31 oktyabr 2018 14:46
1303

Qasırğa və aramsız yağışlar böyük dağıntılar törədib

Avstriyanın Karintiya bölgəsində qasırğa və aramsız yağışlar böyük dağıntılar törədib

Avstriyanın Karintiya və Şərqi Tirol bölgələrində oktyabrın 30-da baş verən qasırğa və leysan yağışlar böyük dağıntılara səbəb olub.

AZƏRTAC xəbər verir ki, leysan yağışlar nəticəsində Gayl, Möll və Drau dağ çaylarında suyun səviyyəsi qalxsa da, güclü daşqınlar baş verməyib. Ekspertlərin son yüz ilin ən güclü daşqınlarının olacağı barədə verdikləri proqnozlara baxmayaraq, dağ çayları məcralarından ehtimal olunan dərəcədə çıxmayıblar.

Baş vermiş təbii fəlakət nəticəsində on mindən artıq mənzil enerjisiz qalıb, bəzi ərazilərdə dəmir və avtomobil yollarında hərəkət dayanıb.

Saatda 180 kilometr sürətlə əsən külək fövqəladə hallar orqanlarının işində çətinliklər yaradıb. Bununla belə rəsmi qurumlar vəziyyəti kafi dəyərləndiriblər, Avstriyanın Karintiya əyalətində gözlənilən çay daşqınlarının baş verməməsi dəymiş zərərin yüksək olmayacağını göstərir. Zaltsburq, Karintiya və Şərqi Tirolda yerli qurumlar qasırğanın vurduğu fəsadları aradan qaldırmağa başlayıblar.