06 noyabr 2018 14:06
2229

Azərbaycan Fələstin məsələsində daim İslam həmrəyliyini nümayiş etdirib

Azərbaycanın xarici siyasət konsepsiyasının əsasını qarşılıqlı maraqlara söykənən əməkdaşlıq və dostluq münasibətləri təşkil edir. Ölkəmizin beynəlxalq aləmdə yaratdığı imic bu baxımdan yüksək qiymətləndirilir.

Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın İslam aləmi dövlətləri ilə də sıx münasibətləri mövcuddur. Müstəqilliyin bərpasından sonra ölkəmiz həm türkdilli dövlətlərlə, həm də digər müsəlman dövlətləri ilə siyasi-diplomatik və iqtisadi əlaqələrin qurulmasına və inkişafına diqqətlə yanaşıb. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan hazırda İslam dünyasının ən nüfuzlu ölkələrindən birinə çevrilib və müsəlman dövlətləri arasında həmrəyliyin yaranmasına özünün layiqli töhfəsini verməkdədir.

Bu fikirlər noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul etdiyi görüşdə də xüsusi vurğulanıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan İslam ölkələri ilə, o cümlədən Fələstin Dövləti ilə münasibətlərə həmişə xüsusi diqqətlə yanaşıb və bu gün də bu siyasəti davam etdirir: “Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsi bunun bariz nümunəsidir”.

Qeyd edək ki, Azərbaycan hər zaman Fələstin məsələsinə həssaslıqla yanaşıb və Fələstin Dövləti ilə əlaqələrin qurulmasına önəm verib. Fələstinlə Azərbaycan arasında ilk diplomatik əlaqələr 1992-ci ilin aprel ayında qurulub. Həmin dövrdən Azərbaycanda Fələstin Dövlətinin diplomatik nümayəndəliyi yaradılıb və bugünədək fəaliyyət göstərir.

Burada onu da xatırladaq ki, 2017-ci il dekabrın 13-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev şəxsən iştirak etmiş və məsələ ilə bağlı dərin məzmunlu çıxış etmişdir. Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı bir tərəfdən Azərbaycanın İslam həmrəyliyinə göstərdiyi diqqət, digər tərəfdən isə Fələstinə qarşı həssaslığın bariz nümunəsidir. Dövlət başçımızın sözügedən tədbirdəki çıxışı Fələstin Dövlətinin rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir.

Azərbaycan-Fələstin münasibətlərinin daha yüksək səviyyədə olması 2011-ci ilin 28-29 iyun tarixlərində Fələstin Prezidenti Mahmud Abbasın Azərbaycana rəsmi səfərindən sonra daha geniş müşahidə edilməkdədir. Onu da qeyd edək ki, bu səfər Fələstin Prezidentinin Azərbaycana ilk səfəri kimi tarixi əhəmiyyət daşıyır. Bundan sonrakı dövrdə iki dövlət arasında rəsmi münasibətlər daha da genişlənmişdir.  2013-cü ilin 21 aprel tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstində də olmuş, burada əhəmiyyətli görüşlər keçirmişdir.

Məhz bu münasibətlərin nəticəsidir ki, Fələstin diplomatlarının geniş tərkibli görüşü Azərbaycanın paytaxtı Bakıda təşkil edilmişdir. Noyabrın 5-də Fələstin Dövlətinin 27 Asiya dövlətindəki səfirlərinin toplantısı Fələstinin rəsmi şəxslərinin iştirakı ilə paytaxtımızda keçirilmişdir.  Tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin Xarici İşlər Nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olunmuş 27 səfiri, Fələstin xarici işlər nazirliyinin diplomatları ölkəmizə səfər etmişlər. Tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Bu, ölkəmizinbeynəlxalq aləmin gündəmində olan məsələlərin həllinə verdiyi töhfə, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimad və hörmətin təzahürüdür.

Azərbaycan Fələstin problemində beynəlxalq hüququn prinsiplərinə istinad etməyin tərəfdarıdır. Ölkəmiz Şərqi Əl-Qüds paytaxt olmaqla, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları və qətnamələri əsasında həllini dəstəkləyir. Bu da Azərbaycanın bütün məsələlərdə hüququn aliliyi nöqteyi-nəzərindən obyektivlik nümayiş etdirməsi kimi qəbul edilir.

Burada onu da vurğulayaq ki, sözügedən tədbir Fələstinlə bağlı Azərbaycanda ilk belə hal deyil. Əvvəlki illərdə də ölkəmiz Fələstinlə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. 2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində “Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım üçün “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər də Bakıda keçirilmişdir. Bundan başqa, yenə 2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi etmişdir.

Azərbaycanın Fələstinlə münasibətləri yalnız diplomatik-siyasi müstəvi ilə məhdudlaşmır. Ölkəmiz Fələstin xalqının çətin günlərində hər zaman onun yanında olmuş və İslam həmrəyliyinə sadiqliyini praktiki olaraq nümayiş etdirmişdir. Azərbaycan ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım etmişdir. Bundan başqa, 29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülmüşdür.

Bütün bunlarla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan Fələstin məsələsinə hər zaman diqqətlə yanaşır. Bu ilin aprel ayında Azərbaycanda Qoşulmama Hərəkatına üzv dövlətlərin nazirlərinin aralıq toplantısı keçirilmişdir. Toplantı çərçivəsində Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər Komitəsinin iclası gerçəkləşdirilmişdir. Qeyd edək ki, Qoşulmama Hərəkatının gündəliyində Fələstin məsələsi xüsusi yer tutur. Gələcək illərdə də Azərbaycan Fələstin məsələsinin beynəlxalq gündəmdə qalmasına diqqət yetirmək imkanında olacaq. Məlumdur ki, ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Sözsüz ki, bu dövrdə də Azərbaycan İslam həmrəyliyi prinsiplərinə sadiqliyini nümayiş etdirəcək.

Taleh Turqut, “İki sahil”