24 sentyabr 2018 23:47
2155

Gəncədə 135 ədəd partlamamış hərbi sursat tapılıb

Sentyabrın 23-də saat 19:06-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Kəpəz rayonu ərazisində 8 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 74 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Əməliyyat-axtarış tədbirləri sentyabrın 24-də də davam etdirilib. Nəticədə əlavə olaraq 61 ədəd (cəmi 135 ədəd) partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 19.400 kvadratmetr (cəmi 19.500 kvadratmetr) əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.