31 oktyabr 2018 00:52
3117

Siyasi islahatların dərinləşməsi iqtisadi islahatlara daha böyük təkan verir

“Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir. Qeyd etməliyəm ki, ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulubdur ki, bu sərmayənin yarısı xaricdən gələn vəsaitdir.” Dövlətimizin başçısı İlham Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumunda uğurlarımızın və onların fonunda hədəflərimizin təqdimatı kimi dəyərləndirilən nitqində əksini tapan bu fikirlər  hüquqi, sivil, demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın  əldə etdiyi uğurların aydın mənzərəsini yaradır. Hər bir inkişafın təməlində dayanan sabitlik demokratik cəmiyyətin əsas atributu kimi ölkəmizdə  yüksək səviyyədə qorunur, ən əsası sarsılmaz və daimi olan  xalq-iqtidar birliyi sabitliyin təminatçısıdır.

İqtisadi inkişaf modeli, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən, hazırda beynəlxalq birliyin fəal üzvü kimi söz sahibliyini diqqətçəkən addımları ilə təsdiqləyən  Azərbaycan cənab  İlham Əliyevin böyük inamla söylədiyi kimi,  sürətlə müasirləşir, yeniləşir. VI Bakı Beynəlxalq Humanitar Forumunda da qeyd edildiyi kimi,  Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Beynəlxalq Humanitar Forumlara,  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Davos Dünya İqtisadi Forumuna və digər yüksək səviyyəli qlobal tədbirlərə ev sahibliyi etməklə müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən ölkə olaraq dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqəti yönəldən Prezident İlham Əliyev  bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.

Cari ilin ötən dövründə  Prezident İlham Əliyevin xarici ölkələrə,  eyni zamanda, bir sıra xarici  ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin, bununla yanaşı respublikamızda və digər ölkələrdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin say tərkibinə, təmsil olunan  dövlətlərin coğrafiyasına diqqət yetirsək, Azərbaycanın beynəlxalq arenada önəmi daha aydın görünür. Almaniyanın Federal Kansleri Angela Merkelin, həmçinin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri  Con Boltonun  Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda keçirdikləri görüşlərdə də ölkəmizin demokratik inkişafına, regionda sabitləşdirici roluna  xüsusi diqqət yönəldilmişdir. Nəzərə alaq ki, C.Boltonun səfərinə birbaşa aidiyyəti olan təhlükəsizlik məsələsində Azərbaycan regional sabitlik modelinin təşəbbüskarıdır. ABŞ rəsmisinin ölkə Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bir sıra mühüm məsələlərə diqqət yönəldilmişdir ki, bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli,  “Azadlığı müdafiə aktı”na ədalətsiz 907-ci düzəliş, həmçinin müxtəlif sahələrdə  əməkdaşlığın perspektivləri olmuşdur.

İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində aparılan müzakirələrdə  diqqət yönəldilən və bu günümüz üçün aktuallığını saxlayan əsas məsələlərdən biri  iqtisadi müstəqillik olmadan siyasi müstəqilliyə nail ola bilməzliyin əsaslı şəkildə şərhidir. Dövlətimizin başçısı İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda  Azərbaycanın iqtisadi uğurlarına, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlara və onların uğurlu nəticəsi olaraq, bu gün yoxsulluq və işsizlik  səviyyəsinin 5 faiz olmasına diqqət yönəldərək bildirmişdir ki, bu   maddi resursların insan kapitalına çevirilməsinin göstəricisidir. Uğurların təməlində dayanan  amillər sırasında ölkəmizdə mövcud olan sabitlik  xüsusi vurğulanaraq bildirilmişdir ki, investorlar və şirkətlər tam  əmindirlər ki, inkişaf təhlükəsizlik və sabitlik olan yerdə mümkündür. Qanunun aliliyi, insan hüquqlarının qorunması da  sabitlik yaradan amillərdir.

Dövlətimizin başçısı İlham Əliyevin Belçikaya səfəri çərçivəsində imzalanan “Tərəfdaşlığın prioritetləri” adlı sənəddə də Azərbaycanın demokratiya təcrübəsinə dəstək öz aydın ifadəsini tapıb.  “Avropa İttifaqı ilə  Azərbaycan arasında  bu gün müzakirə olunan yeni sazişdə  də demokratik məsələlərə geniş yer ayrılır. Yəni, biz bu yola şüurlu şəkildə  getmişik, heç kim bizi məcbur etməyib” söyləyən ölkə Prezidenti İlham Əliyev bu reallığı da diqqətə çatdırmışdır ki,  Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqanı fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da  kifayət qədər çoxdur.  Yəni, Azərbaycanda  heç kim tənqidə, fərqli baxışa  görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər.

Azərbaycanın demokratik inkişafını səciyyələndirən mühüm amillərdən biri də  ölkəmizin tolerantlıq, multikulturalizm təcrübəsinin nümunəviliyidir. VI Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin ötən dövrdə əldə etdiyi uğurlara bir daha işıq saldı. Qeyd olundu ki, keçirilən tədbirlərin, müzakirələrin bir məqsədi var-  sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyillərin qarşısı alınsın. ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin səsləndirdiyi fikirlər dünyaya haqqı, ədaləti müdafiə etmək mesajı idi.  “Dünya ədalətli, düzgün olmalıdır ki, bu məsələlərin aradan qaldırılmasına nail olunsun. Bu, həlledici məsələdir, bu məsələlərə səmimi yanaşılmalıdır. Ümumiyyətlə, bir insan digər insanın ərazisini işğal etdiyi halda siz dünyada sülhə, təhlükəsizliyə nail ola bilməzsiniz. Bu, beynəlxalq hüquqa ziddir, bu, ümumiyyətlə, dinlərə qarşı olan bir addımdır, bütün etikadan və mənəviyyatdan uzaq olan bir addımdır. Bu problemlərin həlli bizdən nəyi tələb edir? Biz beynəlxalq hüququn ruhuna, prinsiplərinə riayət etməliyik” söyləyən İSESCO-nun baş direktoru bildirdmişdir ki,  dünyanı təhlükəsiz etmək üçün təbii ki, ədaləti təmin etməliyik. Forum bu nailiyyətin əldə olunması istiqamətində irəliyə doğru atılan bir addımdır.

Belə bir ümumiləşdirmə apara bilərik  ki, dünyada hüquq problemi həll olunsa, ədalətə ədalət gözü ilə baxılsa  bütün münaqişəli məsələlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz ədalətli həllini tapar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayış, bir sözlə, sabitlik demokratik inkişafı sürətləndirməklə yanaşı, iqtisadi tərəqqini də qaçılmaz edər.  VI Bakı Beynəlxalq Humanitar Forumunda qeyd olunduğu kimi, bu istəyə səylərin birləşdirilməsi əsasında nail olmaq mümkündür.

Yeganə Əliyeva, “İki sahil”