24 sentyabr 2018 22:28
2540

Biz özümüzü mümkün olan risklərdən uğurlu xarici siyasətimizlə qoruyuruq

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən  təntənəli iclasda bir daha bildirmişdir ki, təkcə dünyada təhlükəsizliyə yox, təhlükəsizliyi şərtləndirən insanlararası, dinlərarası dialoqa da  böyük töhfə veririk.

Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə,  müxtəlif  sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın Mədəniyyətlərarası Dialoq forumlarına, eyni zamanda, dini sammitlərə   ev sahibliyi etməsi təsadüfi deyil. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik, dini tolerantlıq, multikulturalizm  Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan  bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir.

Bu günlərdə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə  keçirilən təntənəli iclasda dövlətimizin başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd edib: “Biz özümüzü mümkün olan risklərdən isə öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. İlk növbədə, bu siyasət bizə lazımdır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Eyni zamanda, bu siyasət dünyaya lazımdır. Çünki bu gün dinlərarası məsələlər getdikcə narahatlıq doğurur. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya - bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk. Bakıda keçirilən bir çox beynəlxalq tədbirlər ən böyük beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.”

Azərbaycanın ev sahibliyi etdiyi humanitar forumlarda, dini sammitlərdə  “Multikulturalizm Azərbaycanda həyat tərzidir” çağırışı ilə   diqqəti bəşəri dəyərlərdən qaynaqlanan, siyasi sabitlik, tolerantlıq üçün başlıca amil olan  multikulturalizmi şərtləndirən prinsiplərə yönəldən dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi,  bu termin nisbətən yeni olsa da  əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir: “Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır.  Əlbəttə ki, bu, bizi çox sevindirir və bu, bizim məqsədimiz idi. Əlbəttə, mən bunu dəfələrlə demişəm və son on il ərzində bu siyasəti aparmışam ki, ilk növbədə, bizim bütün səylərimiz daxildə gedən proseslərin müsbət istiqamətdə davam etməsinə yönəlsin və biz bu istiqamətdə çox böyük uğurlara nail olduq.”

Qeyd etdiyimiz kimi, bu günümüzün əsas reallıqlarından biri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla   davam etdirilməsi nəticəsində Azərbaycanın  multikulturalizm mərkəzinə çevrilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  2016-cı ilin “Multikulturalizm İli” elan olunması,  eyni zamanda Azərbaycanda Multikulturalizm Mərkəzinin yaradılması ölkəmizin multikultural dəyərlərin inkişafına töhfələrinin davamlılığından xəbər verir.

Azərbaycanın bu mövqeyi beynəlxalq səviyyədə də təqdir edilir.  Məlumdur ki, 27-30 sentyabr tarixlərində  ölkəmizdə ilk dəfə olaraq  Nəsimi-şeir, sənət və mənəviyyat  Festivalı keçiriləcək.  Festival Heydər Əliyev Fondunun təşkilatçılığı,  Mədəniyyət Nazirliyinin dəstəyi ilə  reallaşacaq. Tədbirin proqramı maraqlı layihələrlə  zəngindir ki, bunların arasında  alman alimi, Nəsimişünas Mixael  Hessin çıxışı xüsusi qeyd olunur. Trend-ə istinadən alman alimin müsahibəsində Azərbaycanla bağlı bu fikirlərini qeyd etmək istərdik. Azərbaycanı dinlərin, mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yer kimi dəyərləndirən M.Hessin “Elmi fəaliyyətlə yanaşı, Siz, həmçinin Azərbaycan haqqında  həqiqətlərin, 20 yanvar faciəsi və Qarabağın erməni separatçıları tərəfindən işğalı barədə faktların çatdırılması üzrə aktiv ictimai fəaliyyət göstərən şəxs kimi tanınırsınız. Bu sahədə fəaliyyətə sizi nə vadar edir” sualına cavabı da diqqətçəkəndir: “Düşünürəm ki, dəqiq və qərəzsiz tarixi faktlar olmadan  sülh v? qarşılıqlı anlaşma dünyanın heç bir yerind? mümkün deyil. Məsələn,  Almaniyanın 1939-1945-ci illərdə Rusiya, Fransa v? digər ölkələrdə törətdiyi dəhşəti necə inkar  etmək olar?  Əgər Almaniya, 1945-ci ildən sonra Fransaya qarşı işl?tdiyi cinayətləri qəbul etməsəydi,  bu ölkə ilə münasibətlər qura bilməzdi. Keçmişd? törədilən bütün cinayətləri, dəhşətləri olduğu kimi göstərmək lazımdır. Dağlıq Qarabağ ilə əlaqədar olan kitabımı yazmağımızın bir səbəbi, Avropada, daha dəqiq desək, Almaniyada Dağlıq Qarabağ münaqişəsi barədə çox az məlumatın  mövcudluğu və məlumatların birtərəfli, yəni Azərbaycan əleyhinə olması idi.  Avropalılar Azərbaycanın haqq səsini eşitməli, ərazisinin 20 faizinin işğalda olması ilə bağlı müfəssəl məlumatlara malik olmalıdırlar. O cümlədən, Xocalıda ermənilərin törətdikləri dəhşətlər hamıya məlum olmalıdır.

Bu fikirləri qeyd etməyimiz səbəbsiz deyil. Azərbaycanın beynəlxalq münasibətlər siçtemində yeri və roluna işıq salan, ən əsası   araşdırmaların, faktların  məhsulu olan bu fikirlər hələ də ikili siyasətləri ilə münaqişələrin həlli prosesinin uzanmasına səbəb olan dövlətlərə, təşkilatlara çağırışdır. Ədalətə ədalət gözü ilə yanaşaq ki, hadisələri düzgün dəyərləndirməyi,  müasir dünyada baş verən hadisələrə hər bir dövlətin yaşamasını, həllinə verdiyi töhfələri düzgün dəyərləndirməyi bacaraq.

Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlığa verilən önəm göz önundədir. Cari ilin ötən dövründə cənab İlham Əliyevin xarici ölkələrə səfərlərinin, eyni zamanda, digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin miqyasına diqqət yetirsək bu amil özünü qabarıq şəkildə büruzə verir.  Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdə, həmçinin dövlətimizin başçısı İlham Əliyevin Belçika səfəri zamanı ölkəmizlə Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində də Azərbaycanın multikultural dəyərlərin inkişafına töhfələri təqdir olunaraq, yerləşdiyi coğrafi məkanın dövlətlər, xalqlar arasında körpü rolunun möhkəmlənməsində əsas amil olduğu xüsusi qeyd edilmişdir.

Multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin,  vətəndaşın  fəaliyyətinin tərkib hissəsi olmalıdır. “Multikulturalizmin gələcəyi yoxdur”  yanaşması ilə yaşayanlara dünyada multikulturalizmin bir çox ünvanları olduğunu, ən əsası Azərbaycan təcrübəsini çatdırmaq gərəkdir.  Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması dövrün tələbidir.   Sivilizasiya bu istiqamətdə inkişaf edir, ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə birgəyaşayış qaydalarının əsas prinsipləri üzrə formalaşır.

Yuxarıda qeyd etdiyimiz araşdırmaya uyğun olaraq  bir məqamı da xüsusi qeyd etməliyik ki,  müasir dünyada baş verən müharibələrin motivlərinə nəzər salsaq, etnik-dini anlaşmazlıqların bir çox hallarda katalizator rolunu oynadığını görərik. Etnik təmizləmə siyasəti nəticəsində bu gün dünyanın onlarla  ölkəsində milyonlarla  insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Belə bir şəraitdə dünyanın gələcəyinin mədəniyyətlərarası münasibətlərdən asılı olması tam ciddiliyi ilə meydana çıxır. Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model hesab olunur. Məhz buna görə  Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı, multikulturalizmi universal model kimi təqdim edirlər.

Dövlətimizin başçısı İlham Əliyev  daim çıxışlarında dünyanın ikili siyasətindən  və onun yaratdığı problemlərdən bəhs edir,  diqqəti Xocalı  soyqırımına,  Dağlıq Qarabağ müharibəsi zamanı  həlak olan dinc əhalinin sayına, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi  terror hadisələrinə yönəltməklə  erməni faşizminin bu gün də davam etməsinə göz yuman  Qərb, Avropa dövlətlərinin, beynəlxalq təşkilatların    müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmasının beynəlxalq hüququn norma və prinsiplərinə  zidd olduğunu   bildirir. “Ermənistanda islamofobiya  pik həddinə çatıb. Ermənistan çox çalışır ki,  müxtəlif müsəlman ölkələri ilə  əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan  müsəlman ölkələrinin dostu ola bilməz” söyləyən cənab İlham Əliyev erməni faşistlərinin  Azərbaycanın dinc vətəndaşlarına qarşı  törətdikləri terrorları vəhşilik adlandırır.  O da vurğulanır ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən  qəbul olunmuş qərar və qətnamələrə məhəl qoymayan Ermənistan dünya dövlətlərinin ona göstərilən   maddi və mənəvi dəstəyindən ərköyünləşir, daha böyük iddialarla yaşayır.  Azərbaycan Parlamentinin  100 illiyi münasibətilə təntənəli iclasda da  Dağlıq Qarabağ kimi problemlə üzləşən Azərbaycanın  humanitar fəlakətlə də üzləşdiyini önə çəkən dövlətimizin başçısı İlham Əliyev uzun illərdir  beynəlxalq birlik tərəfindən tanınan  Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistan silahlı  qüvvələrinin işğalı altında olduğunu qeyd etmişdir.

Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi bölgəyə erməni işğalçı qüvvələri nəzarət edir,  narkotik  bitkilər yetişdirirlər. Eyni zamanda,  Azərbaycan xalqına qarşı etnik təmizləmə aparılmış, ekoloji və mənəvi terror  törədilmişdir. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə salınmışdır. Bu kimi halların aradan qaldırılması üçün  multikulturalizm konsepsiyasına yeni yanaşma və onun müasir cəmiyyətdə getdikcə daha  böyük əhəmiyyət daşıması təbiidir.  BMT-nin İKT əsri adlandırdığı müasir dövrümüzdə  siyasətçilər kimi cəmiyyətin bütün üzvlərinin məsuliyyəti artmalı, dini və irqi qarşıdurmalara gətirib çıxaran  amillər təhlil olunub  araşdırılmalı, təhsil, mədəniyyət,  idman, bütünlükdə sosial sferada tətbiq olunan yeniliklər bir məqsədə - xalqlar arsında birlik və əməkdaşlığın möhkəmlənməsinə  yönəldilməlidir.

Azərbaycanda bəşəri dəyərlərə bağlılıq bu ölkənin iqtisadi, sosial inkişafında daha aydın  hiss olunur. Ölkəmizin ev sahibliyi etdiyi humanitar forumlarda da qeyd edilir ki, belə tədbirləri millətlərarası dialoq adlandırmaq daha məqsədəuyğundur. Bu sahədə isə Azərbaycanın böyük təcrübəsi vardır. Doğrudan da  Şərqlə Qərb arasında körpü  olan Azərbaycan  xalqların birlik və əməkdaşlıq əlaqələri üçün də əlverişli, sülh və sabitlik məkanıdır. Azərbaycanın sivilizasiyalararası dialoqların təşkilindəki  təşəbbüsləri dəstəklənir. Bu təcrübənin mədəniyyətlərarası, dinlərarası dialoqlarla  davam etdirilməsi xalqların milli-mənəvi dəyərlərinə hörmətdir.

Yeganə Əliyeva, “İki sahil”