30 oktyabr 2018 15:09
2537

Gənc müəllimlərlə görüşlər davam edir

Təlimə Dəstək Mərkəzi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüşlər keçirilir.

BŞTİ-dən bildiriblər ki, görüşlərin əsas məqsədi gənc müəllimlərin məktəb mühitinə uyğunlaşmasına təkan vermək, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması baxımından onları istiqamətləndirmək, tədris prosesində ünsiyyət mədəniyyətini yüksəltmək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaqdır.

Görüşlərdə sağlam müəllim-şagird münasibətlərinin tənzimlənməsi, müəllimin etik davranış qaydaları və sinfin idarə olunması ilə bağlı məsələlərə toxunulur. Gənc müəllimlər sinif rəhbəri haqqında əsasnamə ilə yaxından tanış olurlar.

Qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılır, milli-mənəvi dəyərlərə yiyələnən, millətini və Vətənini sevən, bilikli gənc nəslin yetişdirilməsində gənc müəllimlərin səylə çalışması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilir. Həmçinin görüşlərdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.