03 noyabr 2018 00:39
3314

Pirallahı rayonunda Bayraq Günü qeyd edilib

Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində Bayraq Günü ilə əlaqədar “Bir kərə yüksələn bayraq, bir daha enməz” mövzusunda bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə YAP Pirallahı rayon təşkilatının sədri, əməkdaşları, Neft Daşları NQÇİ-nin rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Neft Daşları NQÇİ-nin rəisi, YAP Pirallahı rayon təşkilatı sədrinin müavini Qoçalı Mahmudov üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün müqəddəs olmasından, Prezident İlham Əliyevin dövlətçiliyimizin inkişafındakı xidmətlərindən danışıb.

YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək deyib ki, 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib və bununla da respublikamızın müstəqilliyi bərpa olunub. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanıb. Sədr bildirib ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının iclasında üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi barədə qərar verilib. Müstəqilliyimiz bərpa edildikdən sonra üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi təsdiq olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 2009-cu il noyabrın 18-də isə Prezident İlham Əliyevin Sərəncamına əsasən “9 noyabr - Bayraq Günü” elan olunub.

Sonra Hikmət Şikarov partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Pirallahı rayon təşkilatının bir qrup üzvünü fəxri fərmanla təltif edib.

Tədbir konsert proqramı ilə davam edib.