30 oktyabr 2018 19:35
2637

BSU-nun professor-müəllim heyəti təltif olunub

Oktyabrın 30-da Bakı Slavyan Universitetində (BSU) elmi şuranın iclası keçirilib. İclasda “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiası”na uyğun fənn kurikulumlarının tərtibi və tədris standartlarının tətbiqi əsasında Təhsil Nazirliyinin xətti ilə keçirilən tədbirlər, bu istiqamətdə universitetdə görülən işlər, “SABAH” qruplarının fəaliyyəti, yeni tədris ili üçün qrupların formalaşdrılması, professor-müəllim heyəti üçün əlavə təhsil tədbirlərinin təşkili, pedaqoji ixtisaslar üzrə müəllimlərin işə qəbulu imtahanlarında məzunların iştirakı, nəticələr, istehsalat və pedaqoji təcrübənin keçirilməsi məqsədilə orta ümumtəhsil məktəbləri, baza müəssisələri ilə əlaqələrin qurulması və digər məsələlər müzakirə olunub.

BSU-dan bildiriblər ki, əvvəlcə rektor, professor Nurlana Əliyeva universitetin bir qrup professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyətlərindəki uğurlarına görə təşəkkürnamə təqdim edib. Nurlana Əliyeva Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasın BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun “Tərəqqi” medalı ilə təltif olunmasını universitetə verilən dəyər kimi qiymətləndirib.

Sonra rektor pedaqogika və psixologiya kafedrasının dosenti Zemfira Mehrəliyevanı, BSU-nun nəzdində Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi İradə Nəbiyevanı Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı” aldıqlarına görə təbrik edib.

Nurlana Əliyeva BSU-nun beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı İlyas Hüseynovu Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Arxız qəsəbəsində PRO natiqlik “Multikultural mühitdə ictimai çıxışların, danışıqların, debatların aparılması sənəti” beynəlxalq elm-təhsil forumunda “Ən yaxşı natiq” nominasiyası üzrə birinci yer tutması münasibətilə təbrik edib.

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun fənn kurikumlarının tətbiqi ilə Təhsil Nazirliyi tərəfindən keçirilən tədbirlər və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Prorektor, dosent Xanım Sultanova elmi şurada universitetdə aparılan təlim-tərbiyə işləri və həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə hesabat məruzəsi ilə çıxış edib.