31 oktyabr 2018 17:34
1940

Ölkə əhalisinin illik artım sürəti 1, 3 faizə yaxındır

Ölkəmiz demoqrafik baxımdan sabit inkişaf edir. Təkcə bu faktı göstərmək kifayətdir ki, 2006–2017-ci illər ərzində respublikamızda əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olub. Bu, Avropa ölkələri arasında ən yüksək göstəricilərdən biri sayılır.

AZƏRTAC xəbər verir ki, bu, ölkə başçısının təsdiq etdiyi “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” haqqında Sərəncamda da öz əksini tapıb.

Həmin Sərancamda göstərilir ki, hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələyir. Azərbaycanda əhalinin sayı bu il yanvarın 1-nə 9898,1 min nəfər olaraq göstərilib. Ölkə əhalisinin 52,9 faizi şəhərlərdə, 47,1 faizi isə kəndlərdə yaşayır, əhalinin 50,1 faizini isə qadınlar təşkil edir.

BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaqdır.