09 oktyabr 2018 22:20
2121

Səməd Seyidov: Bu gün AŞPA-da qarşılıqlı hörmətə ehtiyac var

Adətən qərarlar üzərində ümumi razılıq əldə edilməyəndə qaydalara, prosedurlara istinad olunur. Düşünürəm ki, təqdim olunan hesabat harada olduğumuzu, hansı istiqamətdə irəlilədiyimizi, yaxın gələcəkdə nə etməli olduğumuzu daha dərindən düşünmək imkanı yaradır. Hesabatda yaxşı, sağlam, kompromis tövsiyələr var.

Bu fikirləri AŞPA-nın payız sessiyası çərçivəsində qurumun səlahiyyətlər və səsverməyə dair qərarqəbuletmə prosesinin möhkəmləndirilməsinə dair müzakirələrdə çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov deyib: “Ancaq biz təhlükəsizliyimizi təkcə qaydalarla təmin edə bilərikmi? Sual budur. Düşünürəm ki, xeyir. AŞPA nəzdində yaranan sual, problemlər, dəyərlər böhranı, yeni çağırışlarla bağlı böhran ucbatından xeyir. Bu gün dünya sürətlə dəyişir və çoxlu çətinliklər mövcuddur, yeni çağırışlar qarşısındayıq. Məncə bu hesabatdan dərhal sonra komitənin tərkibini dəyişməli, yeni komitə yaratmalıyıq. AŞPA çərçivəsində üzv dövlətləri barışdıran komitə yaratmalıyıq. Azərbaycan ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır, Ukraynanın, Moldovanın, Gürcüstanın və Rusiyanın öz problemləri var. Biz bir nəticəyə gəlməliyik, Assambleyaya qarşılıqlı hörmət gətirməliyik. Mədəniyyətimizə, beynəlxalq səviyyədə tanınan sərhədlərimizə, bütün 47 üzv dövlətə və hər birimizə hər bir mövzu üzərində müzakirə aparmaq imkanı verən bu Assambleyaya hörmət gətirməliyik. Buna ehtiyac var”.