06 noyabr 2018 15:26
1649

YAP Naxçıvan Şəhər Təşkilatı ötən 25 ildə uğurlu fəaliyyəti ilə seçilib

1992-ci ildə Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası (YAP) müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin olunması naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən partiya kimi yaradılıb. YAP Naxçıvan Şəhər Təşkilatının təsis konfransı partiyanın yaranmasından, təqribən, bir il sonra 1993-cü il noyabrın 5-də keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər YAP Naxçıvan Şəhər Təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli tədbirdəki çıxışında “Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının keçdiyi tarixi yol və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.

Bildirilib ki, təşkilatı hələ yaradılarkən artıq ciddi siyasi qüvvə kimi formalaşmış hesab etmək olardı. Belə ki, təsis konfransını 70 ərazi ilk təşkilatından seçilən 420 nəfər nümayəndə ilə keçirən Naxçıvan Şəhər Təşkilatı hələ o zaman öz sıralarında 5200 nəfər üzvü birləşdirirdi. 1993-cü ilin iyun ayında ölkədə siyasi hakimiyyət böhranı şəhər partiya təşkilatının təsis konfransını bir qədər yubatmışdı. Təşkilat təsis edilərkən ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilmiş, başqa sözlə, partiya çox qısa müddətdə müxalifət təşkilatından iqtidar partiyasına çevrilmişdi.

“2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ilin martında partiyanın III Qurultayında YAP-ın Sədri seçilən İlham Əliyev ona bəslənilən bütün ümidləri doğruldub. Dövlətimizin başçısının rəhbərliyi altında bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir”, – deyən Elman Cəfərli qeyd edib ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Vurğulanıb ki, zamanın sınağından uğurla çıxmış Heydər Əliyev siyasəti bu gün Naxçıvanda da qətiyyətlə davam etdirilir. Ötən illər muxtar respublikada da sürətli sosial-iqtisadi inkişaf və elmi-mədəni intibah dövrü kimi muxtariyyət tarixinin ən şanlı səhifəsini təşkil edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun muxtar respublikaya uğurlu rəhbərliyi ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə dönməz sədaqətin bariz nümunəsidir.

YAP Naxçıvan Şəhər Təşkilatının sədri diqqətə çatdırıb ki, inkişaf proseslərində YAP Naxçıvan Şəhər Təşkilatının üzvləri də yaxından iştirak ediblər. Hazırda 17 min 820 üzvü olan təşkilatın sıralarında 9 min 398 qadın, 10 min 850 gənc təmsil olunur. Təkcə son iki ildə təşkilatda partiyaya 2036 üzv qəbul edilib ki, bunların da 1180-i qadın, 1990-ı gənclərdir. YAP Naxçıvan Şəhər Təşkilatının 2 üzvü Azərbaycan Respublikası Milli Məclisinin, 19 üzvü isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Üzvlərin 2-si akademik, 5-i AMEA-nın müxbir üzvü, 26-sı elmlər doktoru, 162-si fəlsəfə doktorudur.

Məruzə ətrafında YAP Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva, təşkilatın Gənclər Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent Asəf Əliyev, YAP Naxçıvan Şəhər Təşkilatının Şura üzvü Könül Mirzəyeva çıxış edərək, əqidə həmkarlarına təbriklərini çatdırıblar.

YAP Naxçıvan Şəhər Təşkilatı İdarə heyətinin üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov YAP-ın keçdiyi uğurlu yola qısa nəzər salıb, təşkilat üzvlərini yubiley münasibətilə təbrik ediblər.

Tədbirdə bir qrup veteran partiya üzvünə YAP Naxçıvan Şəhər Təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələr verilib, partiyaya yeni qəbul olunmuş gənc üzvlərə partiya vəsiqələri və oxunması zəruri olan kitablar təqdim olunub.

Sonda tədbir iştirakçıları YAP-ın fəaliyyətinə həsr olunan filmə baxıblar.