31 oktyabr 2018 22:06
2224

Rəyasət Heyəti aktual məsələləri müzakirə edib

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 17 oktyabr 2018-ci il və “Görkəmli alim Baba Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci il tarixli sərəncamlarından irəli gələn vəzifələrdən danışıb. Akademik Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi İbrahim Səfiyevin həyat və yaradıcılığı ilə bağlı elmi araşdırmaların aparılması və eyni zamanda orta əsrlərdə yaşamış, türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi Baba Nemətullah Naxçıvaninin irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar müvafiq tapşırıqları diqqətə çatdırıb.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarına İbrahim Səfiyevin həyat və yaradıcılığı ilə bağlı elmi araşdırmaların aparılması tapşırığı verilib. O cümlədən Baba Nemətullah Naxçıvaninin irsinin Türkiyədə araşdırılması üçün Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat İnstitutlarının və Əlyazmalar Fondunun əməkdaşlarından ibarət Tədqiqat Qrupu yaradılıb.

Bundan əlavə, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı ilə əlaqədar bölmədə beynəlxalq və elmi konfransların keçiriləcəyi qərarlaşdırılıb.

Daha sonra Bölmənin Bioresurslar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimovun “Naxçıvan Muxtar Respublikasının meşə ekosistemində yayılan meyvə bitkiləri və onların istifadə perspektivləri” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzəçi Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərindən biri olan yabanı meyvə və giləmeyvə bitkilərinin yayıldığı başlıca zonaların müəyyən edildiyini və təbii ehtiyatının öyrənildiyini bildirib. Alim yabanı meyvə bitkilərinin öz tərkibindəki vitaminlərə, mineral maddələrə və müalicə əhəmiyyətinə və bir sıra genetik xüsusiyətlərinə görə mədəni sortlardan fərqləndiyini deyib. O, məlumat verib ki, meşə ekosisteminin tərkibində 152 növ yabanı meyvə və giləmeyvə bitkiləri yayılıb ki, onların da 102 növündən qida kimi istifadə olunur.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

İclasda Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov Bölmənin elmi müəssisələrində 2018-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların keçirilməsi haqqında çıxış edib. O, eyni zamanda muxtar respublikanın orta ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçirilməsi ilə bağlı Rəyasət heyətinin üzvlərinə məlumat verib. Bildirib ki, bölmənin elmi dərəcəsi olan əməkdaşlarının Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərdə nümunəvi dərslərdə iştirakının qrafiki hazırlanıb və həyata keçirilir. Vurğulanıb ki, cari ildə bölmənin 53 elmi dərəcəli əməkdaşı muxtar respublikanın ümumtəhsil məktəblərində müxtəlif fənlər üzrə ayda bir dəfə nümunəvi dərs tədris edir.

Daha sonra Bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının tərkibində dəyişiklər edilib, 5 nəfərdən ibarət yeni tərkib yaradılıb. Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova Gənc Alim və Mütəxəssislər Şurasının sədr seçilib.

Sonda bir sıra elmi-təşkilati və cari məsələlərə də baxılıb.

Nərgiz Nəcəfli