08 oktyabr 2018 23:30
2276

Zatulin kimilər Azərbaycan-Rusiya dostluğuna xələl gətirə bilməyəcəklər

Son zamanlar Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlığın inkişafı bir sıra dairələrin narahatlığına səbəb olur. Bu narahatlıq əksər hallarda həmin dairələrin yersiz, mənasız bəyanatları ilə özünü göstərir. Məhz belələrindən biri də Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini ermənipərəst Konstantin Zatulindir.

Məsələ ilə bağlı Milli Məclisin bir neçə deputatı ilə əlaqə saxlayıb fikirlərini öyrəndik. Onlar açıqlamalarında Dövlət Dumasının deputatı Konstantin Zatulinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə ölkəmizin xarici siyasəti ilə bağlı səsləndirdiyi qərəzli və ermənilərin maraqlarına xidmət edən fikirlərini qətiyyətlə pisləyərək qəbulolunmaz olduğunu bildirdilər.

Milli Məclisin deputatı Elman Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, Rusiyanın Azərbaycanla münasibəti iki ölkə arasında olan əməkdaşlığın bəllidir. Məhz belə olan halda Azərbaycanla Rusiya arasındakı münasibətlər ermənipərəst qüvvələri qıcıqlandırır: “Həm Azərbaycan və Rusiya bugünkü səviyyəsindən xalqlarım, həm də dövlət rəhbərləri arasında bu gün çox səmimi münasibət var. Bu reallığı görən ermənipərəst qüvvələr əl-ayağa düşüblər. Zatulin kimi tanıdığımız şəxs erməni lobbisinin, erməni pulunun girovuna çevrilmiş biridir və həmişə ermənipərəst mövqeyi ilə fərqlənib. O, hər zaman Azərbaycanla Rusiya arasında strateji münasibətlərə xələl gətirməyə cəhd edir. Bu şəxs yenə də öz ampluasındadır və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə çalışır. Azərbaycanı sülh prosesini pozmaqda, hərbi ritorikada ittiham edir. Təəssüf ki, belə zatulinlər Rusiyada çoxdur. Hətta bu şəxs Dağlıq Qarabağa qanunsuz səfər etmişdi. O vaxt Azərbaycan bununla bağlı Rusiyaya rəsmi etirazını da bildirmişdi. Yəni Zatulin və onun kimilərin sərsəm bəyanatlarına görə biz Rusiya ilə münasibətlərimizi pozmalı deyilik. Rusiya-Azərbaycan əməkdaşlığı bu gün yüksək səviyyədədir və bu münasibətlərə belə üzdəniraq cür qüvvələr heç cür təsir edə bilməzlər. Düşünürəm ki, Azərbaycanın aidiyyəti qurumları Zatulin barəsində  Rusiyaya müraciət edəcəklər”.

Deputat onu da vurğuladı  ki, Azərbaycanın sülhpərvər olması hamıya məlumdur və ölkəmizin işğal altındakı torpaqlarını hərb yolu ilə azad etməməsinin səbəbi də problemin sülh yolu ilə həllinə çalışmasıdır: “Lakin hansısa dövlətin bu işlərə birbaşa müdaxiləsi düzgün məsələ, yanaşma deyil. Məlum məsələdir ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulini daim ermənipərəst mövqe tutub. Lakin bu, o demək deyil ki, Rusiya-Azərbaycan münasibətləri məhz Zatulinin münasibəti ilə ölçülür. Düşünürəm ki, Zatulinin verdiyi bu bəyanat heç bir norma və qanunlara sığmır. Zatulin və onun kimiləri erməni lobbisinin sifarişi və təlimatı əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərini pozmağa cəhd göstərirlər. Hesab edirəm ki, Rusiya Dövlət Duması rəhbərliyi də belə məsuliyyətsiz deputatların davranışı ilə bağlı ölçü götürməlidir. Çünki bu cür ittihamlar Rusiya-Azərbaycan münasibətlərinə ziddir”.

Milli Məclisin deputatı Azər Badamov isə bildirdi ki, ermənipərəst Konstantin Zatulinin məsuliyyətsiz və reallığı əks etdirməyən bu açıqlaması onun erməni lobbisinin əlində alətə çevirməsindən başqa bir şey deyil: “Onun bu açıqlaması tutduğu vəzifəyə tamamilə ziddir. Rusiya Federasiyası ATƏT-in üç həmsədr dövlətindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bütün imkanlardan istifadə edir, problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllinə səy göstərir. Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən bütün görüşlərin əsas mövzusu münaqişənin nizamlanması olub. İndi Konstantin Zatulin kimi birisinin erməni lobbisinin çirkli pulları hesabına siyasətçiyə xas olmayan fikirlər səsləndirməsi iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilməz. Bu fikirləri ilə  o, kimliyini, nəyə, kimə işlədiyini ortaya qoymuş olur”.

Deputat qeyd etdi ki, Zatulinin keçmişinə diqqət yetirsək görərik ki, onun ermənilərlə bağlılığı var: “Həm doğulduğu və böyüdüyü mühitə, həm də onun Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə baxsaq görərik ki, Zatulin erməni əsillidir və aldığı qonorarlar hesabına ermənilərə dayaq durmağa çalışır. Bunlara əsaslanaraq, biz Zatulinin fikirlərini ciddiyə almamalıyıq. Rusiya ilə Azərbaycan arasındakı münasibətləri yüksələn xətlə inkişaf edir. Keçən hər gün bu əlaqələrimiz daha da möhkəmlənir və Ermənistan Rusiya əlaqələri zəifləməyə doğru gedir. Bu inkişafı həzm edə bilməyən ermənipərəst qüvvələr Zatulin kimi dayaz düşüncəli adamı ələ alaraq sifariş və təlimatları əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərini pozmağa cəhd göstərirlər. Bu bir faktı da təsdiq edir ki,  Zatulin Soçidə ermənilərin yaşadığı ərazidən deputat seçilib və illər boyu erməni diasporunun pulları ilə fəaliyyət göstərib. Sözsüz ki, bu cür fikirlər Zatulinin ermənipərəst mövqeyini ifadə edən ilk sözləri deyil. Biz əvvəllər də dəfələrlə onun ermənilərə sərf edən bəyanatlarının şahidi olmuşuq. Bu üzdəniraq siyasətçi dəfələrlə Ermənistanın işğal siyasətinə bəraət qazandıran bəyanatlar səsləndirib. O, erməni diasporundan aldığı sifarişi yerinə yetirərək, işğal faktını legitimləşdirmək üçün səy göstərir. Hətta, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin 2010-cu ildə “seçki şousu”nu müşahidə edənlər sırasında da olub. Bütün bunlardan sonra Zatulinin ermənilərin əlində alətə çevrildiyinə heç bir şübhə ola bilməz. Ona görə də belə əldəqayırma siyasətçilərin fikirləri də qeyri-ciddidir. Hesab edirəm ki, onun səsləndirdiyi bəyanatlar qabaqcadan erməni lobbisi tərəfindən hazırlanır. Göründüyü kimi, Zatulin kimilərin fikirləri heç vaxt Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməyəcəkdir”.

Mənsumə Babayeva, “İki sahil”