29 oktyabr 2018 16:39
6147

Psoriaz tam sağalmasa da, onu müalicə etmək mümkündür

Beynəlxalq təqvimdə oktyabrın 29-u Dünya Psoriaz Günü kimi qeyd edilir. 2004- cü ildən təsis edilən bu günün təşəbbüsçüsü Beynəlxalq Psoriaz Assosiasiyaları Federasiyası olub.

AZƏRTAC xəbər verir ki, günün keçirilməsində məqsəd insanların diqqətini bir daha bu xəstəliyə yönəltmək və onları maarifləndirməkdir. Statistik məlumatlara görə, dünya əhalisinin 3 faizə qədəri psoriaz və ya psoriaz artritindən əziyyət çəkir.

Psoriaz tam sağalmayan xəstəliklər sırasına daxildir. Lakin düzgün müalicə olunanda onun xarici təsiri əhəmiyyətsiz və hətta keçərli ola bilər. Bu, ən yayılmış dəri xəstəliklərindən biridir və səpgi, qızartı və bədənin müəyyən nahiyələrində dəri qabığının soyulması şəklində özünü göstərir. Psoriaz və ya pullu dəmrov dərinin avtoimmun, xroniki gedişə malik yolxucu olmayan xəstəliyidir. Problem sadəcə dərini zədələmir, eyni zamanda pasiyentlərin psixoloji, sosial və mədəni həyatını da mənfi təsir göstərir.

Pullu dəmrov dəri ilə məhdudlaşmır və bəzi hallarda daxili orqanların da zədələnməsinə gətirib çıxardır. Oynaqlardakı iltihabı reaksiya psoriatik artiritə səbəb ola bilər. Bundan əlavə pullu dəmrov obezlik, şəkərli diabet, ürək-damar xəstəlikləri, sümük-əzələ sisteminin pozuntularına da səbəb ola bilər. Belə xəstələrin diaqnozu dəqiqləşdiriləndən sonra daim dermatoveneroloq nəzarətində qalmaları məsləhətdir. Psoriaz xəstəliyi biryolluq aradan qaldırılmasa da, bu xəstəliyin müalicəsi və xəstələrin normal həyata qaytarılması üçün çoxlu dərmanlar var ki, uğurla tətbiq edilir. Psoriaz xəstələri sadəcə dərman müalicələri ilə məhdudlaşmamalı, daim hərəkətdə olmalı, stressli işlərdən və mühitdən uzaq durmalı, yaz-yay aylarında günəş vannaları qəbul etməlidirlər.