26 oktyabr 2018 18:32
2235

Azərbaycan münaqişələrin həlli yollarının müzakirə olunduğu məkana çevrilib

VI Bakı Beynəxalq Humanitar Forumunda səslənən fikirlərdən belə başa düşülür ki, forumda iştirak edən ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Trend-in məlumatına görə, bunu Forumda iştirak edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev əlavə edib ki, Humanitar Forum ilk dəfə Azərbaycan və Rusiya prezidenlərinin birgə təşəbbüsü ilə keçirilib: "Bu təşəbbüs artıq bütün hüdudları keçərək beynəlxalq tədbir statusu alıb. Bu təşəbbüs çox mötəbər təşkilatlar tərəfindən dəstəklənir. Bu gün bu tədbirdə bir çox beynəlxalq təşkilatlar fəal şəkildə iştirak etdilər. Biz onlara verdikləri dəstəyə görə təşəkkür edirik".

Nazirin sözlərinə görə, Bakı Prosesi qarşımızda duran hədəflərə doğru atılan addımdır: "Bakı Prosesinin uğurlu olması rəqəmlərdən də görünə bilər. Forumda 90-a yaxın ölkənin nümayəndəsi iştirak edib. Bu onu göstərir ki, Azərbaycan münaqişələrin həlli yollarının müzakirə olunduğu məkana çevrilib".

Ə.Qarayev vurğulayıb ki, forumun materialları çap olunacaq.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.