda Azərbaycanın müstəqil siyasəti əsas rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz milli maraqlarını tam təmin edir. Atdığı hər addımında dövlət maraqlarını öndə saxlayan rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinin əsaslılığını önə çəkir, bütün münaqişəli məsələlərin məhz bu prinsiplər əsasında həllinin vacibliyini bəyan edir. Beynəlxalq dəstək, Azərbaycanın artan nüfuzu yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də əsas amillərdəndir. Son illər ərzində görülən işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirmişdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi təbii ki, bu hüquqi bazanın əsasını təşkil edir. Həmçinin 2003-cü ildən bu günə qədər digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM, ECO və digər təşkilatlar da vardır.

Dağlıq Qarabağ münaqişənin həlli üçün iqtisadi zəmin də yaranıb. Belə ki, iqtisadi imkanların artması güclü ordunun formalaşdırılmasını şərtləndirir. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın işğal altında olan torpaqlarını azd etmək gücündə və qüdrətində olan Ordusu vardır. Beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır. Görülən kompleks tədbirlər nəticəsində Azərbaycan münaqişə ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edib. Məhz bunun nəticəsidir ki, nə qədər dünya erməniliyi çalışsa da, heç bir dövlət Dağlıq Qarabağdakı qanunsuz rejimi tanımayıb.

Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən geniş bəhs edən dövlətimizin başçısı bu məqamı da vurğuladı ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. “Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir” söyləyən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.

 “Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var” bildirən cənab İlham Əliyev Milli Məclisin müstəqilliyimizi möhkəmləndirdiyini, ölkəmizin inkişafına öz töhfəsini verdiyini qeyd etdi. Vuğuladı ki, burada qəbul olunan qanunlar həyatımızın bütün sahələrini əhatə edir, qanunvericilik bazası ən yüksək meyarlara cavab verir. Parlament çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayıb və milli maraqlar məsələsində deputatlarımız bir nöqtəyə vurur, vətənpərvərlik göstərərək dövlətin maraqlarını beynəlxalq səviyyədə müdafiə edirlər. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində də fəal iş apardığını, Azərbaycan reallıqlarını dünyaya çatdırdığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, onların fəaliyyətinin əsas istiqamətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması təşkil edir və bu işdə son illərdə bir sıra uğurlara nail olunub.

Ümumiləşdirmə aparsaq, artıq müstəqilliyimizin yenidən bərpa olunmasından bizləri 27 illik zaman ayırır. 27 il Azərbaycan tarixinə biri-birindən önəmli uğurlar yazıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1993-2003-cü illərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət bugünkü Azərbaycanın möhtəşəm uğurlarına yol açıb. Ümummilli lider Heydər Əliyev Azərbaycanın çətin günlərdən şərəflə çıxaraq dünya brliyində layiqli yer tutacağını böyük inam və qətiyətlə bildirmişdir. Bu gün bu kursun layiqli davamçısı Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, təkmil islahatları ilə Azərbaycanın imzasını dünyada təsdiqlədir, əsl söz sahib olduğunu bəyan edir. İqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır. Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurlara söykənərək cənab İlham Əliyevin 2011-ci ildə təsdiqlədiyi «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası, həmçinin 12 istiqaməti özündə ehtiva edən, davamlı inkişafa yönələn Strateji yol xəritələri ölkəmizin qarşıdakı illər üçün hədəflərinin gerçəkləşməsində stimulverici amilə çevrilib. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz keçilən yolumuzun zənginliyinə, təcrübəmizin çoxşaxəliliyinə, islahatlarımızın təkmilliyinə əsaslanır. 100 illik yola yalnız bir gün deyil, daim nəzər salıb bu rellıqla fəxr etməliyik ki, Azərbaycan xalqı aciz deyil, qəhrəmanlıqla dolu keçmişi vardır. Bu keçmişi öyrənmək, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.

Yeganə Əliyeva, “İki sahil”