03 oktyabr 2018 21:47
2578

Ermənistandan sensasiyalı Gürcüstan PLANI ÜZƏ ÇIXDI: bu əraziləri...

Cənubi Qafqazda Azərbaycanla yanaşı, Gürcüstan da ərazi bütövlüyü pozulmuş dövlətdir. Azərbaycan torpaqlarını işğal edənlə Gürcüstanın ərazi bütövlüyünü pozan qüvvələr arasında fərq olsa da, hər iki ölkə bölgədə erməni separatizmindən əziyyət çəkir. Sentyabrın 27-də separatçı “Abxaziya respublikası” rəhbərliyinə İrəvanın mətbəxində hazırlanmış təbrik məktubunun göndərilməsi bu faktı rəsmi şəkildə təsdiqlədi.

Publika.az xəbər verir ki, Suxuminin işğalının 25 illiyi və Abxaziyanın yaradılmasının ildönümü münasibətilə Abxaziya rəhbəri Raul Xadjimbaya “Azadlıq günü və Böyük vətən müharibəsində qələbə” adı altında ilk təbrik göndərən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyan oldu.

Məktubda qeyd olunur ki, 25 illik dövr ərzində abxaz xalqı çətin amma şücaətli yol keçib.

“Abxaz xalqı dövlət quruculuğunun bütün çətinlikləri ilə üzbəüz gəlir, öz dövlətlərini gücləndirirlər”, - deyə məktubda bildirilir.

İlk baxışdan belə görünür ki, bu təbrikləşmə separatçılar arasında baş verir, lakin məsələnin kökündə Ermənistanın dayandığı məlumdur. Çünki Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin bütün yazışmalarının Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən aparılması heç kimə sirr deyil.

Görünən budur ki, Bako Saakyanın dili ilə Ermənistan Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə nəinki hörmət etmədiyini, onu pozmağa çalışdığını nümayiş etdirir.

Əslində bu, təsadüfi deyil, çünki ermənilərin “Böyük Ermənistan” xülyasının tərkibinə Azərbaycan, Türkiyə və İranla yanaşı, məhz Gürcüstan əraziləri də daxildir. Bu gün də Ermənistan Gürcüstanın Cavaxetiya bölgəsi ilə yanaşı, Meqreli və Svaneti bölgəsinə iddia etdiyi və bu bölgələrdə separatçı toxumlar səpdiyi məlumdur.

Ermənistanın siyasətini formalaşdıran erməni lobbisinin Gürcüstanda separat Meqreli və Svaneti bölgəsi yaratmaq planı çoxdan var idi. Hələ Zvaid Qamsaxurdianın dövründə erməni lobbisinə bağlı KİV Gürcüstanı bölmək üçün “abxaz-meqrel” layihəsini təklif edirdi. Lakin meqrellər bu fitnəkar təkliflərə qarşı çıxaraq, gürcü xalqı ilə eyni yerdə yaşamağı üstün tutdular. Ermənilər eyni separatizmi svanlarla bağlı da tətbiq etmək niyyətində idi. Orada heç nə alınmadı. Çünki svanlar tarixən ermənilərə nifrət edirlər və “Müstəqil Svaneti” fikrini, ümumiyyətlə, yaxına buraxmadılar. Eduard Şvarnadzenin dövründə Kodor dərəsində Tiflisin rəsmi nümayəndəsi olan Emzar Kvisiani Saakaşvilinin prezidentliyini qəbul etməkdən imtina etdi. Bu, Gürcüstanda Kodor dərəsi böhranına səbəb oldu. 2006-cı ildə erməni lobbisi yaranmış vəziyyəti fürsət bilib “svan kartı”nı yenidən masaya yatırdılar. Lakin bu cəhd nəticə vermədi. Buna səbəb Abxaziya müharibəsi dövründə Kodor dərəsindəki svanların erməni döyüşçülər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi idi.

Erməni vəhşiliyinə ən çox məruz qalan isə meqrellər olub. Suximinin işğalı zamanı meqrellərə qarşı ən dəhşətli cinayətləri də Baqramyan adına erməni batalyonunun döyüşçüləri etmişdi. Onlar meqrelləri Qaqridən, Suximidən, Qulripşdən və Oçamçirdən tamamilə qovdular. Hətta separat Abxaziya hakimiyyəti qaçqın meqrellərin Qalski rayonuna qayıtmağına icazə versə də, məhz erməni lobbisinin təşəbbüsü ilə bu insanlar bütün vətəndaş hüquqlarından məhrum edildilər. Lakin indi meqrellərin cəlladları – erməni millətçilər “unikal meqrel xalqı” haqda danışır, onlara yaltaqlanırlar. Qeyd edirlər ki, meqrellər də “qədim ermənilər” kimi “qədim kolxov nəsli” elan edilməlidir. Erməni lobbisinə bağlı KİV sifarişlə meqrellərin gürcü olmadığı və “müstəqil dövlət qurmaq hüququna malik olması” haqda məqalələr dərc edirlər. Burada məqsəd aydındır: ermənilər Gürcüstanı “kvazidövlət”lərə bölmək və torpaqlarını tikə-tikə edib əllərinə keçirmək istəyir.

Ermənilərin meqrellər üzərindən oynaması təsadüfi deyil. Meqreliyada ermənilər heç vaxt yaşamayıb. Lakin erməni apostol kilsəsi (AAS) burada “erməni kilsələri”nin olduğunu iddia edir. Məlumdur ki, ermənilər separatizm ideyalarını translyasiya etmək üçün meqrellər arasında satqınları tapırlar. Xüsusilə Rusiyada yaşayanlar arasında onları tapmaq daha asandır. Onlar əvvəlcə sosial şəbəkələrdə, sonra bloqlarda, daha sonra məşhur olmayan saytlarda təbliğat aparırlar. Misal üçün, yaxın vaxtlarda “livepress.ge” adlı saytda Nino Toloraya adlı müəllifin materialı dərc olundu: “Kim və niyə Sameqrelo respublikasını yaratmaq istəyir – artıq konstitusiya layihəsi mövcuddur”.

Məqalədə “Sameqrelo respublikası”nın həqiqi sifarişçiləri – erməni lobbisi haqda heç nə deyilmir. Hər şeyin “sadə meqrellər”in təşəbbüsü ilə baş verdiyi görünür. Konstitusiya layihəsini isə Sankt-Peterburqda yaşayan Rajden Todua adlı şəxs irəli sürüb. Konstitusiya layihəsinə əsasən Sameqrelo respublikasının öz prezidenti var və bu prezident inauqurasiya mərasimində doğma meqrel dilində and içir. Meqrel dili dövlət dili elan olunur, lakin gürcü dili də ikinci dövlət dili olaraq saxlanılır. Sameqrelo respublikası ilə Gürcüstan arasında münasibətlər konstitusiya çərçivəsində müqavilələrlə tənzimlənir. Layihənin şərtlərindən biri odur ki, Sameqrolo respublikası istədiyi vaxt referendum keçirərək, Gürcüstanın tərkibindən ayrıla bilər.

Gürcüstana qarşı bu oyunların arxasında dayanan ermənilərin Cavaxetiya bölgəsini tamamilə ələ keçirmək niyyəti də açıqdır.

Hələ ötən il Cavaxetiyada ermənilər ayağa qalxaraq, “haqlarını” tələb edirdilər. Həmin vaxt bölgədə ciddi qarşıdurma da yaşanmışdı. Belə ki, Cavaxetiyanın Kumurdo kəndində ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq istəyirdi. Onlar iddia edirdilər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi isə buna müdaxilə edəndə qarşıdurma baş verdi.

“Kavkazplus” saytı yazırdı ki, Kumurdo kəndində 1830-ci ilə qədər heç bir erməni yaşamayıb.

“Əslində bölgədə erməni təxribatı çoxdan hazırlanırdı. Hələ 2015-ci ilin yayında 180 erməni Gürcüstanın mədəni irsin mühafizəsi agentliyi tərəfindən Kumurdoda qədim gürcü kilsəsinin həyətində aparılan arxeoloji qazıntılarla bağlı Axalkalaki bələdiyyəsinin sədri Eduard Aqasaryana, Gürcüstan parlamentinin deputatı Samvel Petrosyana və erməni apostol kilsəsinin keşişi Babkenu Salbiyana şikayət edib. Şikayət məktubunda gürcü kilsəsində aparılan arxeoloji qazıntılarda “erməni sümüyünün” tapıldığı iddia olunur və kilsənin ermənilərə qaytarılması tələb olunur. Halbuki, orada ermənilərə aid heç bir sümük tapılmayıb. Kumurdoda baş verənlər ermənilərin başqalarının torpağında kilsələr tikərək, onu necə mənimsədiyini bir daha sübut edir”, - deyə məqalədə bildirilirdi.

Sayt əlavə edir ki, Kumurdoda baş verən təxribata erməni ekstremistlər uzun müddətdir hazırlaşıb: “Ermənistanın Cavaxetiyanın ermənilərə aid olması haqda separatçı fikirlər səsləndirən Serqey Minasyanı Tiflisə səfir göndərmək istəyi də buna hesablanmışdı. Lakin Gürcüstan hökuməti bu təyinata qarşı çıxdı. Bununla belə, erməni ekstremistlər Kumurdoda təxribatı təşkil etdilər. Maraqlıdır ki, bu təxribat həmin bölgədən keçən strateji əhəmiyyətli Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə salınması ərəfəsində baş verir. Hədəf aydındır: dəmiryolunun keçdiyi regionda stabilliyi pozmaq. Lakin daha bir hədəf gürcü Pravoslav Kilsəsinə zərbə endirməkdir. Məsələ ondadır ki, ermənilər rəsmi olaraq 442 gürcü məbədinə iddia edir. Qeyri-rəsmi rəqəmlər isə 650-dir. Bu təxribatın törədilməsi aydınlaşdırmaq o qədər də çətin deyil. Belə ki, əgər təxribat baş tutsaydı və gürcü kilsəsi ermənilərə verilsəydi, bu 442 gürcü məbədinin də onlar tərəfindən mənimsənilməsi demək idi. Lakin təxribatın qarşısı vaxtında alındı”, - deyə sayt yazırdı.

Amma bu təxribatın qarşısının alınması ermənilərin gürcü torpaqlarına iddiasına son qoyulması demək deyil. Çünki ermənilər bu gün də Gürcüstanda separatçı toxumları səpməklə məşğuldur.

Ermənistan XİN-də hazırlanan və Saakyanın adından Abxaziya “lideri”nə göndərilən təbrik məktubu bunu bir daha sübut edir. Lakin bu dəfə separatizm addımları birbaşa Ermənistan dövləti səviyyəsində atılır.