08 oktyabr 2018 23:23
2124

Ermənistanda siyasi məsələlər güc hesabına həll olunur

Müsahibimiz hüquq üzrə fəlsəfə doktoru, Ombudsman aparatının rəhbəri Aydın Səfixanlıdır

-İşğalçı ölkədə bu gün vəziyyət gərgindir.  Ermənistanda son siyasi durumla bağlı fikirlərinzi bilmək istərdik?

- Tarix boyu müşahidə etmişik ki, Ermənistan heç zaman müstəqil siyasət həyata keçirə bilməyib. Dövlət olaraq hər zaman siyasi qüvvələrin maraqlarına xidmət edən siyasət nümayiş etdirib. Hazırda da Ermənistanda baş verən hadisələr artıq beş aydır ki, işğalçı ölkədə dırnaqarası həyata keçirilmiş inqilabın nəticələrindən doğan məsələlərdir.  6 nazirin istefası ilə nəticələnən son durumun əsas səbəbi Paşinyanın parlamentdə reqlamentə sahib olmaması ilə bağlıdır. Qeyd edim ki, Paşinyan bu gün parlamentdə kiçik bir fraksiyaya rəhbərlik edir. Reqlamentə təsir imkanları məhduddur. Parlamentdə daha çox üstünlüyə malik olan  digər partiyalar təbii ki, özünü sığortalamaq üçün belə bir addım atdılar. Bu da təbii ki, inqilab əsasında hakimiyyətə gəlmiş bir insanı razı sala bilməzdi. O, bu prosesə dəstək vermiş partiyaların nazirlərini cəzalandırılması qərarına gəldi və “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarından olan 6 naziri istefaya göndərdi. Bu da onsuz da gərgin olan, hər hansı hüquqi müstəvidə məsələnin həll olunmadığı bir ölkədə siyasi vəziyyəti daha da gərginləşdirdi. Paşinyan hər zaman olduğu kimi, məsələləri  hüquqi müstəvidə deyil kütlənin bu prosesə cəlb olunması ilə həll edilməsinə çalışdı. Ermənistanda əhalini mitinqə dəvət etdi. Bu gün aydın görünür ki, Ermənistanda siyasi məsələlər və hər hansı fikir ayrılıqları hüquq müstəvisində deyil, güc hesabına, kütləni bu proseslərə qeyri-hüquqi tərzdə müdaxiləsi hesabına həll olunur. Bu da həmin ölkə üçün xoşbəxt gələcək vəd etmir.

 -Bütün bu hadisələrdə sabiq prezidentlərin də rolu az deyil...

 - Təbii ki, bu gün parlamentdə üstünlük təşkil edən deputatların böyük çoxluğu bundan öncə hakimiyyətdə olan şəxsin tərəfdarlarıdır. Bu gün Ermənistanda baş verən hadisələri Koçaryan və Sarkisyanın bir növ əksinqilabi cəhdi kimi də qiymətləndirmək olar. Görünən odur ki, zaman keçdikçə bu qruplaşmalar  arasında siyasi mübarizə günü-gündən daha da dərinləşir.

-Necə düşünürsünüz, hazırda Ermənistanda mövcud olan hüquqi baza keçiriləcək seçkilərin ədalətli olmasına nə dərəcədə zəmanət verir?

- Bu gün N.Paşinyan təkidlə tələb edir ki, seçkilər dekabrda keçirilməlidir. Amma əvvəllər qərara alınmışdı ki, seçkilər mayda keçirilsin. Bunun da əsas səbəbi odur ki, Paşinyan hakimiyyətə gələndə xalqa çoxlu populist vədlər vermişdi. Guya bunun hakimiyyətə gəlişindən sonra siyasi baxımdan Ermənistan çiçəklənəcək, iqtisadi baxımdan güclənəcək və sair. Lakin bu son dörd -beş aydakı fəaliyyəti dövründə başa düşdü ki, bu vədlər ancaq xülyadır. Vəziyyət gözlədiyindən də ağırdır. Ölkə dilənçi vəziyyətdədir. Xarici borclar pik həddədir. Qışda böyük çətinliklərlə üzləşəcək erməni xalqı bunu dərk edəcək. Onun populist çıxışlarının hər hansı bir əsası olmadığını, boş vədlərdən ibarət olduğunu biləcəklər. Bu da onun elektoratına kifayət qədər təsir edəcək. Ona görə də hakimiyyətə gəldiyi yolla,  kütlənin gücü ilə qeyri-hüquqi tərzdə deputatları məcbur etməklə növbədənkənar parlament seçkiləri keçirmək istəyir ki, özünün hal-hazırkı dövrdə hüquqi mövcudluğunu təsdiq etmiş olsun. Bu gün Ermənistanda qanunvericiliyin hansı formatda olub-olmamasından asılı olmayaraq bizə məlumdur ki, tarix boyu Ermənistanda heç zaman hüquqi müstəvidə hər hansı bir seçki keçirilməyib. Konkret müəyyən dövlətlərin siyasi maraqlarına xidmət edən seçkilər keçirilib. Seçilən dövlət başçıları da erməni xalqı üçün xoşbəxt gələcək vəd etməyən siyasi fəaliyyətlə məşğul olublar. Bu gün erməni xalqı və rəhbərliyi anlamalıdır ki, onların xalq qarşısında götürdüyü öhdəliklərə əməl etməsi üçün yeganə bir şərt var.  O, da işğalçılıq siyasətinə son qoyulması, Azərbaycanın işğal etdiyi torpaqlarını azad etməsidir. Bundan sonra artıq Ermənistanın iqtisadi baxımdan inkişafı üçün real imkan yaradıla bilər.

-Hazırda Ermənistanda hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında gedən mübarizə qeyri-qanunu yolla aparılır...

- Müşahidələrimizə əsasən deyə bilərik ki, bu mübarizədə heç bir qanuni qaydalara əməl olunmur. Bir neçə gun öncə baş verən hadisələri yada salaq. Parlamentin binası müəyyən mitinq iştirakçıları tərəfindən mühasirəyə alınmışdı. Əldə olunan son məlumatlara görə hətta mitinq iştirakçıları parlamentin içərisinə daxil olaraq orada deputatlara hədə-qorxu gəliblər. Bunu Paşinyan bir dəfə təcrübədən keçirib. Xatırlayırsınızsa, Paşinyan ilk dəfə baş nazir seçilə bilmədi. İkinci dəfə mitinq iştirakçılarının bilavasitə zorakılığı əsasında, deputatlar qorxudulmaqla baş nazir seçildi. Qeyd etdiyim kimi Paşinyanın fraksiyası parlamentdə çox cüzi səsə malikdir, elektoratı yox dərəcəsindədir. Bu baxımdan parlamentdə Paşinyanın siyasi gücü yoxdur. Məsələni digər güc yolu ilə həll edərək növbədənkənar seçkilərin keçirilməsinə çalışır. Hər vəchlə qışı gözləmək istəmir. 

- Ermənistan rəhbərliyinin sərsəm açıqlamalarının kütləyə hesablanmasının bir nümunəsini də bu yaxınlarda Düşənbədə keçirilən görüşdə müşahidə etdik...

 - Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı absurd, siyasi savadsızlığa söykənən təkliflərlə çıxış etməyə başladı. Bildirdi ki, mütləq şəkildə bu prosesdə qondarma bir qurum olan  Dağlıq Qarabağ tərəf kimi çıxış etməlidir. Bu da təbii ki, onun hüquqi savadsızlığından və yaxud da ki, daxili auditoriyaya ünvanlanmış populist çıxışından irəli gəlirdi. Bu gün beynəlxalq münaqişələrdə  problemlərin həllində qəbul olunmuş qaydalara əsasən mütləq şəkildə beynəlxalq hüququn subyektləri tərəf kimi iştirak etməlidir.  Beynəlxalq hüququn subyektləri BMT tərəfindən tanınmış dövlətlərdir. Bu münaqişə də baş verən andan  onun nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupuna həvalə olunub. Münaqişədə tərəf kimi  Ermənistan və Azərbaycan göstərilib. Münaqişənin nizamlanmasında  ATƏT-in qeyri-qənaətbəxş fəaliyyətini görürük. Yəni münaqişəni nizamlayan tərəf dəyişdirilə bilər. Amma subyektlər dəyişə bilməz. Bu, Ermənistan və Azərbaycan arasında baş verən münaqişədir. Və daha çox Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış bir problemdir. Düşənbə görüşündə də bu, bir daha öz təsdiqini tapdı. Paşinyan hüquqi səhvini düzəltdi.

- Münaqişəli tərəflər arasında beynəlxalq hüququn norma və prinsiplərinə daha çox hörmət edən tərəf də bizik...

- Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq o çərçivədə də prinsiplərini həyata keçirib.  Azərbaycan dövləti hər zaman məsələnin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır. Bunu yüksək səviyyədə hər zaman da bəyan edib.

Amma təəssüf ki, bu gün Ermənistan beynəlxalq hüquqa saymazyana münasibət bəsləyərək, qəbulolunmuş məlum qətnamələri icra etmir, işğalçılıq siyasətini davam etdirir. Hərdən də bu kimi populist çıxışlarla savadsızlıqlarını nümayiş etdirirlər. Azərbaycanın Prezidenti cənab İlham Əliyev çıxışlarında hər zaman bəyan edir ki, Ermənistanın  normal gələcəyi yalnız işğalçılıq siyasətinə son qoyduqdan sonra təmin oluna  bilər. Hesab edirəm ki,  bunu ermənilər də başa düşəcəklər.

Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova,
“İki sahil”