31 oktyabr 2018 21:06
2366

Şahzadə Çarlz üç ildən sonra Böyük Britaniyanın kralı ola bilər

Böyük Britaniya kraliçası II Elizabet taxtını böyük oğlu – Uels şahzadəsi Çarlza verməyi planlaşdırır. Vəliəhd üç ildən sonra taxta çıxa bilər.

AZƏRTAC xəbər verir ki, TASS informasiya agentliyinin məlumatına əsasən, “Daily Mirror” qəzeti bu barədə “Charles at 70: Thoughts, Hopes And Dreams” (Çarlz 70 yaşında: Düşüncələr, ümidlər və arzular) kitabına istinadla yazıb.

Belə ki, Böyük Britaniya kraliçası II Elizabet 95 yaşında dövlət işlərindən uzaqlaşmağı düşünür. “Zati-aliləri vəliəhd şahzadəni naib təyin etmək istəyir. Beləliklə Çarlz sözün əsl mənasında kral ola bilər, lakin II Elizabet formal olaraq ömrünün sonuna qədər öz xalqına xidmət edəcək”, - deyə məqalədə bildirilir.

Qanunvericiliyə əsasən, kral naibi 21 yaşdan yuxarı Britaniya vətəndaşı olmalı və Birləşmiş Krallığın ərazisində yaşamalıdır. Bu parametrlərə görə, atası III Georqun (1738-1820) ağır xəstəliyindən sonra 1810-1820-ci illərdə krallığı idarə edən yeganə kral naibi IV Georq (1762-1830) olub.

Qeyd edək ki, II Elizabet 1952-ci ildə 25 yaşında monarx hüququna yiyələnib. O, 2015-ci ilin sentyabrında kraliça Viktoriyanın hakimiyyətdə qalma rekordunu yeniləyib. 2016-cı il oktyabrın 13-də Tailand kralı Pumipon Adulyadet vəfat etdikdən sonra hazırda sağ olan krallar arasında uzun müddət taxtda qalan monarx titulunu qazanmış II Elizabet 2018-ci il aprelin 21-də 92 yaşını qeyd edib.