01 noyabr 2018 17:10
2781

Paytaxtın kimya sənayesində məhsul buraxılışı azalıb

Bu ilin doqquz ayında Bakının kimya sənayesində məhsul buraxılışı azalıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadla xəbər verir ki, üç rübdə paytaxtın kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 211,7 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 21,2 faiz azalıb, əczaçılıq məhsullarının istehsalında 3,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 36,4 faiz artım müşahidə olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 61,6 faiz, oksigen istehsalı 58,1 faiz artıb.

Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 dəfə artıb, polietilen kisə və çantaların istehsalı 3,6 faiz, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 71 faiz azalıb.