26 oktyabr 2018 17:18
3035

AFFA-nın prezidenti Andrey Pavelko ilə görüşüb

AFFA-nın prezidenti Rövnəq Abdullayev Ukrayna Futbol Federasiyasının (UFF) rəhbəri Andrey Pavelko ilə görüşüb.

AFFA-dan bildiriblər ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Vorskla” oyununu izləmək üçün Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Pavelko Bakıda səfərdə olub. Bakı Olimpiya stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevlə A.Pavelko arasında keçirilən görüşdə AFFA ilə UFF arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Söhbət zamanı iki ölkənin futbol qurumlarının müxtəlif istiqamətlər üzrə tərəfdaşlığının perspektivləri müzakirə olunub. Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun təbliğat kampaniyası çərçivəsində Azərbaycan və Ukraynanın futbol veteranları arasında yoldaşlıq oyununun təşkil olunması barədə fikir mübadiləsi aparılıb, ilkin razılığa gəlinib.

Andriy Pavelko Ukrayna Futbol Federasiyanın nümayəndə heyəti adından görüşün təşkilinə və səmərəli müzakirələrə görə minnətdarlığını bildirib.