24 sentyabr 2018 22:17
2348

İxracımız idxaldan 5 milyard dollar artıqdır

Müxtəlif iqtisadi amillər ixracın idxalı üstələməsində vacib rol oynayır

“Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı təqribən ən azı 5 milyard dollar səviyyəsində üstələyir”. Bunu Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Ölkə başçısı bildirib ki, Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır, insanların sosial rifahı, onların yaxşı yaşaması üçün bütün işlər görülür: “Bizim kifayət qədər böyük imkanlarımız var, həm iqtisadi imkanlarımız, həm də maliyyə resurslarımız. Bu il biz öz valyuta ehtiyatlarımızı əhəmiyyətli dərəcədə artıracağıq. Səkkiz ayın yekunları da çox müsbətdir. Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı təqribən ən azı 5 milyard dollar səviyyəsində üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək ...”.

Ümumilikdə, ixracda bu üstünlüyün əldə edilməsinin əsasında bir sıra faktorlar dayanır. Başlıca amil həyata keçirilən iqtisadi islahatlarla bağlıdır. Bunun nəticəsidir ki, ixrac məhsullarının bəzi sahələri üzrə güclü artımlar qeydə alınıb. Məsələ ondadır ki, Azərbaycan məhsullarının ixrac həcmi artdıqca, onun satış bazarları da sürətlə genişlənməkdədir. Belə ki, əvvəllər ənənəvi bazarlar sayılan Türkiyə və Rusiya kimi ölkələrə ixracımız artmaqla yanaşı, Çin, Mərkəzi Asiya ölkələri, eləcə də Avropa ölkələrinə də məhsul ixracı genişlənməkdədir. Azərbaycanda yeni yaradılan 43 aqroparkın xaricə kənd təsərrüfatı məhsullarının, Sumqayıtda yaradılan yeni sənaye müəssisələrinin isə kimya məhsulları ixracının dəfələrlə artmasına səbəb olacağı proqnozlaşdırılır. Bu isə ölkəmizə daha böyük həcmdə xarici valyuta axınını təmin edəcək.

Ekspertlər də cari ilin 8 ayının yekunlarına görə ixracın idxaldan 5 milyard dollar çox olmasını yüksək dəyərləndirirlər. Belə ki, Azərbaycanın ixracat imkanları get-gedə artır. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı da buna öz müsbət təsirini göstərir. Dünya bazarında bir sıra məhsulların qiymətinin artması bizim ixrac gəlirlərimizə müsbət təsir göstərir. Azərbaycanda son illər bir sıra kənd təsərrüfatı məhsullarının ixracı artıb. Belə ki, bir sıra ölkələrə müxtəlif adda kənd təsərrüfatı məhsulları ixrac olunur. Son illər bu sahədə nəzərəçarpacaq dərəcədə irəliləyişlər müşahidə olunur. Əlbəttə, bütün bunlar Azərbaycanın ümumi ixracına müsbət təsir göstərir.

Turizmin inkişafı da ölkədə ixracın artmasına öz müsbət təsirini göstərir. Xarici ölkələrdən gələn sərmayələr ölkə bazarının genişlənməsinə təsir edir. Müxtəlif iqtisadi amillər ixracın idxalı üstələməsində rol oynayır. Hökumət bu istiqamətdə səylərini daha da artırır. Rəqabət qabiliyyətli məhsul istehsalına üstünlük verilir. İdxal minimum səviyyəyə endirilib. Xüsusən də bir sıra zəruri məhsullara olan tələbat tam daxili istehsal hesabına təmin edilir. Ölkəmizdə emal sənayesi yüksək inkişaf mərhələsinə qədəm qoyub. Məsələn, bir sıra kənd təsərrüfatı məhsullarının emal olunaraq ixrac olunması prosesi həyata keçirilir. Bu zaman daha çox gəlir əldə edilir. Son illər bu istiqamətdə mühüm işlər görülüb. Qarşıdakı illərdə qeyri-neft məhsullarının ixracı iqtisadiyyatda mühüm çəkiyə malik olacaq.

Cavid Əkbərov, “İki sahil”