01 noyabr 2018 15:23
2270

Kaşoqinin cəsədi sulfat turşusunda əridilib

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən jurnalist Camal Kaşoqinin cəsədinin harada olması hələ də bilinmir. Səudiyyə rəsmiləri bununla bağlı suallardan yayınaraq, məlumatsız olduqlarını deməklə kifayətlənirlər.

“Washington Post” qəzetinin Türkiyənin səlahiyyətli şəxslərindən əldə etdiyi məlumata əsasən, konsulluqdakı qətlin izini itirmək üçün Kaşoqinin cəsədi hissələr parçalanıb, daha sonra sulfat turşusunda ədirilib.

Adı açıqlanmayan mənbə bildirib ki, konsulluq binasında aparılan axtarışlar zamanı əldə edilən dəlillər cəsədin əridildiyini sübut edir. Bütün dəlillərə baxmayaraq, Səudiyyə tərəfi ittihamları qəbul etmir.

Qeyd edək ki, ötən gün İstanbul Baş Prokurorluğu Kaşoqi cinayəti ilə bağlı rəsmi açıqlama yayıb. Bildirilib ki, müxalif jurnalist konsulluğa daxil olan kimi onu boğaraq öldürüblər. Cəsədi bir neçə hissəyə ayıraraq yoxa çıxarıblar.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. 

18 gündən sonra Səudiyyə rəsmiləri Kaşoqinin konsulluqda öldüyünü təsdiqləyiblər. Qətllə əlaqədar 18 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.