01 noyabr 2018 17:14
3052

Azərbaycanın yüksələn reytinqi yürüdülən siyasətin məntiqi nəticəsidir

Bəhruz Quliyev: “Doing Business” hesabatında Azərbaycanın yüksələn reytinqi yürüdülən siyasətin məntiqi nəticəsidir

Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2019" hesabatında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin yüksək şəkildə qiymətləndirilməsi bir daha belə deməyə əsas verir ki, öz reytinq və nüfuzuna görə ölkəmiz bir sıra aparıcı dövlətləri geridə qoyur və bununla öz iqtisadi qüdrətini sübut edir. Bunu Trend-ə ekspert, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir:

“Son illərdə sahibkarlığın inkişaf etdirilməsi sahəsində dövlətimizin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, biznesin təşkili üçün sərf olunan xərclərin azaldılması və vaxt tutumlu müxtəlif qeydiyyat prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Məhz bu baxımdan beynəlxalq aləmdə biznes mühitinin rahatlığı üzrə göstəriciləri özündə əks etdirən hesabatlardan sayılan “Doing Business” reytinq hesabatı ölkəmizdə əldə edilmiş nailiyyətləri növbəti dəfə təsdiq edir”.

B.Quliyev bu hesabatın hər il verildiyini və Azərbaycanın reytinqdə davamlı şəkildə irəlilədiyini xatırladaraq bildirib ki, ümumiyyətlə, son illər ərzində biznes mühitinin təkmilləşdirilməsi sahəsində mövcud qanunvericiliyini daha da yaxşılaşdıran ölkəmiz bu hesabatda ən çox islahat aparan ölkələr sırasına daxil olub və bu da ön yerləri tutub.

Ekspert digər mühüm amillərə də toxunub: “Burada başqa mühüm və uğurlu nəticələrə hesablanan faktorlar var. Misal üçün, vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq edilən yeniliklər əvvəlki illərin reytinq cədvəllərində öz əksini tapıb və bu indikator üzrə ölkəmizin xeyli irəliləməsinə səbəb olub. Həmçinin ölkədə sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması sahəsində əldə edilmiş nailiyyətlər nəzərə alınır ki, bu da Azərbaycanda sosial siyasətin də əsas siyasətin tərkib hissəsi olduğunu isbatlayır. Xüsusilə, “ASAN xidmət" mərkəzlərinin yaradılması və biznes mühitinə göstərilən xidmətlərin bu mərkəzlər vasitəsilə aparılması sahəsində dövlətimizin yürütdüyü uğurlu və məntiqli iqtisadi siyasət “Doing Business” hesabatının bütün indikatorları üzrə stabil yüksəlişə nail olmaq üçün çox önəmli və uğurlara söykənən zəmin yaradır”.

Qeyd edək ki, Azərbaycan Dünya Bankının "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bundan əvvəlki hesabatda ölkəmiz 57-ci yerdə idi.