Ən müasir silahlarla, texnika ilə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan hərbi təyinatlı məhsullarla təmin edilən ordumuzun qüdrəti artır, potensialı güclənir. Son illərdə yaradılan 20-dən çox hərbi zavodda istehsal olunan 1200 adda hərbi təyinatlı müxtəlif məhsullarla təchiz edilən ordumuzun aprel döyüşlərində, Günnüt əməliyyatında qazandığı uğurlar ölkədə ordu quruculuğu istiqamətində aparılan islahatların ünvanlı tətbiqinin nəticəsidir. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan hərbi təyinatlı məhsulların beynəlxalq sərgilərdə nümayiş etdirilməsi, böyük marağa səbəb olması, ixracı ölkəmizin müdafiə qüdrətinin göstəricisidir.
“Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir” söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, güc dünya siyasətinin əsas amilidir. Bunu nəzərə alan, iqtisadi imkanları artan Azərbaycanın qüdrətli dövlətlərdə tətbiq olunan ən müasir silah və texnika almaq istəyi mövcud maliyyə resurslarının və güclü iradənin nəticəsidir.
Beynəlxalq hərbi ekspertlərin də qeyd etdikləri kimi, dünyanın ən qüdrətli 50 ordusu arasında yer alan Azərbaycan Ordusu, yüksək döyüş əhval-ruhiyyəsində olan Silahlı Qüvvələrimizin əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, sərhədlərimizi sudan, qurudan, havadan qorumaq, Ermənistan silahlılarının nəzarət etdikləri torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır. Atəşkəs rejiminə əməl etməyən Ermənistanın intensivləşən hərbi müdaxilələrinin qarşısını alan, 2014-cü ilin iyul-avqust aylarında, həmçinin 2016-cı ilin aprel döyüşlərində ermənilərin təxribat-kəşfiyat qruplarının təmas xəttində törətdikləri xəyanət nəticəsində yaranan hərbi qarşıdurmada düşmənə ağır zərbə vuran, Ermənistana layiq olduğu dərsi verən Azərbaycan əsgərlərinin mətanəti göstərdi ki, dünya birliyində nüfuzu getdikcə artan, mövqeləri möhkəmlənən, siyasi və diplomatik əlaqələri genişlənən Azərbaycan həm də güclü müdafiə qüdrətinə malikdir. Bu baxımdan ən güclü, siyasi -hərbi təşkilat NATO-nun ölkəmizlə əməkdaşlıqda maraqlı olması təbiidir.
Belçika Krallığına səfərdə olarkən NATO-nun mənzil qərargahında keçirilən görüşlərdə iştirak edən Prezident İlham Əliyevlə birgə mətbuata bəyanat verən Şimali Atlantika Alyansının Baş katibi Yens Stolterberqin “NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər bundan öncəyə təsadüf edir. Bu tərəfdaşlığın təməli demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub” sözləri qurumla Azərbaycan arasında uğurla davam etdirilən, qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir.
ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels, Vaşinqton zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağla əlaqədar məsələnin müzakirəsi, bəyanatların qəbulu, həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün tanınması dünya birliyində etibarlı tərəfdaş kimi dəstəklənən ölkəmizə etimaddan irəli gəlir. NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi də ölkəmizə önəmli tərəfdaş kimi verilən xüsusi dəyər idi.
1992-ci ildən əsası qoyulan, 1994-cü ildən etibarən “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq NATO ilə əməkdaşlıq edən ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirən Azərbaycan Alyansın bütün tədbirlərində iştirak edərək ordu quruculuğu sahəsində mühüm nailiyyətlər qazanır. Hərbçilərimiz münaqişə bölgələrində, sülhməramlı əməliyyatlarda fəal iştirak edir, beynəlxalq sülhün və sabitliyin bərqərar olunmasına töhfəsini verir. Azərbaycan sülhməramlıları NATO-nun “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası” çərçivəsində Əfqanıstanda vəzifələrini şərəflə yerinə yetirirlər. NATO-nun əməliyyatlarında ( KFOR, İSAF) iştirak edən Azərbaycan Qətiyyətli Dəstək Missiyasına, Milli Etimad Fonduna töhfə verir. Nizam-intizamı, hərbi təchizatı ilə dünyanın ən qüdrətli orduları sırasında adı çəkilən əsgərlərimizin döyüş qabiliyyəti, hazırlığı , nizam -intizamı ilə əlaqədar ölkəmizə minnətdarlıq məktublarının göndərilməsi subut edir ki, Azərbaycan bölgənin ən güclü ordusuna malikdir. NATO-ya üzv dövlətlərin iştirakı ilə keçirilən zirvə görüşlərində Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini və müstəqilliyini dəstəkləyən kommunikenin, bəyanatların qəbulu isə xüsusilə əhəmiyyətlidir. Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllinin dəstəkləndiyi bu sənədlər danışıqlar prosesində nəzərə alınır.
Bu günlərdə ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşlər keçirən NATO Baş katibinin müavini xanım Rouz Qotemöllerin Azərbaycan -NATO əməkdaşlığına böyük önəm verməsi Şimal Alyansın ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlara verilən dəyərdir.
Səfər çərçivəsində bir neçə tədbirdə iştirak edən xanım Rouz Qotemöllerin qeyd etdiyi kimi 2002-ci ildən NATO hərbçiləri ilə Əfqanıstanda sülhyaratma missiyasını layiqincə yerinə yetirən, Qətiyyətli Dəstək Missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərə çatdırılmışdır. Azərbaycanın Əfqanıstanın milli ordusuna göstərdiyi maliyyə yardımını, logistika və nəqliyyat problemlərinə həllini, Əfqanıstan ordusunun şəxsi heyəti üçün təlimlərin təşkili Şimal Alyansla ölkəmiz arasındakı qarşılıqlı əməkdaşlığın uğuru kimi, dəyərləndirilir. Prezident İlham Əliyevin cari ilin iyul ayında Brüssseldə NATO Zirvə toplantısı çərçivəsində Alyansın Baş katibi Yens Stortenberqlə keçirilən görüşün əhəmiyyətini diqqətə çatdıran Birinci vitse-prezident Mehriban Əliyeva onu da vurğulamışdır ki, NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliynin və ərazi bütövlüyünün dəstəklənməsi respublikamızın beynəlxalq sülhə verdiyi dəyərin qiymətləndirilməsi deməkdir.
Bu günlərdə Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfransın keçirilməsi NATO-nun humanitar siyasətinin respublikamızda yüksək qiymətləndirilməsinin təzahürüdür. NATO-nun fəaliyyət istiqamətlərindən olan gender məsələlərinə, qadınlar, sülh və təhlükəsizlik mövzusuna göstərdiyi diqqət də dünyada sülhün qorunmasına xidmət edir. “Çox xoşdur ki, bu mövzuya həsr olunan konfrans bu günlərdə Azərbaycanda keçirilib” söyləyən Mehriban Əliyeva Ermənistanın torpaqlarımızı işğalı nəticəsində qadın və uşaqların üzləşdikləri çətinlikləri, adi yaşayış hüquqları pozulan Azərbaycan vətəndaşlarının problemlərini qonağın diqqətinə çatdıraraq vurğulamışdır ki, BMT və bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edililsə də münaqişənin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllində israrlı olan ölkəmizin ərazi bütövlüyü hələ də bərpa olunmayıb, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtmaq problemləri həllini tapmayıb.
Birinci vitse-prezident qonaqların diqqətinə çatdırmışdır ki, 100 il bundan əvvəl yaranan Azərbaycan Xalq Cümhuriyyətinin humanist addımlarından olan və Şərqdə ilk demokratik respublika kimi ölkəmizdə qadınlara seçki hüququnun verilməsi insan hüquqlarının qorunmasına töhfə idi. Müstəqilliyimizin bərpasından sonra cəmiyyətin aparıcı qüvvələri olan qadınların ölkənin ictimai -siyasi həyatındakı rolundan bəhs olunan görüşdə vurğulanmışdır ki, Azərbaycan Silahlı Qüvvələri tərkibində qadınların xidmət göstərməsi gender bərabərliyinin ifadəsidir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan təmizlənməsi üzrə Milli Agentlik ilə NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə həyata keçirdiyi “Geyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi” birgə layihəsinə həsr olunan tədbirdə də Şimal Alyansla Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlığın tərəflərə verdiyi faydalardan ətraflı danışılmışdır. Layihəni təhlükəsizlik baxımından vacib amil kimi dəyərləndirən, əməkdaşlığın məntiqi nəticəsi adlandıran Rouz Qotemöller bu prosesin davamlı olacağını da bildirmişdir.
NATO ilə ölkəmizin birgə maraq dairəsində olan prinsiplərdən ən başlıcası beynəlxalq terrorizmə qarşı mübarizədə birgə iştirakdan duyuluan məmnunluqdur. Dünyada sülhün , əmin-amanlığın təminatına xidmət edən qlobal beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində vədinə sadiqliyini terrora qarşı birgə mübarizə sahəsində də doğruldur. Əfqanıstanın inkişafının təminatına göstərdiyi hərtərəfli yardımlar, hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə göstərdiyi siyasi dəstəyə görə ölkəmizə minnətdarlığını bildirən NATO təmsilçiləri dəfələrlə bildirmişlər ki, XXI əsrdə qloballaşan dünyada təhlükəsizlik çağırışlarına dəstək göstərən rəsmi Bakı ilə əməkdaşlıqda israrlıyıq, dialoqumuzun və əlaqələrimizin güclü çərçivəsi vardır. İllərdən bəri Ermənistanın maliyyələşdirdiyi terror təşktlatlarının törətdikləri faciələrdən əziyyət çəkən Azərbaycan insanların kütləvi qırğınını, soyqırımları, miqrantlara qarşı göstərilən ədalətsizliyi cinayət adlandıraraq siyasi, hərbi, ekoloji, mənəvi terroru pisləyir.
NATO-nun ən güclü üzvü olan ABŞ Dövlət Departamentinin bu günlərdə açıqlanan hesabatında ölkəmizin 2017-ci ildə terrorçuluqla mübarizəsindəki fəaliyyətinin yüksək qiymətləndirilməsi beynəlxalq terrorizmə qarşı mübarizəni fəaliyyətinin əsas prinsipləri kimi daim diqqətdə saxlayan NATO-nun ölkəmizə verdiyi dəyərlə eynilik təşkil edir. Hesabatda bildirilir ki, Azərbaycan ölkənin quru və dəniz yolları ilə insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınmasında fəal iş görüb. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, terrorçuların izlənməsi və həbsi ilə bağlı əməliyyatları müvəffəqiyyətlə davam etdirir. Sənəddə vurğulanır ki, hesabat ilində Azərbaycan NATO-nun antiterror təşəbbüslərini, “Asiyanın Qəlbi- İstanbul Prosesi”nə həmsədrlik edərək Əfqanıstanda təhlükəsizliyin və sabitliyn möhkəmlənməsi üzrə səylərini davam etdirir. Terrorla mübarizədə öz sözünü vədinə sadiqliyi ilə bildirən Azərbaycana bu cür etimad ölkəmizin çoxtərəfli əməkdaşlığa da istənilən töhfəni verməyə hazır olduğunu göstərir.
Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrinə dəstək olan NATO rəsmiləri “Cənub Qaz Dəhlizi”ni, TANAP-ı, Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətini diqqətə çatdırır: “Bu Asiya və Avropa arasında ən qısa yoldur və Əfqanıstana təchizat bu marşrut vasitəsilə daha asan və səmərəli olacaqdır.”
İllərin təcrübəsi göstərir ki, qurumun təlim məşqlərində, sülhyaratma missiyasında iştirak edən Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində addımlar atır və Alyansın dəstəyindən yararlanır. Dünyada sülhün , əmin-amanlığın təminatına xidmət edən qlobal beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycanın NATO ilə münasibətləri, Xəzər regionunda ölkəmizin ən iri beynəlxalq ticarət limanının tikintisi Avrasiyada yeni əməkdaşlıq imkanları yaradacaq ki, Əfqanıstan da bölgə dövləti kimi bu layihədən yararlanacaq.
Reallıq budur ki, Ermənistandan fərqli olaraq daxili, xarici siyasətində müstəqil olan Azərbaycan bölgə dövlətləri arasında NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində sıx əməkdaşlıq edir, iqtisadi qüdrəti ilə seçilən ən önəmli partnyordur və əməkdaşlığının böyük potensialı vardır.
Xuraman İsmayılqızı, “İki sahil”