30 oktyabr 2018 20:00
3131

Vəkillik fəaliyyəti ilə bağlı qanunlar sadələşdirilməlidir

"Azərbaycanda vəkillik və vəkillik fəaliyyəti haqqında kifayət qədər qanunvericilik bazası var. Vəkillərin seçilməsi ilə bağlı vahid forma var. Lakin nümayəndəliklər ləğv edildikdən sonra vəkillik institutuna böyük ehtiyac yaranıb”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatI Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, vəkillik fəaliyyəti ilə bağlı qanunlarda sadələşdirilmə aparılmalıdır: “Vəkillik fəaliyyətinə üz tutan gənclərə imkanlar yaradılmalıdır. Düşünürəm ki, onlar vəkil kimi prosesə cəlb edildikdən sonra püxtələşib yaxşı kadr kimi formalaşa bilərlər”.

S.Novruzov çıxışında vəkillərin Milli Məclisdə qanunlara edilən dəyişikliklər haqqında məlumatlandırılmasının vacibliyini qeyd edib: “Keçmişdə bununla bağlı institutlar var idisə, hazırda belə instutlar yoxdur. Milli Məclisin demək olar ki, hər iclasıda İnzibati Xətalar, Mülki, Əmək Məcəllələrinə dəyişikliklər edilir. Lakin nədənsə fəaliyyət göstərən vəkillər bir çox hallarda bunlardan xəbərsiz olurlar. Vəkillərin dəyişikliklərdən xəbərdar olması üçün onlara təlim keçirilməlidir. Baxırsan ki, çoxları prosedur qaydasını bilir, lakin dəyişiklikdən xəbərləri yoxdur. Biz vəkillərin dəyişikliklərlə bağlı maariflənməsinə diqqət göstərməliyik”.

Deputat çıxışı zamanı vəzifəsini düzgün yerinə yetirmədiyinə, rüşvətxorluq və digər neqtiv hallara görə səlahiyyətlərinə xitam verilən vəkillərin sonradan yenidən vəkil kimi fəaliyyətinə etirazını bildirib: “Belə şəxslərin sonradan vəkil kimi fəaliyyət göstərməsi etik qaydalara uyğun deyil. Düzdür, onlar imtahanla işə qəbul olunur. Lakin fəaliyyətində nöqsana görə işindən məhrum olunanlar yenidən vəkillik fəaliyyəti ilə məşğul olmamalıdırlar. Bura eyni zamanda vaxtilə hüquqları pozan hüquq müafiəçiləri də daxildir. Onların ədliyyə və digər orqanlarda çalışması qeyr-mümkündür. Həmin şəxslərə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək göstərilməməli və heç bir maliyyə yardımı edilməməlidirlər. Belə şəxslər Avropa Şurasına, ayrı-ayrı strukturlara yalandan siyahılar göndərməklə məşğuldurlar”.