31 oktyabr 2018 23:38
2499

Azərbaycanın tranzit imkanları daha da artacaq

Regionun lokomitivinə çevrilən Azərbaycan regional və qlobal layihələr reallaşdırmaqla Avrasiya kimi nəhəng coğrafiyada nəqliyyat-kommunikasiya mərkəzinə çevrilmək istiqamətində unikal nailiyyətlər əldə edib. Ölkəmiz bu təşəbbüsləri ilə qlobal müstəvidə öz mövqelərini daha da möhkəmləndirir. Regional və qlobal iqtisadi inkişafa  böyük töhfələr verəcək bu nəhəng layihələr xalqlar arasındakı bağları daha da gücləndirəcək, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər  yaradacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tranzit potensialının artırılması məqsədilə həyata keçirilən layihələr, ölkəmizin Cənubi Qafqazda, Xəzər hövzəsində mövqelərinin güclənməsinə geniş imkanlar yaradan “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin reallaşması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu nəinki iştirakçı ölkələrin, ümumilikdə, bütün regionun inkişafına böyük töhfələr verəcəkdir. Yaxın zamanlarda Yeni Bakı Limanının birinci fazasının tam şəkildə  başa çatması, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində, eləcə də regionda müasir yükdaşıma tələblərinə cavab verən iri logistik mərkəzin yaradılması regional logistik qovşaq funksiyası yerinə yetirməklə sözügedən nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaradacaq.

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin başçısı bildirib ki, ilin doqquz ayının yekunları haqqında danışarkən Ələt Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etməmək mümkün deyil: “Bu tarixi layihədir, Xəzər dənizinin ən böyük limanıdır. Liman may ayında istifadəyə verildi. Beləliklə, “Şərq-Qərb” nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi həyata keçirildi. Bundan sonra biz əlbəttə ki, öz tranzit imkanlarımızı artıracağıq. Biz indi tərəfdaş ölkələrlə bu layihənin tam həyata keçirilməsi üçün çox ciddi danışıqlar aparırıq. Azərbaycanın həm texniki təcrübəsi, həm də mütəxəssisləri və maliyyəsi var. Azərbaycan ərazisində bütün işləri biz özümüz gördük və başqa yerlərə də öz maliyyə imkanlarımızı cəlb edə bilərik, bu dəhliz tam gücü ilə işləsin və ölkəmizə əlavə valyuta gətirsin. Bizim əsas məqsədimiz budur. Əlbəttə ki, tranzit ölkələrin siyasi çəkisi də, siyasi imkanları da artır”.

Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də uğurla reallaşdırılan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək, dəhlizlərin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaradacaqdır.

“Şimal-Cənub”, “Şərq-Qərb” dəhlizləri isə öz növbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi üçün zəngin tranzit potensialı yaradır. Bu istiqamətlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə şərq istiqamətində nəql edilməsini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün güclü zəmin yaranacaq. Azərbaycan ərazisində malların Avropadan Asiyaya daşınmasına olan marağın artmasını nəzərə alaraq yeni iqtisadi zonaların yaradılması istiqamətində atılan addımlar respublikamızın imkanlarını daha da genişləndirəcək.

Zahid Rza, “İki sahil”