31 oktyabr 2018 23:05
2548

Həmsədrlərin növbəti səfəri nəyi dəyişəcək?

Məlum olduğu kimi, noyabrın 1-də ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycana səfərə gələcəklər. Onların ölkəmizə gəlişini səbəbi təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

Məsələni “İki sahil” qəzetinə şərh edən politoloq Nəzakət Məmmədova bildirdi ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona bu dəfəki səfəri gördüyümüz kimi, ilin son aylarına təsadüf edir: “Bu, daha çox bu ilin yekunlarına baxış və gələn il üçün planların müzakirəsi ilə bağlı ola bilər. Bildiyimiz kimi, bu il nəinki münaqişənin həlli, heç danışıqlar prosesində də hər hansı irəliləyişlə yaddaqalan olmadı. Bu da bilavasitə Ermənistanda baş verən proseslər, bu ölkədə yaranmış qeyri-sabitlik, siyasi sistemdəki böhran və ölkənin yeni rəhbərliyinin, konkret olaraq baş nazir Paşinyanın tutduğu qeyri-konstruktiv mövqe ilə əlaqədardır. Əksinə, Ermənistan tərəfindən danışıqlar prosesinin hazırkı fotmatından uzaqlaşmaq, Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda tərəf kimi iştirakına dair təkliflərin səsləndirilməsi, baş nazir Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü pozmağa yönəlmiş bəyanatları, öz oğlunu işğal olunmuş Azərbaycan torpaqlarında hərbi xidmətə göndərməsi, qoşunların təmas xəttində atəşkəsin mütəmadi olaraq pozulması 2018-ci ildə münaqişənin həllinə olan ümidləri azaltdı”.

Politoloq onu da qeyd etdi ki, bu il Azərbaycan və Ermənistan rəhbərliyi arasında Minsk qrupu çərçivəsində danışıqlar baş vermədi, yalnız XİN rəhbərlərinin bir neçə görüşü baş tutdu. İlin sonunadək daha bir görüşün olması gözlənilir: “Minsk qrupu həmsədrlərinin səfəri elə bir dövrə təsadüf edir ki, Ermənistan seçkilər ərəfəsindədir. Bu ölkədə hazırda siyasi mübarizə özünün yüksək həddinə gəlib çatıb və bütün siyasi qüvvələr öz diqqətlərini bu istiqamətə yönəldiblər. Lakin Dağlıq Qarabağ məsələsi həm də Ermənistanda hakimiyyətə gəlmək istəyən siyasi qüvvələrin manipulyasiya vasitəsi olduğundan gündəmdən çıxarıla bilməz. Minsk qrupunun həmsədrləri Ermənistan rəhbərliyi ilə seçkilərdən sonra Dağlıq Qarabağ məsələsinin həlli yollarını müzakirə edib, müəyyən şərtlər irəli sürə bilərlər. Üstəlik də ABŞ-ın Ermənistandakı öz diplomatik fəaliyyətini başa vurmaqda olan səfiri Millizin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonları Azərbaycana qaytarmağın vacibliyini qeyd etməsi, Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Boltonun regiona mühüm səfəri Minsk qrupunun da fəaliyyətində müəyyən dönüş yarana biləcəyinə ümidləri artırır. Minsk qrupunun həmsədrləri qeyd etdiyimiz kimi, status-kvonu dəyişmək, regionda yaranmış yeni siyasi situasiya fonunda bölgəyə səfər edirlər”.

“Çox güman ki, Ermənistanın hazırkı rəhbərliyindən seçkilərdə qalib gələcəyi təqdirdə 2019-cu ilin əvvəlində problemə daha konstruktiv yanaşma tələb olunacaqdır” deyən N.Məmmədova bildirdi ki, ABŞ Paşinyana dəstəyin müqabilində ondan daha konstruktiv yanaşma tələb edə bilər: “Prezident Trampın Azərbaycan və Ermənistan rəhbərliklərinə ünvanaldığı məktublarında münaqişənin nizamlanmasına inamını ifadə etməsi də, diplomatik protokolda nəzərdə tutulmuş sözlərdən daha çox real dəyişiklik imkanlarına olan inamın ifadəsidir. Eyni zamanda, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi də Moskvanın İrəvana dəstəyinin zəifləməsinə səbəb olub. Odur ki, Minsk qrupu həmsədrlərinin səfərində Ermənistandan danışıqlarda daha konstruktiv mövqe tələb oluna bilər. Bu səfərin təzahürlərini mümkündür ki, biz Ermənistanda seçkilərdən sonra, gələn ilin ilk yarısında real olaraq hiss edək. Ən azından işğal olunmuşərazilərin qaytarılması planları istiqamətində müəyyən irəliləyişlər ola bilər”.

Mənsumə Babayeva,  “İki sahil”