06 noyabr 2018 14:26
1795

Ermənistanın oyuncaq hökumətinin təhlükəli “oyunları”

“Ermənistanda parlamentin buraxılması üçün yeganə vasitə baş nazirin namizədliyinin iki dəfə irəli sürülməsi və seçilməməsi idi. Nəticə istənilən kimi oldu. Bu hadisə onu göstərdi ki, Ermənistan parlamenti də, hakimiyyəti də oyuncaqdır”. Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu ölkədə baş verən hadisələr ölkə rəhbərlərinin  qəbul etdikləri konstitusiya ilə istədikləri formada oynaya biləcəyini göstərdi: “Ermənistanda baş verən hadisə demokratiyaya, insan haqlarına, seçicilərin hüquqlarına böyük sayğısızlıqdır. Bu prosesdən sonra dekabr ayında keçiriləcək seçkilərdə Paşinyan müəyyən üstünlük əldə edəcək. Amma bu, Ermənistanda baş verən hadisələrin sonu olmayacaq. Çünki qarşı tərəfin əlində ciddi kapital cəmləşib və bu, Paşinyan və tərəfdarlarına qarşı çevrilə bilər. Çox güman ki, “Dağlıq Qarabağ klanı”  da Paşinyanın hakimiyyətdə olması ilə barışmayacaq. Bu, onların özünümüdafiə instinktindən irəli gələn haldır. Çünki Paşinyan hakimiyyətə gələndən sonra siyasi rəqiblərinə qarşı çox ciddi repressiyalara başlayacaq. Bu repressiyalara qarşı adekvat tədbirlərin həyata keçiriləcəyi də istisna deyil. Digər məqam Paşinyanın xarici siyasəti ilə bağlıdır. Hələ ki onun xarici siyasətinin prioritetləri də bəlli deyil. Həm Qərb, həm Rusiya tərəfindən ona basqıların olacağı gözləniləndir. Hər halda Ermənistanda yaxın gələcəkdə siyasi sabitlik baş verməyəcək”.

Elçin Mirzəbəyli Ermənistandakı mövcud siyasi gərginliyin Dağlıq  Qarabağ probleminin həlli prosesini yubadacağı ilə bağlı fikirlərlə razılaşmadığını deyib: “Lavrovun “Ermənistanda siyasi sabitlik bərpa edilməyənə qədər Dağlıq Qarabağ münaqişəsində irəliləyişin baş verməsi mümkün deyil” şəklində ifadəsi doğru deyil. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkənin xarici işlər naziri tərəfindən belə bir ifadənin dilə gətirilməsi kökündən yanlışdır. Bəlkə Ermənistanda on illərlə siyasi sabitlik bərpa edilmədi və hazırkı proses ona doğru gedir. Biz illərlə Azərbaycanla üz-üzə oturacaq siyasi hakimiyyətin formalaşacağını gözləyə bilmərik. Fikrimcə, Ermənistana çox qısa zaman kəsiyi vermək lazımdır. Bununla da Paşinyan və Ermənistandakı siyasi monipulyatorlar təhlükənin real olduğunu görsünlər. Azərbaycan diplomatiya sahəsində üzərinə düşən işləri yüksək səviyyədə yerinə yetirir. Ermənistanın ən çox güvəndiyi İran belə sonuncu dəfə Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin görüşündə ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğuladı. Bu, ciddi əhəmiyyət kəsb edən faktordur. Bununla yanaşı, Azərbaycan Ermənistandakı vəziyyətin necə olmasından asılı olmayaraq, Minsk qrupu həmsədrlərindən Ermənistana qarşı sülhə məcburetmə tədbirlərini həyata keçirməyi tələb edir.”  

Siyasi ekspertin də qeyd etdiyi kimi, təbii ki, Ermənistan tərəfi vaxtı kifayət qədər uzatmağa, mövcud status-kvonunun saxlanmasına  çalışacaq. Bu, sabiq dövlət başçılarının istifadə etdikləri siyasi fənddir. Ancaq Azərbaycanın və beynəlxalq təşkilatların getdikcə güclənən təsiri buna imkan verməyəcək. Ermənistanın indiyədək ortaya atdıqları bütün bəhanələr kəsilib. Ona görə də Ermənistanın yalnız bir yolu qalır: Azərbaycan ərazilərini işğaldan azad etmək.

Vəli İlyasov, “İki sahil”