Azərbaycanın yüksələn hərbi qüdrəti, düşmənin artan təlaşı…

24 oktyabr 2018 21:42
3292

Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləri ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən amillər sırasındadır. Ön xətdə xidmət edən şəxsi heyətə mübarizə əzmi aşılamaqla Ali Baş Komandan bir daha orduya diqqət və qayğısını əsirgəmədiyini nümayiş etdirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daim yüksəltməkdir. Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərtdir.

Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində təşkil olunan rəsmi qəbulda Prezident İlham Əliyev qazanılan uğuru müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri hesab etdiyini vurğulayıb: "1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi. Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir".

Hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır. Dövlət başçısının baxış keçirdiyi “Polonez” və “Lora” əməliyyat-taktiki raket kompleksləri dünyada cəmi bir neçə orduda var. Son vaxtlara qədər “İsgəndər”lə öyünən ermənilər indi dərin təlaş keçirirlər. Ali Baş Komandan, Prezident İlham Əliyev Silahlı Qüvvələrdə irimiqyaslı köklü islahatların keçirilməsi, ordunun ən müasir, yüksək dəqiqlikli və böyük dağıdıcı gücə malik olan silah və hərbi texnika ilə təchizatı vəzifəsini qarşıya qoyub. Bu vəzifənin icra edilməsi çərçivəsində cəmi 3-4 il ərzində ordunun zirehli döyüş texnikası parkı böyük ölçüdə yenilənib. Hazırda Azərbaycan Ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan artilleriya qurğuları, reaktiv artilleriya sistemləri o qədər çoxsaylıdır ki, onlardan eyni vaxtda bir yaylım atəşi açılsa, düşmənin bütün mövqeləri darmadağın olar.

Təbii ki, Azərbaycan bununla kifayətlənmir və qarşıda bütövlükdə işğal altında olan torpaqların azad edilməsi məqsədinin durduğunu bütün dünyaya bəyan edir. Dövlət başçısı İlham Əliyevin bununla bağlı verdiyi mesajlar dünya KİV-lərinin diqqətini çəkməklə yanaşı, erməni ekspertlərin də analiz predmetinə çevrilir. Məsələn, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi şərəfinə təşkil edilmiş hərbi paraddakı nitqində vurğulamışdır: "Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır".

Ermənistan rəhbərliyini və ictimaiyyətini qorxuya salan əsas məqamlardan biri də bundan ibarətdir. Azərbaycan Ermənistanın istənilən strateji obyektini məhv edə bilər. Bunun üçün hərbi güc, peşəkarlıq və siyasi iradə vardır. Bütün bunlar Azərbaycanın hərbi gücünün konkret faktlarda təsdiqidir. Eyni zamanda, onun geosiyasi mənası da mövcuddur. Ermənistan ekspertləri Prezident İlham Əliyevin ciddi mesajlar verdiyini etiraf edirlər. Onların bir qismi açıq yazır ki, Azərbaycan Ordusu sürətlə silahlanır və addım-addım İrəvan istiqamətində irəliləyir. Bu baxımdan  erməni əsilli rusiyalı ekspert Armen Qasparyanın  yanaşmaları  erməni “ekspert” dairələri arasında ciddi təlaşın yaşandığının təsdiqi kimi də dəyərləndirilə bilər. Qasparyan yeni Ermənistan rəhbərliyini faktiki olaraq Azərbaycan qarşısında acizlikdə ittiham edir, onu simmetrik tədbirlər görməməkdə təqsirləndirir. Azərbayan Ordusunun hərbi xərclərinin 2003-cü ildən bəri 15 dəfə artırılması ilə bağlı Prezident İlham Əliyevin mövqeyinə şərh verən erməni “ekspert” Azərbaycanın “total müharibəyə”  hazırlaşdığını vahimə içərisində bəyan edir. Bu vəziyyətdə Ermənistan rəhbərliyindən konkret və adekvat mövqe gözləməyin əbəs olduğuna ehyam vuran Qasparyan bütün ümidlərini beynəlxalq ictimaiyyətə bağlayır. Sonra isə məyus halda bu kəlmələri işlədir: “Beynəlxalq ictimaiyyət də yəqin ki, növbəti dəfə susmağa üstünlük verəcək”.

Bir neçə gün öncə isə erməni politoloq Suren Sarkisyan öz "Facebook" səhifəsində bunları yazıb.  "Aylar öncə Bell-412 helikopterləri barədə danışmışdım. Bizim ictimaiyyət arasında çoxları iddia edirdi ki, həmin helikopterlər mülki təyinatlıdır və narahat olmağa heç bir səbəb yoxdur. İndi Azərbaycanın tamamilə hərbi təyinatlı MD-530F tipli hücum helikopterləri var. Əgər keçən dəfə böyük səs-küy qaldırsaydıq, indi belə şey olmazdı”.

Qeyd edək ki, bu gün ordumuz Ermənistanın paytaxtının 80 kilometrliyini belə nəzarətdə saxlaya bilir. Azərbaycan Ordusunun istifadəsində 300 kilometr məsafəni vura bilən mobil raket sistemləri mövcuddursa, bu, istənilən an İrəvanın və Ermənistanın hər bir strateji obyektinin yerlə-yeksan oluna bilməsi deməkdir.

Sevinc Azadi, “İki sahil”