31 oktyabr 2018 23:56
2262

Vüqar Bayramov: Sosial xərclər və layihələrin həcmi artır

Bir neçə gün öncə Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb. Hesablamalara əsasən gələn ilin büdcə gəlirləri 22 milyard 917,5 milyon manat, xərcləri isə 24 milyard 780,1 milyon manat proqnozlaşdırılır. 2019-cu ilin dövlət büdcə zərfində gəlirlər üzrə proqnozun 7 milyard 316 milyon manatı və ya 31,9 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 milyard 364,3 milyon manatı və ya 49,6 faizi Dövlət Neft Fondundan (DNF) transfertlərin, 3 milyard 451,6 milyon manatı və ya 15,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon manatı və ya 3,4 faizi isə digər gəlirlərin payına düşür. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər çıxıldıqda dövlət büdcəsinin gəlirləri 11 milyard 553,2 milyon manat təşkil edir ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 3,3 faiz, 2017-ci ilin icrası ilə müqayisədə 10,9 faiz çoxdur.

Burada diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, 2019-cu il dövlət büdcəsinin gəlirlərinin 59,8 faizi və ya 13 milyard 700,3 milyon manatı neft sektorunun, 40,2 faizi və ya 9 milyard 217,2 milyon manatı qeyri-neft sektorunun payına düşür. Bu isə 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirlərinin 2,7 faiz, qeyri-neft sektorunun gəlirlərinin isə 4,7 faiz çox olduğunu göstərir. Gələn il dövlət büdcəsi gəlirlərinin formalaşmasında əvvəlki illərlə müqayisədə qeyri-neft sektorunun payında xeyli artım gözlənilir. Hər halda neft sektorunun ölkə iqtisadiyyatında aparıcı mövqeyə malik olduğunu nəzərə alsaq, büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun 40,2 faiz paya malik olması indiki vəziyyətdə kifayət qədər yaxşı göstəricidir.

İqtisadçı ekspert Vüqar Bayramov məsələ ilə bağlı qəzetimizə açıqlamasında büdcənin formalaşmasında qeyri-neft sektorunun çəkisinin artmasını müsbət hal kimi dəyərləndirdi: “Neft sektorunun büdcədə 59 faiz paya malik olması normal haldır. Çünki neft sektoru ölkə iqtisadiyyatında ciddi paya malikdir. Azərbaycan neft ixrac edən ölkədir. Ona görə də birdən-birə büdcənin formalaşmasında neftin payını minimum səviyyəyə endirmək mümkün deyil. Bu, mərhələ-mərhələ həyata keçirilməlidir və keçirilir də. Hazırda bu istiqamətdə ciddi işlər görülür. Biz hələ də neft istehsalçısı kimi qalırıq, lakin qeyri-neft sektorunu da inkişaf etdiririk”.

V. Bayramov bildirdi ki, Azərbaycan büdcə gəlirlərinin tədricən şaxələndirilməsinə nail olur: “Büdcə daxilolmalarının təhlili göstərir ki, tədricən bütün sahələrdə artım müşahidə olunur. Sosial xərclər və layihələrin həcmi artır, sahibkarlıq inkişaf etdirilir və sair. Digər tərəfdən, Azərbaycanda makroiqtisadi sabitliyin qorunması da əsas məsələlərdən biridir. Valyutanın, makroiqtisadi göstəricilərin sabit vəziyyətdə saxlanması üçün əlavə vəsaitlər lazımdır. Makroiqtisadi sabitlik olandan sonra digər sahələrin də inkişaf etdirilməsi mümkündür. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatında əsas çəkiyə malik olması üçün zaman lazımdır. Təbii ki, bu nisbət əsaslı şəkildə bir neçə ildən sonra dəyişəcək”.

Taleh Bağırov, “İki sahil”