31 oktyabr 2018 22:11
2389

Cinsi azlıqların ümidinə qalan ermənilər

Növbədə daha hansı “üzdəniraqlar” var?...

Ermənilərin qondarma “Dağlıq Qarabağ respublikası”nı dünyada tanıtmaq üçün göstərdikləri yersiz cəhdlər heç bir nəticə vermir. Əksinə, son illərdə dünyanın nüfuzlu beynəlxalq təşkilatları və demək olar ki, əksər dövlətləri Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqlarını dəfələrlə həm bəyan ediblər, həm də rəsmi sənədlərdə ifadə ediblər.

Bütün bunlara baxmayaraq erməni lobbisi müxtəlif şəxslərin Dağlıq Qarabağa qanunsuz səfərlərini təşkil edərək separatçı qurumun beynəlxalq “əlaqələrinin inkişaf etdiyi” görüntüsü yaratmağa çalışır. Lakin burada da onların köməyinə ciddi, özünə hörmət edən şəxslər deyil, daha çox qeyri-ciddi imicə malik olan şəxslər, hətta klounlar və cinsi azlıqların nümayəndələri “yardımçı” olurlar...

İndi də bu missiyanı Belçika parlamentinin üzvü Jan Jak Flao yerinə yetirib. Beynəlxalq erməni lobbisinin fəallarından biri olan Kaspar Karampetyan bu dəfə də qeyri-ənənəvi reputasiyaya malik olan Flaodan mədət umub. Belə ki, J. J. Flao öz ölkəsində cinsi azlıqların nümayəndəsi kimi “məşhurdur”. O, Belçikada öz həmcinsi ilə nikaha girən və bununla da “tarixə düşən” ilk siyasətçilərdən biri, deputat-merdir.

Ümumiyyətlə, erməni lobbisinin toruna düşüb bu missiyaya xidmət edən avropalıların əksəriyyəti elə Flaonun təbəqəsindən olanlardır.

Bu ilin avqust ayında elə həmin K. Karampetyan Almaniyada siyasətçidən çox kloun kimi tanınan Martin Sonnebornu Xankəndiyə gətirmişdi. M. Sonneborn yalnız özündən ibarət olan bir partiyanın rəhbəri kimi alman cəmiyyətində müxtəlif qeyri-ciddi yumoristik hərəkətlərilə tanınır. 14 il rəhbərlik etdiyi partiyanın sadəcə adı onun əsl kimliyini görməyə kifayət edir. Almaniyanın Göttingen vilayətində doğulan  Martin Sonneborn  2004-cü ildə “Əmək, hüquq, heyvanların firavanlığı, elit inkişaf və demokratik təşəbbüskarlıq” Partiyası adlı siyasi qurum yaradıb. Lakin təkbaşına fəaliyyət göstərməyə məcbur olub.

Ümumiyyətlə, ermənilər Dağlıq Qarabağla bağlı apardıqları kampaniyada daha çox bu üsullardan istifadə edirlər. Ermənilərin bütün dünyada ən “məşhur” nümayəndəsi kimi tanınan Kim Kardaşyan onların ən sevimli ruporlarındandır. Əslində Xankəndiyə səfər edən belçikalı Flaonun da Kardaşyandan heç bir fərqi yoxdur.

Lakin Karampetyan kimilərinin  əlacsız səyləri, əslində daha çox insanın Ermənistanın işğalçı siyasəti barədə həqiqətlərdən xəbərdar olmasına şərait yaradır. Bütün dünya ermənilərin əsl siması və yaxın “havadarlarının” kimlər olduğunu görür. Bu, əslində özünüifşadan başqa bir şey deyil.

Maraqlıdır, indi erməni lobbisi Xankəndiyə gətirmək üçün hansı təlxəyi və klounu növbəyə yazıb?..

Taleh Turqut, “İki sahil”