Fransızların yarıdan çoxu Fransanın siyasi quruluşundan razı deyil. Bu, “Odoxa” mərkəzinin “Figaro” qəzeti üçün apardığı sosioloji sorğunun nəticələrində əksini tapıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, fransızların 56 faizi Beşinci respublikanın quruluşuna bağlılıq hiss etmir. Respondentlərin yalnız 44 faizi ölkənin siyasi sisteminə dəstək verib.
Sorğu göstərib ki, ölkə əhalisinin 53 faizi parlamentin yuxarı palatası olan Senatı faydasız alət hesab edir. Bununla yanaşı, parlamentin aşağı palatası Beşinci respublika vətəndaşlarının etimadını daha çox qazanıb – respondentlərin 66 faizi bu institutun faydalı olduğuna inanır.
Həmçinin Fransa hökumətinin və prezidentin parlament üzvlərinin sayının ixtisarı ilə bağlı planları fransızların aktiv dəstəyini qazanıb: rəyi soruşulanların 84 faizi bu addımı düzgün sayır.
Qeyd edək ki, Beşinci respublikanın 60 illiyi münasibətilə oktyabrın 2-3-də keçirilən sosioloji sorğuda 996 nəfər iştirak edib.