01 noyabr 2018 00:02
2085

Həmin insanlar peşəsini sevən jurnalistlərin adına ləkədir

“İki sahil” internet televiziyasının bu dəfəki qonağı “Bakı xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyevdir

- Aydın müəllim, mediadan istifadə etməklə reketçiliklə məşğul olanlara qarşı hansı mübarizə üsullarından istifadə olunur?

- Formal olaraq reket və jurnalistika sözlərini bir yerdə təsəvvür etmək çox pis bir haldır. Ən pisi də odur ki, mahiyyət və formaca biri-birinə uyuşmaz olan reket və jurnalistika sözlərini bu gün yanaşı işlətmək məcburiyyətindəyik. Reket sözü kriminal dünyanın terminidir. Amma çox təəssüf ki, bəziləri bunu gözəl və müqəddəs saydığımız peşə olan jurnalistikaya da gətirdilər və “reket jurnalistika” adı altında məqsədlərini həyata keçirdilər. Hesab edirəm ki, bunun əsl jurnalistika ilə, qəzetçiliklə heç bir əlaqəsi, bağlılığı  yoxdur. Amma bu “jurnalistlərin” görünür belə isdedadları da var imiş. Reketçilik maraqlarını həqiqi jurnalistkanın, qəzetçiliyin prinsipləri ilə birləşdirib ortaya milli maraqlarımıza uyğun olmayan hallar çıxardırlar. Bu dırnaqarası yazarların əsl jurnalistikaya heç bir aidiyyəti yoxdur. Əksinə, həmin insanlar peşəsini sevən jurnalistlərin adına bir ləkədir. Bu cür işlərlə məşğul olan adamların məqsədi, hədəfi yalnız özlərinin  şəxsi məqsədlərini həyata keçirmək, daha çox qazanmaqdır.

- Jurnalistikada reketçiliklə məşğul olmağı qarşılarına məqsəd qoyan insanların fəaliyyətində antiazərbaycan qüvvələrin rolu olduğu düşüncəsi ilə razısınızmı?

- Ümumiyyətlə, həmin insanlara Mətbuat Şurası tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, yenə də bu əməllərindən əl çəkmirlərsə aydın məsələdir ki, burada müəmmalı səbəblər var. Görünən odur ki, “reket jurnalistika” ilə məşğul olanlar bir az da irəli gedərək artıq tək-tək adamların şəxsi maraqlarına deyil, bəzi hallarda Azərbaycan dövlətinin maraqlarına toxunmağa cəhd edirlər. Rəhbərlik etdiyi mətbu orqan və yaxud internet media vasitəsilə ölkədəki həmrəyliyin pozulmasına çağırış edən qorxulu tribunalara çevrilirlər. Yəni, onların fəaliyyəti təkcə öz şəxsi maraqlarına xidmət etmir, hətta son vaxtlar biz onu dövlətçiliyimiz və Konstitusiya quruluşumuzun əleyhinə çevrilmiş bir fəaliyyət forması kimi də görə bilirik. Hər halda ortada belə faktlar var. Çünki zaman-zaman Azərbaycanda jurnalistika adı ilə reketçiliklə məşğul olan şəxslər ifşa olunanda bəlli olub ki, onların fəaliyyətində dövlətə qarşı da əks çağırışlar var. Hətta bəzi hallarda separatizm çağırışları müəyyən edilir. Belə deyək, “reket” jurnalistikanın, “reket” medianın ustaları bu gün meydanda qalır. Bunun da əsasən iki səbəbini vurğulayardım. Birinci, “reket” jurnalistika  onlar üçün bir növ yaşamaq vasitəsinə çevrilib. Həyat mənbəyinə çevrilib. Onlar başqalarını şantaj etməklə, şəxsi həyatına müdaxilə etməklə, hədələməklə, onlardan müəyyən məbləğdə pul qopardırlar. İkincisi isə çox ciddi və qorxulu mənbədir. Bu da ondan ibarətdir ki, onlar artıq Azərbaycan dövlətinə, konstitusiya quruluşuna zidd olan, onun əleyhinə işləyən müəyyən qüvvələrin təsiri altına düşürlər. Belə qüvvələrin təsiri altına düşəndə “reket” jurnalistika fəaliyyətindən, o meydandan uzaqlaşmaq o qədər də asan olmur. Ona görə bu gün “reket” jurnalistika ilə mübarizəyə daha çox diqqət çəkmək lazımdır. Bu mübarizəni jurnalistikamızın, mediamızın  saflaşdırılması kimi dəyərləndirirəm. Bu, bizim milli təhlükəsizliyimiz, informasiya təhlükəsizliyimiz  üçün son dərəcə vacibdir.

- Mətbuat Şurasında reketçiliklə mübarizə hansı formada aparılır?

- Mübarizə iki formada aparılır. Birinci, ictimai qınaqdır. Burada etik qaydaları pozan mətbu orqanın rəhbərləri çağırılır. Onlara xəbərdarlıq edilir. Nəticə olmayanda, qayda pozuntuları davam edəndə həmin mətbu orqan “qara siyahı”ya salınır. Bu zaman da şikayətlər davam edirsə, o mətbu orqanla məsələ artıq hüquqi müstəvidə həll edilir. 

- Aydın müəllim, uzun illərdir mətbuatda çalışırsınız. Bu dırnaqarası peşənin istifadəçilərinin sayı əvvələr çox idi yoxsa indi? Bəlkə onların sayının artmasına səbəb sosial medianın son dövrlərdə daha da inkişaf etməsi və məlumatı daha tez çatdırma üstünlüyüdür?

- Əvvəla onu deyək ki, media fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan ilkin şərtlər son dərəcə sadədir. Bu, əvvəl də belə idi, bu gün də belədir. İstənilən adam bir neçə gün ərzində müəyyən media orqanları yarada bilər. Qəzet də  aça bilər, sayt da yarada bilər. İlkin şərtlər  bu qədər asan olduğuna görə dırnaqarası mətbuatın da kəmiyyəti sürətlə artır. Təbii saylar artdıqca o meydana peşəkarlarla yanaşı, ondan sui-istifadə edən reketçiliyə meyilli şəxslər yarandı və tez bir zamanda sürətlə ölkədə ad çıxarmağa başladılar. Müəyyən bir dövr üçün “reket” jurnalistika tendensiyası yüksələn xətt üzrə gedirdisə, artıq bu gün elə deyil. On il əvvəllə müqayisədə, əlbəttə, indi bu kimi hallar azdır.  Bunun səbəbi sadədir.  Çünki artıq 10 ilə yaxındır ki, bu istiqamətdə həm Mətbuat Şurasının, həm də hüquq-mühafizə orqanlarının birgə səmərəli mübarizəsi gedir. Təbii ki, bu mübarizənin müsbət nəticələri də  var. İndi biz mediada peşəkar, ciddi jurnalistlərin xüsusi payının çox olmasından danışa bilərik. Amma “reket” jurnalistika təbii ki, sıfıra enməyib. Hələ də reket fəaliyyətini davam etdirənlər var.

- Reketçiliklə məşğul olan insanlar arasında ixtisasca jurnalist olanlar varmı? Hər halda jurnalistikanın etik kodekslərini və prinsiplərini bilən çox az sayda insan bu işlə məşğul olar...

- Nə qədər maraqlı olsa da biz Mətbuat Şurasının Şikayətlər komissiyasında “reket” jurnalistikaya qarşı mübarizə komissiyasında apardığımız müşahidələr nəticəsində gəldiyimiz qənaət bundan ibarətdir ki, həqiqətən o fəaliyyətlə məşğul olanların siyahısında peşəkar jurnalist yoxdur. Yəni, bu, o demək deyil ki, jurnalistikanın qapılarını başqa peşələrdən olan insanların üzünə bağlamaq lazımdır. Yüzlərlə faktlar gətirmək olar ki, ixtisasca jurnalist olmayan şəxslər Azərbaycan jurnalistikasında çox aparıcı, peşəkar şəkildə fəaliyyət göstəriblər. Çox ciddi jurnalistika fəaliyyətini bir nümunə olaraq ortaya qoyublar. Amma rekertçiliklə məşğul olanlardan bu ixtisasa sahib olanı görməmişəm.

- Azərbaycan Mətbuat Şurasının qəbul etdiyi qərarlar son nəticədə fayda verməyəndə artıq hüquq-mühafizə orqanlarına müraciət olunur. Bəs bu mərhələyə qədər Mətbuat Şurası hansı işləri görür?

-Mətbuat Şurasında Nizamnaməyə görə, “reket” jurnalistikası və ümumiyyətlə, jurnalistika sahəsində prinsip pozuntuları ilə mübarizədə çoxlu üsullar var. Əvvəli xəbərdarlıq, ən sonuncusu isə “qara siyahı”ya salmaqdır. Bəzən olur ki, “qara siyahı”ya salma təklifi üzərində bir neçə dəfə müzakirə aparırıq. Həmin müzakirələr o zamanı olur ki, məsələsinə baxılan mətbuat orqanının rəhbəri səhvini başa düşdüyünü bildirir. Onların adı “qara siyahı”ya salınmadan məsələ həllini tapır. Xəbərdarlıqdan “qara siyahı”ya qədər bir neçə tənbeh üsulu var. Bunlar praktikada nəticə verir. Xüsusilə də son illər Mətbuat Şurasının Reketçiliklə mübarizə və Şikayətlər komissiyasının bu istiqamətdə göstərdiyi fəaliyyətin çox böyük nəticələri var. Bu, özünü say etibarilə azalmada da göstərir. Onların insanları narahat etmək imkanları artıq xeyli dərəcədə məhdudlaşdırılıb. Amma bəzən elələri olur ki, Mətbuat Şurasının tövsiyələrindən, qərarlarından lazımi nəticə çıxarmırlar, jurnalist fəaliyyətinin prinsiplərinə hörmətsiz münasibəti davam etdirirlər. Təbii ki, onda da hüquq-mühafizə orqanlarının müdaxiləsi qaçılmaz olur. Sizi inandıraram, əgər Mətbuat Şurasının xəbərdarlıqlarına vaxtında əməl edilsə, heç bir hüquqi müstəviyə ehtiyac qalmaz. Mətbuat Şurası çox jurnalistlərin, çox media orqanlarının yolunun məhkəmələrdən, inzibati orqanlardan keçməsinin qarşısını alıb. Ancaq o tövsiyələrdən lazımı nəticə çıxarmayanların yolu hüquq- mühafizə orqanlarından keçir. Son günlər mediada müzakirə olunan İkram  Rəhimov da o qəbildəndir. Bu günlərdə həbs olunub. Dəfələrlə onun məsələsini müzakirə etmişik.  Amma çox təəssüf ki, Mətbuat Şurasının qanunlarına  və bizim peşə kodeksinə uyğun verdiyimiz tövsiyələrə heç bir halda sayğı nümayiş etdirməyib. Nəticə hər kəsə məlumdur.

- Aydın müəllim, reketçilik əməllərinə görə hüquq-mühafizə orqanlarının nəzarəti altına götürülmüş şəxslər islah olunduqdan sonra da bu çirkin fəaliyyətlərini davam etdirirlərmi?

- Ümumiyyətlə, müəyyən qrup şəxslər düşdükləri reketçilik yolundan dönmürsə, axıra qədər gedirsə, burada onun bu fəaliyyətə sürükləndiyi, təhrik olunduğu motiv çox maraqlıdır. Ya bu, onun şəxsi marağından əmələ gəlib, ya da  təsir altında olduğu  müəyyən siyasi dairələrin torundan, tələsindən çıxa bilmir. Bunlar, əlbəttə, maraqlı məsələlərdir. Onların öz seçimidir. Çünki əsl insan nə şəxsi maraqların ödənməsi naminə həbsxanada yatmağa razı olmalıdır, nə də kimlərinsə və ya hansısa mərkəzlərin tapşırıqlarının, planlarının icrası naminə öz yolunun həbsxanadan salmasına yol verməlidir. Hər halda bunu o şəxslər düşünməlidirlər. Bilməlidirlər ki, Azərbaycanda sağlam medianın fəaliyyəti dövlətin tam himayəsi altındadır. Jurnalistlərin sosial problemlərinin həllinə dövlət böyük qayğı göstərir. Yəni, normal və peşəkar prinsiplərin üzərində jurnalist fəaliyyətinə dövlət tam şəkildə təminat verir. Əgər “rekert” jurnalistikadan nə vaxtsa imtina edib həqiqi peşəkar jurnalist kimi fəaliyyət göstərmək istəyənlər olsa, bu müstəvidə böyük meydan var. Buyurub fəaliyyət göstərə bilərlər. Arzu edək ki, bu gün “reket” jurnalist fəaliyyətinə görə inzibati orqanların nəzarəti altına alınmış şəxslər öz fəaliyyətlərində redaktələr edərək,  nəticə çıxaracaqlar və əsl jurnalistika üçün yaradılmış şəraitdən istifadə edəcəklər.

Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova, “İkisahil”