31 oktyabr 2018 22:12
2318

Paşinyan Avropa üçün önəmli lider deyil

Çoxsaylı yalvar-yaxarlardan sonra Ermənistan Avropadan 3 milyon avro qopara bildi

Artıq Ermənistan ictimaiyyəti  Nikol Paşinyanın inqilab öncəsi verdiyi iqtisadi və siyasi vədləri yerinə yetirmək iqtidarında olmadığını yaxşı anlayır. Dəfələrlə vurğuladığımız kimi, bu işğalçı ölkənin iqtisadi potensialı iflas ərəfəsindədir. Regiondakı bütün qlobal layihələrdən məhrum edilən, yalnız  xaricdəki milyonçu ermənilərin yardımları hesabına dövlət büdcəsini alayarımçıq formalaşdıra bilən Ermənistan hakimiyyəti ac erməni millətinin ümidlərini doğrulda bilmir.

Artıq İrəvanın küçələrində maaşlarını və pensiyalarını aylardır ala bilməyən vətəndaşların etiraz aksiyaları başlayıb. Hətta aksiyalarda çıxış edənlər açıq şəkildə Paşinyanın daxili və xarici siyasətini pisləyirlər. Ermənistandakı siyasi və iqtisadi xaosun  digər səbəbi buradakı klanlararası savaşın şiddətlənməsidir. Keçmiş prezidentlər Robert Koçaryanın özünün və Serj Sarkisyanın ətrafının və qohumlarının korrupsiya və rüşvət ittihamları ilə həbs edilmələri, ordudakı qətl və cinayətlərə görə keçmiş generalların zindanlara atılması «Qarabağ klanı» ilə «İrəvan klanı» arasında az qala müharibə həddinə çatıb. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətindəki antirus əhval-ruhiyyə də bu ölkənin regional siyasi fəaliyyətini dalana dirəyib.

Eyni zamanda, Nikol Paşinyan Qərbdən umduğu 10 milyonlarla avronun da itirildiyini anlayır. Belə ki, 17-18 oktyabr tarixlərində Avropa İttifaqının (Aİ) xarici fəaliyyət xidmətinin yüksək vəzifəli rəsmisi Tomas Mayr Hartinq və Aİ-nin yardımlarını əlaqələndirən Vasillis Maraqos Ermənistanda səfərdə olmuşlar. Səfərin nəticəsi kimi Aİ növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsaitin ayrılmasına qərar vermişdir. Halbuki bu rəqəm ən azı 15-20  milyon avro həcmində gözlənilirdi.

Maraqlısı odur ki, Aİ 2017-ci ilin aprelində keçirilmiş bundan öncəki parlament seçkilərinin təşkili üçün vaxtilə 7 milyon avro ayırmışdı. Lakin beynəlxalq müşahidə missiyasının hesabatına əsasən seçki prosesində ciddi pozuntu və saxtakarlıqlara yol verilməsi, o cümlədən rüşvət müqabilində səslərin alınması, dövlət qulluqçuları və özəl sektor nümayəndələrinə təzyiqlərin edilməsi və s. faktların üzə çıxması Aİ-ni çətin vəziyyətə salmışdır.

Axı Aİ öz qiymətləndirməsində Ermənistandakı seçki prosesinin o qədər də bərbad olmadığını əsaslandırmağa çalışmışdı. Lakin 2018-ci ilin aprel ayında hakimiyyəti ələ keçirmiş Nikol Paşinyan özü də seçkilərin antidemokratik şəraitdə keçirildiyini iddia edərək, yeni parlamentin legitim olmadığını irəli sürmüşdür. Görəsən Paşinyan ölkədə hərbi diktatura rejiminin saxlanılmasında Avropa İttifaqının Sarkisyan hökuməti ilə əlbir olduğunu demək istəyirdi?

Məlum olur ki, küçələrin hay-küyçüsü Paşinyan özü hələ ilk günlərdən Avropadan pul dilənməyə başlamışdır. NATO və Avropa İttifaqının təşkil etdiyi mötəbər beynəlxalq toplantıların keçirildiyi məkanları «dilənçi guşəsinə» çevirməklə avropalı dövlət başçılarından mədəd uman zavallı Paşinyan haradan bilsin ki, küçə yürüşləri psixologiyası yalnız ac-yalavac erməniləri aldada bilər? Nəticə göz qabağındadır, Avropa İttifaqı Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaltdı. Avropa İttifaqı rəsmiləri açıq şəkildə elan etdilər ki, ondan başqa heç bir təşkilat Ermənistana pul ayıran deyil. Əgər belədirsə niyə Avropa İttifaqı maliyyə dəstəyini 2 dəfə artırmaq əvəzinə elə o qədər azaltdı? Məgər ölkədə səsvermə hüququna malik şəxslərin sayı azalıb? Yoxsa Aİ fikirləşir ki, Paşinyan Ermənistandakı siyasi durumu sabitləşdirmək əvəzinə Aİ-nin dəstəyi ilə öz diktaturasını yaratmaq istəyir? Niyə də yox. Görünür Aİ Paşinyanın demokratiya nağıllarına inanmır və onun populist addımlarına və reallığa söykənməyən vədlərinə alət olub ləkələnməkdən kifayət qədər ehtiyatlanır. Budur, Aİ Paşinyan hökumətinin populist və yarıtmaz siyasətinin ilk bəhrəsini gördü. Venesiya Komissiyasının tövsiyələrini əks etdirən və Aİ-nin vaxtilə tərifdən göylərə qaldırdığı seçki məcəlləsinə dəyişikliklər paketi 30 oktyabr tarixində Ermənistan parlamentində qəbul edilmədi. Yəqin ki, Avropa təsisatları avronun Ermənistana dəyər gətirmədiyini anlamağa başlayacaqlar.

Bu, bir daha göstərir ki, Ermənistan, o cümlədən Nikol Paşinyan artıq Avropa üçün önəm kəsb etmir. Hətta bu fakt Avropadakı erməni lobbisinin də acizliyinin bir nümunəsidir.

Elçin Zaman, «İki sahil»