02 noyabr 2018 22:07
3064

İstanbul görüşü: üçtərəfli əməkdaşlıq formatının növbəti uğuru

Xəbər verildiyi kimi, oktyabrın 30-da İstanbulda Türkiyə, Azərbayca və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin altıncı üçtərəfli görüşü keçirilib. XİN rəhbərləri bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van, Ramsar və Bakı Bəyannamələrinə sadiq olduqlarını vurğulayıblar.

Nazirlər regionda ümumi tarixi köklərə, mədəniyyətə, din və ənənələrə əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək üçün güclü iradələrini bir daha təsdiq ediblər. XİN rəhbərləri üçtərəfli formatda regional və qlobal məsələlərə dair əlaqələndirmə və əməkdaşlığın davam etdirilməsi üçün mütəmadi keçirilən görüşlərin əhəmiyyətini bir daha qeyd ediblər. Nazirlərin VI üçtərəfli görüşünün nəticəsi olaraq İstanbul Bəyannaməsi qəbul edilib. Nazirlər növbəti görüşün İranda keçirilməsinə dair razılığa gəliblər.

XİN rəhbərlərinin görüşünü qəzetimizə şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, Azərbaycan, Türkiyə və İran üçtərəfli formatı daim fəaliyyətdə olan bir formatdır: “Bu ölkələrin xarici işlər nazirlərinin ilk yığıncağı İranın Urmiya şəhərində keçirilib. Sonra Azərbaycanın Naxçıvan şəhərində təşkil edildi. Bu üçtərəfli formatın sonuncu görüşü isə Türkiyənin İstanbul şəhərində keçirildi. Ümumiyyətlə, İranın Azərbaycanla əlaqəli deməyə nə sözü varsa, özü birbaşa deyə bilir. Eləcə də İranda da bilirlər ki, Azərbaycan öz siyasətini tamamilə müstəqil qurur və kənar dövlətlərin Azərbaycanın siyasəti ilə qırmızı xətlərlə oynaması mümkün deyil”.

M.Əhmədoğlu qeyd etdi ki, biz həm ABŞ-la, həm də İranla əməkdaşlıq edirik. Amma İranın sözü ilə antiABŞ kampaniyası aparmadığımız kimi, ABŞ-ın da sözü ilə antiİran kampaniyası aparmayacağıq: “Ölkə Prezidenti cənab İlham Əliyev hətta ABŞ-da da bunu bir neçə dəfə qeyd edib. ABŞ-da bilirlər ki, Azərbaycan heç vaxt İran əleyhinə ərazi, meydança olmayacaq. Azərbaycan heç vaxt icazə verməyəcək ki, hansısa bir dövlət onun ərazisindən istifadə edərək İrana qarşı iş aparsın. Yəni vəziyyət belədir. İranın daxilində də müəyyən qüvvələr var ki, onlar hansısa niyyətlə bu məsələni gündəmdə saxlamağa çalışırlar. Ona görə də mən, bu üçtərəfli görüşü növbəti uğurlu format hesab edirəm. Gələn il isə bu üçtərəfli formatın növbəti görüşü İranda keçiriləcək”.

Cavid Əkbərov, “İki sahil”