24 sentyabr 2018 17:43
1386

Bakıda avtomobil qaçıran şəxslər saxlanılıblar

Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsindən Bakı şəhər sakini X.Abdullayevanın “Opel” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nizami rayon Polis idarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Əhməd Zeynallı olduğu müəyyən edilib. Həmin şəxsin paytaxtın Nəsimi rayonu ərazisində 2 avtomobildən akkumulyator və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən qəsəbə sakini Ş.Mehralıyevin “Volkswagen” markalı avtomobilinin qaçırılması barədə rayon polis idarəsinə məlumat daxil olub. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Faiq Möhübov avtomobillə birgə Biləcəri qəsəbəsi ərazisində saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.