01 noyabr 2018 22:18
3479

Yeni məşğulluq strategiyası: məqsəd və vəzifələr

Bu gün Azərbaycan Respublikasının mövcud demoqrafik meyilləri və inkişaf perspektivləri ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılmasını zəruri edir. 

Söhbət ondan gedir ki, 2006-2017-ci illər ərzində ölkədə əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olub ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir. Hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfəyə yaxın üstələyir. Azərbaycanda əhalinin sayı 2018-ci ilin 1 iyul  tarixinə  9 936 134 nəfər olub. BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə də  davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq.

2017-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 693,7 min nəfər artaraq 5073,8 min nəfərə çatmış, onun da 4822,1 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 251,7 min nəfərini isə işsiz əhali təşkil etmişdir.  Lakin işsizlər arasında qadınların və gənclərin payının yüksək olması əmək bazarında müşahidə edilən əsas problemlərdəndir. Belə ki,  son on ildə 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi nisbətən azalaraq 2017-ci ildə 12,9 faiz (qadınlar arasında 14,9 faiz) təşkil etsə də,  bu, ölkə üzrə orta göstəricidən 2,6 dəfə çoxdur. 15-29 yaşlı gənclər arasında isə bu göstərici 2017-ci ildə 9,2 faiz (qadınlar arasında 11,0 faiz), yəni ölkə üzrə orta göstəricidən 1,8 dəfə çox olub.

Pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır ki, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər. 

Eyni zamanda, 2017-ci ildə 15-64 yaş arasında əhalinin sayı 7 milyon nəfərdən artıq olub və  proqnozlar 2025-ci ilədək bu rəqəmin demək olar ki, dəyişməyəcəyini, növbəti beş ildə isə 1,3 faiz artacağını göstərir. Əmək bazarına daxil olan 15-24 yaş arasında şəxslərin sayında azalma meyilinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılır.

Azərbaycanda son illərdə ümumi daxili məhsulun davamlı artımı nəticəsində əmək məhsuldarlığı (1 adam/saat) üzrə göstərici yüksəlib və 2006-cı ildə cari qiymətlərlə 2,35 manatdan (2,6 ABŞ dollarından), 2017-ci ildə 7,59 manata (4,4 ABŞ dollarına) çatıb. Lakin iqtisadi fəaliyyət növləri arasında əmək məhsuldarlığı göstəricilərində ciddi fərqlər movcuddur. Xüsusilə də kənd təsərrüfatında əmək məhsuldarlığı səviyyəsinin aşağıdır ki, bu da bu sahədə intensiv üsullardan, innovasiya və məsləhət xidmətlərindən zəif istifadə edilməsi, eləcə də işçi qüvvəsinin əksəriyyətinin ixtisassız olması ilə əlaqələndirilir.

Nəticədə qeyd olunanlar daha səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılmasını zəruri edir. Prezident İlham Əliyevin 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən  “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın  məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir.

Strategiyanın həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan əsas hədəflər  işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək, əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 2030-cu ilədək 15 faizə (2017-ci ildə 23 faiz olub) endirmək,  yüksək əlavə dəyər yaradan və çox əmək sərf olunan sahələrə diqqət yetirməklə, iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olmaq və 2030-cu ilədək əmək məhsuldarlığını 2 dəfəyə qədər artırmaqdır.

Strategiyanın qarşısında duran digər hədəflər isə 2020-ci ilədək aktiv əmək bazarı proqramlarına ayrılan vəsaitin ÜDM-ə nisbətini 0,1 faizə (2017-ci  ildə bu göstərici 0,01 faiz olub), dövlət məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların işədüzəlmə səviyyəsini 2030-cu ilədək 70 faizə (2017-ci ildə 40 faiz olub) çatdırmaq, özünüməşğulluq proqramının əhatə dairəsini 2020-ci ilədək 6 dəfəyə qədər (2017-ci ildə 1400 fərdi ev təsərrüfatı qurulub) artırmaq  və digərlərdir.

Nəticə etibarilə Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə əmək bazarında baş verən proseslərə uyğun çevik institusional sistem formalaşdırılması, əhalinin məşğulluq və layiqli iş imkanlarını genişləndirilməsi, inklüziv məşğulluğun və təhsil sisteminin əmək bazarı ilə uyğunluğunun təmin edilməsi, məşğulluq ilə sosial müdafiə arasında əlaqənin güclənməsi nəzərdə tutulur.

Ceyhun Piriyev, “İki sahil”