31 oktyabr 2018 16:06
3421

SOCAR: Karbamid zavodunda işlərin 99,9 faizi yekunlaşıb

"SOCAR-ın bu il istismara veriləcək Karbamid zavodunda ümumi işlərin 99,9 faizi tamamlanıb. Hazırda zavodda sınaq-sazlama işləri aparılır", - deyə şirkətin məlmatında deyilir.

Qeyd edək ki, Karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanıb. Zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq. Ötən ilin yanvarında SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreya Respublikasının “İxrac-İdxal Bankı”ndan vəsait cəlb edib. Bank zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırıb.

Sumqayıtdakı Azot gübrəsi - karbamid istehsalı zavodunun layihəsi 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir. Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.

Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir. Karbamid zavodunun illik gəlirinin 140-150 milyon dollar olması planlaşdırılır.