31 oktyabr 2018 14:29
2065

Aqroparklar: ixrac potensialının artırılmasına böyük töhfə

Son illərdə Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və icra olunan Dövlət proqramları nəticəsində dövlət tərəfindən hərtərəfli dəstək alan sahibkarlar yeni zavod, fabrik və digər istehsal müəssisələri yaradırlar. Bununla da ölkəmizin iqtisadi potensialı artır, özəl sektor inkişaf edir və ən əsası işsizlik problemi aradan qaldırılır. Bölgələrdə yeni müəssisələrin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Fərmanla aqroparkların yaradılması da məhz bu problemlərin aradan qaldırılmasına yönəlib.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq artıq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar fermer təsərrüfatlarının idarə olunmasının mütərəqqi aqrar-sənaye üsuluna keçidinin inteqrasiyasını, məhsuldarlığın artırılması və saxlama şəraitinə görə itkilərin azaldılmasını, ixrac coğrafiyasının genişləndirilməsini və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara sabit və etibarlı çıxışını təmin etməyə müsbət təsir göstərir.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin 30 rayonu üzrə 192 min hektar ərazidə 45 aqroparkın yaradılması işləri sürətlə davam etdirilir. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına imkan verəcək.

Ölkə Prezidenti  İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışı zamanı bildirib ki, rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir: “Onu da deməliyəm ki, aqroparkların yaradılması üçün dövlət öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində müxtəlif infrastruktur layihələri icra edilmişdir. Dövlət hər şeyi edir ki, fermerlər, kəndlilər daha yaxşı yaşasınlar.”

Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının artırılmasında xüsusi əhəmiyyət kəsb edən aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin formalaşmasında, yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.

Belə aqroparklardan biri də Qax rayonunun Ağyazı kəndinin ərazisindədir. Xəbər verildiyi kimi, ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak ediblər. Mərasimdə çıxış edən dövlətimizin başçısı vurğulayıb ki,  Qax rayonunda aqroparkın yaradılması çox gözəl hadisədir: “Çox şadam ki, bu torpaqlarda gözəl bağlar salınıb, işlər görülüb. Mənə verilən məlumata görə, burada, ilk növbədə, dövlət öz dəstəyini göstərib və özəl sektor sərmayə qoyub. Aqroparkların yaradılması artıq ölkəmizdə dövlət proqramıdır və bu proses geniş vüsət alıb. Bu ilin sonuna qədər 13 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulur. Onlardan biri də Qax aqroparkıdır. Ümumiyyətlə, 45 aqroparkın yaradılması nəzərdə tutulur və bu aqroparklarda işləyən insanların sayı minlərlə, on minlərlə olacaqdır. Təkcə Qax aqroparkında 100 daimi və 100 mövsümi iş yeri yaradılır.”

Qeyd edək ki, aqroparkda 1200 hektar sahədə buğda, 169 hektarda qarğıdalı və 65 hektarda soya əkilib. Bundan başqa, 217 hektar badam, 50 hektar qoz, 32 hektar şaftalı, 30 hektar alma, 23 hektar gavalı, 12 hektar ərik və 11 hektar gilas bağları salınıb. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının illik istehsal gücü 3 min ton meyvə, o cümlədən alma, armud, gilas, ərik, şaftalı və gavalıdır. Bundan başqa, burada il ərzində 0,5 min ton badam, 0,4 min ton qoz, 5,2 min ton taxıl, 2,4 min ton qarğıdalının istehsalı nəzərdə tutulub. Ümumilikdə, burada illik 15,2 milyon manatlıq məhsulun istehsalı gözlənilir. Bu aqropark kənd təsərrüfatının inkişafına təkan verməklə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı, ölkəmizdə rəqabətqabiliyyətli məhsulların sayının və çeşidinin artırılması, ixrac potensialımızın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Aqroparkın müasir logistika mərkəzi də var. Burada yaradılan idarəetmə mərkəzində iclas və brifinq zalları, kənd təsərrüfatı mütəxəssislərinin qalması üçün on nəfərlik yataq otaqları yaradılıb. Layihənin icrası zamanı aqroparkın logistika mərkəzində informasiya-kommunikasiya texnologiyalarının son yenilikləri tətbiq edilib. Tutumu 4,5 min ton olan taxıl anbarı, sahəsi 5,4 min kvadratmetr olan bina tipli 4 anbar, ofis və yardımçı binalar tikilib. Logistik mərkəzdə, eyni zamanda, 7 yataqxana binası, maşınyuma məntəqəsi inşa olunub, elektron tərəzi, transformator yarımstansiyası, generator quraşdırılıb. Aqroparkda istifadə üçün 13-dən çox adda 54 ədəd texnika və aqreqat alınıb. Gələcəkdə aqroparkın fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Şübhə yoxdur ki, yeni yaradılan aqropark rayon iqtisadiyyatının sürətli inkişafına, aqrar sahənin ixrac potensialının artmasına, əhalinin məşğulluğunun təmin olunmasına öz töhfəsini verəcək.

Orxan Vahidoğlu, “İki sahil”