24 sentyabr 2018 22:19
2625

Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin reallaşdırılması mümkün deyil

Ulu öndər Heydər Əliyevin bir neçə onilliklərə, hətta yüzilliklərə hesablanan iqtisadi inkişaf strategiyasını Prezident İlham Əliyevin müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur.

Bu gün Azərbaycan mühüm  regional və qlobal xarakterli layihələrin təşəbbüskarı və icracısı olmaqla nəinki regionda, bütün Avrasiya məkanında yeni əməkdaşlıq platforması yaradıb. Hazırda Azərbaycanın təşəbbüsü və siyasi iradəsi ilə reallaşdırılan irimiqyaslı layihələr regionun  təhlükəsizliyinə, iqtisadi inkişafına böyük töhfələr verir, xalqlar arasındakı dostluğu daha da möhkəmləndirir.

Prezident İlham Əliyev 2018-ci il sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasdakı nitqində ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin önəmini vurğulayaraq bütün bunlarla respublikamızın qlobal təhlükəsizliyə mühüm töhfə verdiyini bildirib. Ölkə başçısı deyib ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılması mümkün deyil.

Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilən Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, qlobal enerji bazarında ciddi rol oynayan ölkə kimi əhəmiyyətli mövqeyini möhkəmləndirməkdədir. Azərbaycanın qətiyyəti və əzmi ilə reallaşdırılan nəhəng enerji layihələri Avropanın enerji təhlükəsizliyinin və mənbələrinin şaxələndirilmsəsində mühüm rol oynadığı kimi, Türkiyənin enerji təhlükəsizliyi siyasətində “enerji ticarətində mərkəz ölkə olma” hədəfinə də ciddi təsir edəcək. Hazırda “Cənub Qaz Dəhlizi”nin seqmentlərindən olan TANAP bu strategiyanın uğur qazanmasına yönəldilən mühüm layihə kimi qiymətləndirilir.

“Cənub Qaz Dəhlizi”nin seqmentlərindən daha biri olan TAP Avropaya yeni mənbədən təbii qazı çatdıracaq, bir mənbədən asılılığı azaltmaqla qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. TAP-la Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql olunacaq. Bununla da Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılan qaz həcmləri Aralıq dənizi sahillərinə çatacaq. Bu həcm qitənin tələbatını əhəmiyyətli dərəcədə ödəyəcək.

Ötən il istifadəyə verilən, XXI əsrin unikal layihələrindən olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil,  bütövlükdə Avrasiya məkanında onlarla ölkə arasında körpü rolunu oynayacaqdır. Qədim İpək Yolunu polad magistrallarda daha da möhkəmləndirən bu nəhəng layihə Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Bakı-Tbilisi-Ceyhan neft boru xəttindən sonra Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən ikinci böyük layihədir. Bu nəhəng layihə region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya prosesinin sürətlənməsinə, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. BTQ qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat əlaqəsini təmin edəcək.

BTQ iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Əsas iştirakçıları Azərbaycan, Türkiyə və Gürcüstan olan BTQ Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənir. Bu layihə Şərqdən Qərbə yük və sərnişin daşımaları imkanlarını daha da artırır, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. 

Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini dəfələrlə artıracaq. Avropa ilə Asiyanın qovuşağında, möhtəşəm İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Ölkəmizin başçısı cənab İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri daim yüksək qiymətləndirərək bildirir ki, belə infrastrukturların qurulması Böyük İpəkyolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir.

Prezident İlham Əliyevin bildirdiyi kimi, Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. “Şimal-Cənub” nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir.

Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək, dəhlizlərin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaradacaq. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq, Asiya ölkələri ilə Avropa arasında yüklərin çatdırılma vaxtı əhəmiyyətli dərəcədə qısalacaq.

Rusiyalı ekspert, Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov bildirir ki, “Şimal-Cənub” ölkələrarası əlaqələrin inkişafına da yeni təkan verəcək: “Şimal-Cənub” layihəsi hazırda ən vacib birgə layihədir. Bu layihədə Azərbaycan çox böyük rol oynayır. Bunlar həm də onu göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və uzunmüddətli planlara əsaslanır. Bu cür uzunmüddətli layihələr onların iştirakçılarını öz daxili və xarici siyasətlərini əlaqələndirməyə, maksimum səmərəli əməkdaşlığa və gələcəyi birgə qurmağa sövq edir. Bununla əlaqədar deyə bilərəm ki, indiki mərhələdə ölkələrimizin aşkar yaxınlaşması çox cəhətdən məhz bu meqalayihə üzərində işlə bağlıdır. Həmin meqalayihə Rusiya üçün geosiyasi baxımdan-siyasi və iqtisadi təsir vektorlarının şaxələndirilməsi vasitəsi kimi, Azərbaycan üçün isə iqtisadi baxımdan - öz mallarının yeni bazarlara, ilk növbədə, Avropa bazarlarına çıxarılması yolu kimi, habelə respublikanın regionda ən mühüm qovşağa çevrilməsinə kömək edən amil kimi əhəmiyyətlidir. Beləliklə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin tədricən, lakin düzgün istiqamətdə möhkəmlənməsini, ölkələrimizin müştərək gündəliyinin formalaşmasını və qarşılıqlı maraqlar nəzərə alınmaqla əlaqələndirilməsini müşahidə edirik”.

   Azərbaycanın siyasi iradəsi ilə reallaşdırılan regionda və bütün Avrasiya məkanında dostluğun və əməkdaşlığın ünvanı belə unikal enerji və nəqliyyat layihələri işğalçı Ermənistanın izolyasiyasını daha da  gücləndirir. Azərbaycan ərazilərini işğal etmiş təcavüzkar ölkə çox mühüm layihələrdən kənarda qalmaqla onsuz da acınacaqlı olan iqtisadi vəziyyətini daha da çətinləşdirir. Artıq işğalçı ölkənin rəsmiləri bunu etiraf edirlər. İşğalçı ölkənin İrandan magistral, eləcə də  dəmir yol xətti çəkmək niyyətində olduğunu, ancaq buna maddi imkanlarının çatmadığını bildirən Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan indi açıq etiraf edir ki, İrəvanın İrana dəmir yolu xətti çəkmək üçün kifayət qədər vəsaiti yoxdur. Türkiyə və Azərbaycanla normal siyasi və iqtisadi əlaqələrin olmaması səbəbindən Ermənistan nəqliyyat baxımından təcrid olunmuş ölkədir.

   Qətiyyətlə demək olar ki, hazırda respublikamızın təşəbbüsü və fəal iştirakı ilə  reallaşdırılan bu layihələrlə Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Bu nəhəng layihələrin uğurla reallaşdırılması ilə əlverişli coğrafi mövqeyə və zəngin enerji ehtiyatına malik Azərbaycan beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilməklə yanaşı, beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirəcək, ölkəmizin iqtisadi tərəqqisi daha da sürətlənəcəkdir. Regionun iqtisadi inkişafına,  böyük töhfələr verəcək bu layihələr xalqlar arasındakı bağları gücləndirəcək, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər  yaradacaq.

Zahid Rza, “İki sahil”