31 oktyabr 2018 18:44
2152

UNEC-i seçən əcnəbi tələbələrın sayı artır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əcnəbi tələbələrin sayı ilbəil artır.

UNEC-dən bildirilib ki, 2018/2019-cu tədris ilində UNEC-ə bakalavr, magistratura və doktorantura pilləsi üzrə 80 əcnəbi tələbə qəbul olub. Onlardan 8-i İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv olan dövlətlərin təhsil qrantı hesabına burada təhsil almaq hüququ qazanıb. Təhsil qrantı hesabına UNEC-ə qəbul olan əcnəbilərdən 3-ü Beynəlxalq İqtisadiyyat Məktəbində bakalavr, 4-ü Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində magistr, bir nəfər isə doktorantura pilləsi üzrə ingilis dilində təhsil alır. Tələbələr Əfqanıstan, Efiopiya, Keniya, Mavriki, Qambiya, Svazilend, Tailand və Yəmən vətəndaşlarıdırlar.

Ümumilikdə isə UNEC-də təhsilin bakalavr, magistratura və doktorantura pilləsi üzrə 245 əcnəbi tələbə təhsil alır. Onların arasında Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Çin, İran, Küveyt, Pakistan vətəndaşları üstünlük təşkil edir.

Qeyd edək ki, əcnəbi tələbələrin UNEC-ə qəbul prosesi elektron formada aparılır.