02 noyabr 2018 23:29
2812

Davamlı islahatlar əhalinin rifah halını daha da yaxşılaşdıracaq

Son illər ölkəmizdə həyata keçirilən davamlı islahatlar beynəlxalq təşkilatların hesabatında Azərbaycanı birinci edib. Məlum olduğu kimi, bir neçə gün öncə Dünya Bankı tərəfindən yayımlanan “Doing Business 2019” hesabatında ən çox islahat aparan ölkələrin adları açıqlanıb. Azərbaycan bu göstərici üzrə birinci yerə layiq görülüb. Ümumi inkişafda isə ölkəmiz 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bu da Müstəqil Dövlətlər Birliyi ölkələri arasında birinci yerə sahib olmaq deməkdir. 

“Doing Business” ölkələr üzrə aparılan islahatların hesabatını həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan məlumatlar əsasında hazırlayır. İslahatların real praktikada tətbiqi də xüsusi ekspertlər tərəfindən yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.

Hesabatda Azərbaycanın ön sıralarda olmasını təbii hal kimi qiymətləndirən Milli Məclisin deputatı Cavanşir Paşazadə qəzetimizə açıqlamasında bildirdi ki, həyata keçirilən məqsədyönlü islahatlar, genişmiqyaslı tədbirlər ölkəmizin sürətli inkişafına, əhalinin sosial rifahının yüksəlməsinə səbəb olub: “Dünyada 2008-ci ildən cərəyan edən və bu gün də davam edən iqtisadi böhranın fəsadlarını Azərbaycan məhz dərindən düşünülmüş iqtisadi siyasət, ardıcıl islahatlar nəticəsində aradan qaldırdı. Bu gün bu siyasət nəticəsində ölkəmiz dinamik inkişafını təmin edib. 2015-ci ilin sonlarından başlayaraq neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter alıb. Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım təmin olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Dövlət başçısı tərəfindən sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə də göstəricilərdə əsaslı dəyişiklik olub”. 

C.Paşazadə bildirdi ki, biznes mühitinin durmadan yaxşılaşdırılması, mövcud qanunların təkmilləşdirilməsi, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatların aparılması artıq Azərbaycan hökumətinin fəaliyyətində prioritet istiqamətə çevrilib: “Rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən ibarətdir”

Bakı Şəhər İcra Hakimiyyətində tikintiyə icazələrin “bir pəncərə” prinsipi ilə verilməsi, “ASAN kommunal” mərkəzlərinin açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlərin ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdıran amillər olduğunu vurğulayan Milli Məclisin deputatı bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir: “Şübhə yoxdur ki, islahatların dərinləşməsi və davamlılığı ölkəmizdə biznes mühitinin inkişafını davam etdirməklə əhalinin rifah halını daha da yaxşılaşdıracaq, Azərbaycanın beynəlxalq təşkilatların hesabatında bütün meyarlar üzrə ilk sıralarda olmasını təmin edəcək”.

Taleh Bağırov, “İki sahil”