01 noyabr 2018 22:15
5069

“Doing Business 2019”: Azərbaycanın biznes mühitinə dair etibarlı mənbə

Xəbər verildiyi kimi, Dünya Bankı (World Bank Group) tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və  dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında lider mövqeyə yüksəlib. Bununla da Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, “Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə edib.

Hesabata əsasən, ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib.

Söhbət ondan gedir ki, inşaat üçün icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi və “Bir pəncərə” sisteminin tətbiq edilməsi, kreditə çıxış imkanlarının genişləndirilməsi, kiçik paya malik olan səhmdarların hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, biznesə başlama prosedurlarının sayının və sərf olunan vaxtın minimuma endirilməsi istiqamətində aparılan islahatlar Azərbaycanın beynəlxalq reytinqlərindəki mövqelərində də öz əksini tapır.

Bu mənada Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamı xüsusi əhəmiyyəti kəsb edir. Belə ki, bu Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin  hazırlanması tapşırılıb. Bununla da sözügedən qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri, investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası, mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları, investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydasının tənzimlənməsi nəzərdə tutulub.

“Tikintilərə icazələrin alınması” indikatoru üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına səbəb olan əsas amillər isə  tikinti obyektinin inşasına və istismarına icazələrin verilməsi prosedurlarının sayı azaldılaraq 10-a endirilməsidir. Eyni zamanda, tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılmış və ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin bu istiqamət üzrə texniki şərtlər “Bir pəncərə” prinsipi ilə sadəcə bir sorğu vasitəsilə “ASAN xidmət” mərkəzlərində əldə olunur.

Eyni zamanda, kreditlərin alınması üzrə də bu il ərzində sahibkarlara yeniliklər təqdim olunub. Aidiyyəti dövlət qurumları tərəfindən aparılmış təşviqedici tədbirlərin nəticəsində Azərbaycanda ilk özəl kredit bürosu (“Azərbaycan Kredit Bürosu” MMC)  yaradılıb. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı, daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edir. Hansı ki,  iqtisadiyyatda kreditlərin məhdudlaşdırılmasının və faizlərin yüksəlməsinin səbəblərindən biri də  borc alan haqqında olan məlumatın tam olmamasıdır.

Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində Daşınan Əmlakın Yüklülüyü Reyestri xidməti yaradılıb. Bu islahatlar nəticəsində sahibkarların maliyyə resurslarına çıxışı artırılıb.

Qeyd olunan islahatlar ölkə iqtisadiyyatına qoyulan investisiyanın həcminin artırılması məqsədi daşıyır və  biznes-investisiya mühiti, həmçinin investisiyaların qorunmasına xidmət edir. Beynəlxalq təcrübə də onu göstərir ki, xarici investorlar tərəfdaşlıq zəminində ölkədə əlverişli investisiya qorunma sisteminin mövcudluğuna xüsusi diqqət ayırırlar. Bu baxımdan investisiya imkanlarının genişlənməsinə imkan verən çərçivənin qurulması mühüm əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanda 2025-ci ilədək qarşıya qoyulmuş məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir.

Bundan əlavə, hesabatında deyilir ki, Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib. 

Hesabatın əhəmiyyəti ondan ibarətdir ki, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur Belə ki, “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.

Yekun olaraq “Doing Buisness” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda (“Qlobal Rəqabətlilik Hesabatı”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və s.) baza rolunu oynayır.

Azərbaycanın hesabat üzrə əhəmiyyətli dərəcədə irəliləyiş əldə etməsinə təsir edən faktorlara gəlincə isə şübhəsiz ki, burada ölkədə aparılan hərtərəfli islahatlar aparıcı rola malikdir. Məsələ burasındadır ki, 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, dövlətimizin başçısı tərəfindən aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter alıb. Bununla da həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Eyni zamanda, ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.

Bundan əlavə,  iqtisadi islahatların yeni mərhələsinin əsasının qoyulması çərçivəsində “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 13 iyul 2016-cı il tarixli Sərəncamından sonra bu sahədə  kompleks tədbirlər davam etdirilib. Nəticədə 2017-ci il və 2018-ci ilin ilk 4 ayında təkcə bu hesabat üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib və qeydə alınması üçün “Doing Business” komandasına təqdim olunub.

Eyni zamanda Prezident İlham Əliyevin 6 dekabr 2016-cı ildə təsdiqlədiyi Strateji yol xəritələrinin  monitorinq və qiymətləndirmə nəticələri də onu göstərir ki, sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir.

Aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub. Əvvəlki illərdən başlayaraq neft gəlirlərindən səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar son illərdə daha da dərinləşib. Bu siyasət özünü  ümumi daxili məhsulda qeyri-neft sektorunun payının artması ilə də göstərməkdədir. Eyni zamanda, istehsal olunan məhsulun əsas hissəsinin özəl sektora aid olması ölkədə sahibkarlığın geniş mənada inkişafından  xəbər verir.

Nəticə etibarilə Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Həmçinin “Doing Business” islahatı səviyyəsinə görə Azərbaycan BRICS ölkələrinin hamısını, G20 ölkələrinin hər 4-dən 3-nü qabaqlayaraq türk dövlətləri və MDB məkanında birinci ölkədir.

Bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Bununla da dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib.

“Doing Business 2019” hesabatı, eyni zamanda, ölkədə gələcəkdə aparılacaq islahatların istiqamətlərini müəyyənləşdirməyə xidmət edir. Bununla da 10 indikator üzrə aparılan qiymətləndirmə qarşıdakı illərdə görülməli işləri müəyyən etməklə yeni hədəfləri bəlli edəcək.

Ceyhun Piriyev, “İki sahil”