02 noyabr 2018 23:36
3104

Əhalinin məşğulluq və layiqli iş imkanları daha da genişlənəcək

İnsan kapitalının inkişafının, məşğulluq sahəsində keyfiyyət göstəricilərinin yüksəldilməsi, layiqli iş yerlərinin yaradılması, məşğulluq sahəsində inklüzivliyin təmin olunması və sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılması, istiqamətində görülən işlər ölkəmizdə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsində mühüm amillər kimi qiymətləndirilir.

Bu sahədə daha böyük nailiyyətlər əldə olunması istiqamətində ciddi addımlar atılır, mühüm tədbirlər görülür.

Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr  tarixli Sərəncamı ilə təsdiq edilən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” bunun əyani sübutudur.

Ölkəmizdə məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi və iqtisadiyyatın sektorları üzrə məşğulluğun artırılması, əmək ehtiyatlarından səmərəli istifadə, layiqli əməyin dəstəklənməsi ilə bağlı tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası çərçivəsində nəzərdə tutulub.

Xüsusi ilə vurğulanmalıdır ki, ölkə başçısının 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)” uğurla icra olunub. Həmin Strategiyanın icrası dövründə işsizlik səviyyəsi 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalmaqla, əhalinin gəlirlərində 5,2 dəfə, minimum əməkhaqqında 3,5 dəfə, orta aylıq nominal əməkhaqqında 3,8 dəfə artıma nail olunub. Əmək bazarında inkişaf meyillərinin davamlı xarakter alması, məşğulluğun və ümumən iqtisadi fəallığın artırılmasına əlverişli şəraitin yaradılması, işçi qüvəsinin rəqabət qabiliyyətinin artırılması və digər vacib istiqamətlərdə kompleks tədbirlər həyata keçirilib.

Yeni Məşğulluq Strategiyasının əsas məqsədi məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəltməkdir. Məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması strategiyanın əsas məqsəd və hədəfləridir. Strategiyada “DOST” mərkəzləri çərçivəsində məşğulluq xidmətləri ilə bağlı müasir standartlara uyğun yeni xidmət modelinin tətbiqi də yer alır. Strategiyada işsiz, işaxtaran və məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün sosial dialoqun inkişaf etdirilməsi əsas məqsədlərdən biri kimi daim diqqət mərkəzində saxlanılacaq. Yeni Məşğulluq Strategiyasının uğurla reallaşdırılması sayəsində əmək bazarında baş verən proseslərə uyğun çevik institusional sistem formalaşacaq, əhalinin məşğulluq və layiqli iş imkanları genişlənəcək,  inklüziv məşğulluq təmin ediləcək, təhsil sisteminin əmək bazarı ilə uyğunluğu təmin ediləcək, məşğulluq ilə sosial müdafiə arasında əlaqə daha da güclənəcək.

Zahid Rza, “İki sahil”