25 may 2017 16:35
2279

DSX hərbçiləri mükafatlandırılıblar

Ölkəmizdə yüksək səviyyədə təşkil olunan, böyük təntənə ilə keçirilən və idmançılarımızın parlaq qələbəsi  ilə başa çatan IV İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini vermiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə 24 may 2017-ci il tarixdə görüş keçirilib.

“İki sahil” DSX-nın mətbuat mərkəzinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edərək tarix yazması, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti və dəstəyi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının dövlətimizin gücünün və iqtisadi qüdrətinin növbəti tərənnümünə çevrilməsi xüsusi qürurla vurğulanıb.

Görüşdə IV İslam Həmrəyliyi Oyunlarında qalib komandaların dövlət bayraqlarının idman meydanlarına çıxarılması və dalğalandırılması kimi məsuliyyətli və şərəfli missiyanın məhz Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına həvalə edilməsini yüksək etimad kimi qəbul edən sərhədçilərin vəzifələrinin öhdəsindən layiqincə gəldikləri iftixarla qeyd edilib. 

Mötəbər idman yarışında 162 medalla 54 ölkə arasında birinci olan Azərbaycan yığma komandasının tərkibində “Sərhədçi” idman klubunun üzvlərinin 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanması sərhədçilər tərəfindən ruh yüksəkliyi ilə qarşılandığı bildirilib.

Tədbirin sonunda IV İslam Həmrəyliyi Oyunlarında üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş hərbi qulluqçular mükafatlandırılıblar.

 Məhərrəm Ağalaroğlu