04 oktyabr 2018 22:40
2315

Ermənistanda siyasi gərginliyin yeni dalğası

Yeni hökumətə qarşı əksinqilab hərəkatına start verilib

Ermənistanda siyasi gərginlik artmaqdadır. Müxalif qüvvələr yeni hökumətə qarşı əksinqilab hərəkatına start veriblər. Bundan sonra İrəvanda baş nazirin tərəfdarları parlamentin binasını mühasirəyə alıblar. Eyni gündə 6 nazirin istefaya göndərilməsi isə vəziyyəti bir qədər də gərginləşdirib. “Ermənistanı uzun müddət idarə edən quldur dəstəsinin bütün üzvləri ilə yanaşı, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarından olan şəxslər də vəzifələrindən azad ediləcəklər”. Bu barədə İrəvanda Baqramyan prospektində keçirilən mitinqdə bəyan olunub. İşğalçı ölkənin baş naziri əhaliyə növbədənkənar seçkilər tələbi ilə küçələrə çıxmaq çağırışı edib.

Paşinyanın bu çağırışından sonra aksiyaçılar parlament binasını mühasirəyə alıblar və deputatların ərazini tərk etməsinə imkan verməyiblər. Bunun səbəbi isə Respublikaçılar Partiyasından olan deputatların müttəfiq partiyalarla birləşərək parlamentdə qanunvericiliyə dəyişiklik layihəsini qəbul etməsidir. 67 səslə qəbul ounan layihəyə əsasən növbədənkənar parlament seçkiləri keçirmək imkanları məhdudlaşdırır. Ermənistan mətbuatı bunu Paşinyana qarşı parlament partiyalarının qiyamı kimi xarakterizə edir. Baş nazir isə bildirir ki, bu qanun layihəsi faktiki olaraq əksinqilabi fəaliyyətdir.

Nikol Paşinyan əvvəlki hökumətin heç bir şansı olmadığında açıqlayıb. Onun sözlərinə görə, Koçaryan-Sarkisyan qruplaşması Ermənistana kifayəq qədər zərər verib. Bu işdə “Çiçəklənən Ermənistan” Partiyası və Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” mənsubları onları daim dəstəkləyib. Ona görə hakimiyyət bu ünsürlərdən tam təmizlənəcək. Paşinyan prezident Armen Sarkisyanın fərmanı ilə oktyabrın 2-də 6 nazirin istefaya göndərildiyini də açıqlayıb. Bunlar “Çiçəklənən Ermənistan” partiyasından nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryan, “Daşnaksütyun” Partiyasından iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçaturyandır. Nazirlərin ardından bu siyasi təşkilatlardan olan qubernatorların da işdən çıxarılacağı qərara alınıb. Hökumət rəsmisinin bu cür açıqlamaları parlamentdə gərginlik yaradıb. Respublikaçılar Partiyasından olan deputat Sasun Mikelyan yeni hökuməti qanqster adlandırıb. Bildirib ki, onlar ölkəni məhv etmək niyyətindədirlər. Sasun Mikelyan hətta vətəndaşları yeni hökumətə etiraz etməyə də çağırıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın nüfuzlu “Jamanak” qəzeti baş verəcək hadisələrin anonsunu vermişdi. Qəzet hökumətdəki etibarlı mənbələrinə istinadən məlumat yaymışdı ki, Nikol Paşinyan noyabrda istefa verəcək. Bununla da o, növbəti planını işə salaraq noyabr-dekabr aylarında Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olacaq. Çünki Paşinyan xalqa verdiyi vədləri yerinə yetirə bilmədiyindən gələn ilin yazınadək reytinqinin aşağı düşəcəyini çox gözəl dərk edir və anlayır ki, konstitusiya dəyişikliklərini həyata keçirə bilməyəcək. İndiki tərkiblə parlament bu dəyişikliklərin lehinə səs verməyəcək. Belə olduqda, parlamentin yenidən formalaşdırılmasının yeganə yolu onun istefasıdır. Parlament əksəriyyətinin – Respublikaçılar Partiyasının başqa bir namizəd irəli sürərək onu baş nazir edə bilməməsi üçün Paşinyan 24 saatlıq fasiləsiz mitinqlər təşkil edərək parlamentin binasını bloklayacaq və minimum 2 həftə ərzində yeni iclasın çağırılmasına mane olacaq. Qəzetin yaydığı məlumatlar artıq öz təsdiqini tapmaqdadır. Göründüyü kimi, işğalçı ölkədə hökm sürən ictimai-siyasi gərginliyin yüksələn xətt üzrə inkişafı onu deməyə əsas verir ki, yaxın vaxtlarda Paşinyana qarşı daha güclü cəbhə formalaşa və onun parlament seçkilərindəki qələbəsi sual altına düşə bilər.

Sevinc Azadi,

“İki sahil”