02 noyabr 2018 00:06
3151

İstanbul Bəyannaməsi Azərbaycanın yaratdığı əməkdaşlıq formatlarının uğurudur

Oktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü keçirilib. Görüş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə baş tutsa da siyasi kluarlarda yayılan məlumatlara görə, üçtərəfli görüşün keçirilməsi təşəbbüsü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifdən gəlib.

İlk növbədə onu qeyd edək ki, görüşdə İstanbul Bəyannaməsi qəbul edilib və bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tələblərinə uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi xüsusi vurğulanıb.

Ekspertlər hesab edirlər ki, görüşün indiki məqamda İranın təşəbbüsü ilə keçirilməsi təsadüfi deyil. Burada ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiya, Ermənistan və Azərbaycana səfəri əsas səbəb kimi qəbul edilir.

Məlumdur ki, ABŞ İrana qarşı sanksiyalar tətbiq edib və gələn həftə iqtisadi sanksiyaların daha da genişləndiriləcəyi ilə bağlı rəsmi açıqlamalar verilib. Siyasi müşahidəçilərin fikrincə, Boltonun region ölkələrinə səfəri zamanı müzakirə olunan məsələlərin mərkəzində İranla münasibətlər dayanıb.

Politoloq Ehtiram Aşırlı mövzunu şərh edərkən bildirib ki, Con Boltonun region dövlətlərinə səfəri İran məsələsinin aydınlaşdırılması üçün atılmış addım kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu, daxili və xarici böhran içərisində olan Ermənistana da təsir edir. Çünki sirr deyil ki, İran Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir.

Lakin qərbyönümlü xarici siyasət kursu yürütməyə çalışan Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanla İran arasında münasibətlərdə sərinliyin yarandığı müşahidə edilməkdədir. Məsələn, Paşinyanın bir müddət əvvəl İrana nəzərdə tutulan səfəri reallaşmadı və bunun səbəbi açıqlanmadı. Təbii ki, burada N. Paşinyanın ABŞ-ın dəstəyi ilə hakimiyyətə gəlməsi faktoru da ayrıca qabardılır. Qərb onların dəstəyi ilə iqtidara gələn hökumətin sanksiyalarla cəzalandırılan İranla əməkdaşlıq etməsinə göz yuma bilməz...

Bunun ardınca İranın İstanbul Bəyannaməsinə imza atması Ermənistan tərəfində ciddi narahatlıq yaradıb. Etiraf edək ki, bu günədək İran tərəfindən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı bu qədər konkret rəsmi mövqe ortaya qoyulmamışdı. Tehran bu məsələdə daha çox pozitiv bitərəflik nümayiş etdirirdi. Bu baxımdan Ermənistanın əsas “nəfəsliklərindən” biri olan İranın itirilməsi qorxusu anlaşılandır. Düşmən ölkə KİV-ində dərc edilən materiallardan da görünür ki, İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamlara imza atması böyük narahatlığa səbəb olub. Ermənistan mətbuatı yazır ki, İranın bu sənədə imza atması onu göstərir ki, rəsmi Tehran Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini müdafiə edir.

Analitiklər Con Boltonun İrəvanda səsləndirdiyi bəyanatları Ermənistanın İranla münasibətlərdində dəyişiklik etməyin vaxtının çatması ilə bağlı xəbərdarlıq kimi izah edirlər. Ermənipərəst siyasi analitik kimi tanınan Coşua Kuçera eurasiadaily.com saytında dərc edilən məqaləsində bildirib ki, Bolton ABŞ-ın bundan sonra situasiyanın bu şəkildə davam etməsinə dözməyəcəyini Ermənistan rəhbərliyinə çatdırıb.

Burada Azərbaycanın apardığı xarici siyasi kursun xüsusi rolunu vurğulamaq vacibdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə geopolitik faktora çevrilən üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatları hazırda yaranmış siyasi situasiyanın əsas mənbələrindədir. Məlumdur ki, həm Azərbaycan-İran-Türkiyə, həm Azərbaycan-Rusiya-Türkiyə, həm də Azərbaycan-Rusiya-İran üçtərəfli formatlarının təşəbbüskarı məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Regionda bu və digər maraqlarla çıxış edən böyük dövlətlər bölgənin əsas dövləti kimi Azərbaycanın maraqlarını qəbul etmədən addım atmağın mümkünsüzlyünü anlayırlar. Təbbi ki, Azərbaycan kimi güclü dövlətlə əmakdaşlıq etmək bölgədə daha çox konfiliktlər yaratmaqla məşğul olan zəif Ermənistanla əməkdaşlıq etməkdən daha üstündür.

Ermənistan bu reallıqları anladıqca təkləndiyini və əzildiyini başa düşməkdədir. İstanbul Bəyannaməsindən doğan təşvişlər də buradan qaynaqlanır.

Taleh Turqut, “İki sahil”