26 oktyabr 2018 00:17
3196

Fransa ermənipərəst mövqeyindən əl çəkməlidir

Fransa bələdiyyə başçılarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərləri etnik təmizləmələrin, soyqırımlarının nəticələri ilə razılaşmaq deməkdir

Fransa ilə Azərbaycan arasında əlaqələr son illərdə əhəmiyyətli dərəcədə möhkəmlənib. Xüsusilə nəqliyyat, turizm, mədəniyyət, ərzaq-yeyinti, mehmanxana, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar, telekommunikasiya və s. sahələrdə iqtisadi yüksək əlaqələr qurulub. Azərbaycan və Fransa preizdentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında səmərəli tərəfdaşlığın inkişafı üçün geniş perspektivlər açır.

Lakin son zamanlar Fransanın bir neçə  bələdiyyə başçılarının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etmələri bütün bunların üzərinə kölgə salır. Həmçinin Fransanın  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyin səmimiliyinə  çox haqlı olaraq əsaslı şübhələr yaradır.

Ötən ay ərzində Fransanın Alforvil, Valans, Sent-Etyen, Arnuvil bələdiyyə başçılarının Azərbaycan Respublikasının  təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfərlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulmasıdır. Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa edilən bu cür səfərlər  Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.

Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər sifariş əsasında həyata keçirilib

Fransada Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın, bu ölkədə erməni lobbisinin maliyyəsi ilə respublikamızın əleyhinə fəaliyyət göstərən bir qrupun, qondarma “Dağlıq Qarabağ rejimi” ilə “dostluq dərnəyi”nin digər üzvlərinin belə səfərlərə qoşulması onların erməni millətçilərindən sifariş aldıqlarının açıq-aşkar sübutudur. Əslində Fransa bələdiyyə başçılarının qeyd edilən səfərləri qondarma rejimin sui-istifadə etdiyi işğal və azərbaycanlıların kütləvi etnik təmizlənmələri əsasında qurulan status-kvonun təşviqi üçün nəzərdə tutulmuş təxribatdan başqa bir şey deyil. Belə ki, Fransadan olan bələdiyyə başçılarının işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı qondarma “yerli hakimiyyətləri” ilə “bəyannamə”lər imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmənin nəticələri ilə razılaşmaq deməkdir. 

Azərbaycanın işğal edilmiş ərazilərinə edilən bu qanunsuz səfərlər Fransanın özünün də qanunvericiliyi ilə ciddi ziddiyyət təşkil edir. Yerli özünüidarəetmə orqanlarının bu cür təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhu ilə, eləcə də Fransanın milli qanunları ilə ziddiyyət təşkil edir. Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təmimi təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamağı, səfərlər həyata keçirməyi və birgə tədbirlər təşkil etməyi qadağan edir. Fransa Konstitusiyasının 73-cü maddəsi və Yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təmimi təlimat məcburi xarakter daşıyır.

Separatizmin təşviqinə xidmət edən qanunsuz addımlar  ATƏT Minsk qrupunun həmsədri qismində Fransa  barəsində etimadın ciddi şəkildə sarsılmasına xidmət edir

Çox təssüf ki, məlum olmayan səbəblərdən Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə dair bu sənədin müddəalarının dərhal və qeyd-şərtsiz həyata keçirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın ATƏT-in Minsk qrupunun həmsədri qismində çıxış etdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir və həmçinin Fransanın vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir və bu ölkə barəsində etimadın ciddi şəkildə sarsılmasına xidmət edir.

Azərbaycan ictimaiyyəti Fransa hökumətindən beynəlxalq hüququn, Fransa qanunvericiliyinin və Azərbaycan qanunlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu qanunsuz səfərlərlə bağlı dərhal ölçü götürülməsini gözləyir. Əslində Fransa Xarici İşlər Nazirliyi tərəfindən qondarma rejimin tanınmaması barəsində verilən açıqlama isə qənaətbəxş xarakter daşımır. Fransa höküməti bu üzdəniraq qondarma rejimi nəinki tanımamalı, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir. Çox təəssüf ki, bu günə qədər biz bunun şahidi olmamışıq.

Bütün bunlardan əlavə, özünü mühacir adlandıran bəzi Azərbaycan vətəndaşları Fransanın ərazisində yerləşərək ölkəmizdə terror və zorakılığa çağıran bəyanatlarla çıxış edirlər. Fransa hökuməti tərəfindən nifrət nitqi əsasında terrora və zorakılığa çağırış edən bu şəxslərin fəaliyyətinin qarşısını almaq üçün heç bir hüquqi tədbir görmür.

Azərbaycan Fransa şirkətləri ilə əlaqələrini yenidən nəzərdən keçirə bilər

Fransanın “Suez”, “Total”, “Thales”  şirkətləri Azərbaycanda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrdə iştirak edirlər. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Bunun müqabilində Fransanın ikitərəfli əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi kontekstində mövqeyi məqbul deyildir. Əgər Fransa Azərbaycana və təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə münasibətdə bu kimi mövqeyini sərgiləməkdə davam etdirəcəksə, Azərbaycanın Fransa şirkətləri ilə əlaqələrini yenidən nəzərdən keçirməsi qaçılmaz olacaq.

Zahid Rza, “İki sahil”